Mobil versiya
“WUF13: Azərbaycanın Qlobal Nüfuzunu Gücləndirən Beynəlxalq Platforma”
Tarix: 18-05-2026 | Saat: 16:32
Bölmə:Manşet / Siyasət / Ölkə | çapa göndər

“WUF13: Azərbaycanın Qlobal Nüfuzunu Gücləndirən Beynəlxalq Platforma”

Bu gün Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi növbəti mühüm, mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir. Ölkəmizin nəhəng beynəlxalq tədbirləri keçirmək üzrə böyük təcrübəsi var. Hər bir tədbirdə Azərbaycan nümunəsi yaradılır və növbəti tədbirlərdə ölkələr bu nümunədən istifadə edirlər. Müasir dünyamızda təkcə iqlim dəyişiklikləri ciddi problem deyil, eyni zamanda şəhərsalma ilə bağlı urbanizasiya problemləri çox böyük narahatlıq doğurur. Bu baxımdan, təcrübəyə, mövcud problemlərin həlli üçün fikir mübadiləsinə, çıxış yollarının tapılmasına böyük ehtiyac var. Azərbaycan da bu gün Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq sahəsində unikal addımlar atır.
Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, beynəlxalq təşkilat nümayəndələrinin, ekspertlərin və şəhərsalma sahəsində fəaliyyət göstərən mütəxəssislərin Azərbaycanda bir araya gəlməsi ölkəmizin beynəlxalq əməkdaşlıq üçün etibarlı platformaya çevrildiyini bir daha təsdiqləyir. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkəmizin diplomatiyasına və xarici siyasətinə mühüm dividendlər qazandırır.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, ilk baxışdan elə görünə bilər ki, Dünya Şəhər Forumu yalnız memarlıq və ya şəhərsalmaya yönəlib. Lakin bu gün urbanizm daha geniş bir anlayışdır. O, gələcək şəhərlər, sosial dayanıqlılıq, ekologiya, nəqliyyat təhlükəsizliyi, rəqəmsallaşma, miqrasiya, iqlim dəyişikliyi, sosial ədalət və münaqişədən sonrakı yenidənqurma mövzularını əhatə edir. WUF13 gələcək dünyasını müzakirə etmək üçün qlobal platformadır. Bu mötəbər tədbirin Azərbaycanda təşkili ilk növbədə siyasi baxımdan böyük əhəmiyyət daşıyır. BMT kimi nüfuzlu beynəlxalq təşkilatın belə mühüm forumu ölkəmizə etibar etməsi Azərbaycanın sabitlik, təhlükəsizlik və beynəlxalq tərəfdaşlıq baxımından güclü mövqeyə malik olduğunu nümayiş etdirir. Bu gün Azərbaycan regional və qlobal məsələlərin müzakirəsində fəal iştirak edən, beynəlxalq dialoq və əməkdaşlığa mühüm töhfələr verən dövlət kimi tanınır.
Forumun Azərbaycanın yumşaq gücünü gücləndirmək qabiliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu miqyaslı beynəlxalq tədbirlər həmişə ölkənin, onun mədəniyyətinin, investisiya potensialının, turizm cəlbediciliyinin və beynəlxalq əməkdaşlıq imkanlarının təşviqi üçün bir vasitədir. Azərbaycan qlobal ictimaiyyətə münaqişələr və ya regional qeyri-sabitlik prizmasından deyil, gələcəyə dair aydın strateji baxışa malik müasir, dinamik inkişaf edən bir dövlət kimi təqdim olunacaq.

Forum çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər qlobal miqyasda şəhərlərin inkişafı, dayanıqlı gələcəyin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə nüfuzlu beynəlxalq platformanın Azərbaycanda təşkili ölkəmizin qlobal təşəbbüslərdə fəal iştirakını, beynəlxalq dialoqa verdiyi töhfəni və dünya birliyi ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirir.
Digər tərəfdən, Ümumdünya Şəhərsalma Forumu Azərbaycana öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı yaradır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu baxımdan böyük əhəmiyyət daşıyır. Post-münaqişə dövründə həmin ərazilərin bərpası və müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsi olduqca zəngindir.

Millət vəkili xüsusilə diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi forum iştirakçıları tərəfindən maraqla qarşılanır. Bu isə Azərbaycanın müasir inkişaf modelinin və innovativ yanaşmalarının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, WUF13 yerli şirkətlər, mütəxəssislər və şəhərsalma sahəsində fəaliyyət göstərən qurumlar üçün də mühüm imkanlar yaradır. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla birbaşa əlaqələrin qurulması, qabaqcıl təcrübə və innovativ yanaşmalarla tanışlıq yerli potensialın inkişafına əhəmiyyətli töhfə verir. Bu cür beynəlxalq platformalar Azərbaycan şirkətlərinin və mütəxəssislərinin məhsul və xidmətlərini qlobal arenada təqdim etməsi, yeni əməkdaşlıq imkanları əldə etməsi və beynəlxalq layihələrdə iştirak perspektivlərini genişləndirməsi baxımından xüsusi önəm daşıyır. Eyni zamanda bu forum ölkəmizin insan kapitalının, peşəkar potensialının və müasir inkişaf yanaşmalarının beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Bu gün Azərbaycan təkcə regionun deyil, bütövlükdə daha geniş coğrafiyanın mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilməkdədir. BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi də məhz bu reallığın beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Əminliklə demək olar ki, WUF13 Azərbaycanın beynəlxalq imicinin daha da güclənməsinə, ölkəmizin qlobal təşəbbüslərdə fəal rolunun artmasına və dünya birliyi ilə əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-05-2026