Mobil versiya
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Tarix: 07-08-2026 | Saat: 14:00
Bölmə:Siyasət | çapa göndər

Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri regionda mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir vaxtda xüsusi diqqət çəkib. Rusiyaya səfərindən dərhal sonra Kiyevə yollanan XİN rəhbərimizin təmasları rəsmi Bakının balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursuna sadiqliyini bir daha nümayiş etdirir. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərini qoruyub saxlayır və bu əlaqələrin inkişafına mühüm önəm verir.

Ceyhun Bayramovun Kiyev səfərinin əsas mesajları nələrdir və bu diplomatik gediş region üçün hansı yeni siqnalları verir?
Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-a açıqlamasında qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və milli maraqlara əsaslanan münasibətlərin qurulmasıdır:

"Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyadan sonra Ukraynaya səfəri də məhz bu siyasətin ardıcıl şəkildə davam etdirildiyini göstərir. Hər iki səfər Azərbaycanın xarici siyasət kursunun hər hansı geosiyasi qarşıdurmanın tərəfi olmaq deyil, müxtəlif tərəfdaşlarla dialoqu davam etdirmək və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək prinsipinə söykəndiyini nümayiş etdirir. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə uzun illərdir formalaşmış siyasi, iqtisadi və humanitar münasibətlərə malikdir. Hər iki ölkə ilə əməkdaşlıq müxtəlif sahələri əhatə edir və Bakı bu əlaqələrin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsində maraqlı olduğunu ardıcıl şəkildə nümayiş etdirir. Mövcud mürəkkəb beynəlxalq şəraitdə bu yanaşma Azərbaycanın müstəqil və praqmatik diplomatiyasının mühüm göstəricilərindən biridir. Rusiya-Ukrayna müharibəsi fonunda bir çox dövlətlər üçün balanslı mövqe qorumaq asan olmasa da, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini, eyni zamanda bütün tərəflərlə dialoqu davam etdirmək iradəsini ortaya qoyur. Bu siyasət Bakıya həm regional, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməyə imkan verir".
Deputat onu da xüsusi olaraq vurğulayıb ki, Azərbaycan indiyədək Ukraynaya humanitar yardım göstərməklə yanaşı, enerji və infrastruktur sahələrində də əməkdaşlıq imkanlarını gündəmdə saxlayıb:

"Eyni zamanda Rusiya Azərbaycan üçün regionun əsas tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsi, nəqliyyat-logistika layihələri və digər istiqamətlərdə əməkdaşlıq iki ölkə münasibətlərinin vacib komponentləridir. Bu baxımdan, Azərbaycanın həm Moskva, həm də Kiyevlə yüksək səviyyəli siyasi təmasları çoxtərəfli xarici siyasət strategiyasının məntiqi davamıdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026