Mobil versiya
1918-ci ilin mart soyqırımı milli kimliyimizin və yaddaşımızın ayrılmaz hissəsidir
Tarix: 31-03-2026 | Saat: 12:23
Bölmə:Siyasət | çapa göndər

1918-ci ilin mart soyqırımı milli kimliyimizin və yaddaşımızın ayrılmaz hissəsidir

1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş qırğınlar təkcə bir dövrün faciəsi deyil, bütövlükdə xalqımızın tarixi yaddaşında dərin iz buraxmış sistemli soyqırımı siyasətinin bariz nümunəsidir. Həmin hadisələr sübut edir ki, Cənubi Qafqazda geosiyasi maraqların toqquşduğu mürəkkəb bir şəraitdə erməni millətçi qüvvələri, xüsusilə daşnak ideologiyasını təmsil edən qruplar öz məqsədlərinə çatmaq üçün ən amansız və qeyri-insani üsullara əl atmaqdan çəkinməmişlər.

1918-ci ilin mart hadisələri zamanı Bakı şəhərində və ətraf bölgələrdə minlərlə günahsız azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Qadınların, uşaqların və yaşlıların belə bu vəhşilikdən kənarda qalmaması, yaşayış məntəqələrinin dağıdılması, tarixi və mədəni abidələrin məhv edilməsi bu cinayətlərin planlı və məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir. Bu, sadəcə silahlı toqquşma deyil, etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi.

Daşnak partiyasının ideoloji xətti öz mahiyyətinə görə radikal millətçilik və şovinist yanaşma üzərində qurulmuşdur. Onların həyata keçirdiyi siyasət faktiki olaraq faşist metodlarını xatırladırdı: fərqli etnik və dini kimliyə malik insanların fiziki məhvinə yönəlmiş sistemli zorakılıq, qorxu və terror vasitəsilə bölgədə demoqrafik vəziyyəti dəyişmək cəhdləri bu siyasətin əsas xüsusiyyətləri idi. Bu baxımdan, 1918-ci ilin mart qırğınları yalnız Azərbaycan tarixinin deyil, ümumilikdə bəşəriyyətin yaddaşında qara ləkə kimi qiymətləndirilməlidir.

Təəssüf ki, uzun illər ərzində bu hadisələrə obyektiv siyasi-hüquqi qiymət verilməsi mümkün olmamış, həqiqətlər beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmamışdır. Bunun əsas səbəblərindən biri sovet dövründə bu mövzunun qəsdən ört-basdır edilməsi, tarixi faktların təhrif olunması idi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu istiqamətdə mühüm addımlar atılmağa başlanmışdır. Xüsusilə Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərman bu məsələyə dövlət səviyyəsində verilmiş ilk fundamental siyasi-hüquqi qiymət kimi tarixə düşmüşdür. Həmin sənəd 1918-ci il mart hadisələrinin mahiyyətini açaraq, onların soyqırımı aktı kimi tanınmasının əsasını qoymuşdur. Bu fərman yalnız tarixi ədalətin bərpası istiqamətində deyil, həm də milli yaddaşın formalaşdırılması baxımından mühüm rol oynamışdır. Sonrakı illərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mart soyqırımı ilə bağlı həqiqətlər beynəlxalq platformalarda daha geniş şəkildə səsləndirilməyə başlamışdır. Elmi tədqiqatlar, arxiv materiallarının üzə çıxarılması, müxtəlif dillərdə nəşrlər və informasiya kampaniyaları vasitəsilə dünya ictimaiyyətinə bu faciənin real miqyası və mahiyyəti çatdırılır.

Bu gün 1918-ci ilin mart soyqırımı yalnız tarix dərsi deyil, həm də milli kimliyimizin və yaddaşımızın ayrılmaz hissəsidir. Bu faciənin unudulmaması, onun siyasi və hüquqi müstəvidə tanıdılması istiqamətində aparılan mübarizə Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Tarixi həqiqətlərin bərpası isə yalnız keçmişə hörmət deyil, həm də gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün mühüm zəmanətdir.

Qurban Qaraisayev,
YAP Balakən rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-03-2026