Mobil versiya
"Eşitmişəm, dönəcəyik Göyçəyə!" – Sevda Yusifqızının yaradıcılıq gündəliyi Şəmsi QOCAnın təqdimatında
Tarix: 20-03-2026 | Saat: 18:28
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan | çapa göndər

"Eşitmişəm, dönəcəyik Göyçəyə!"

Göyçə mahalının füsunkar təbiətindən, Ağbulaq kəndinin buz bulaqlarından boy verən bir poetik səs — Sevda Yusifqızı. Onun şeirləri sadəcə misraların düzümü deyil, otuz ildən artıq bir zaman kəsiyində qəlbdə gəzdirilən yurd həsrətinin, Göyçə nisgilinin və sarsılmaz Vətən eşqinin bədii təcəssümüdür. Sevda xanımın yaradıcılığı oxucunu Ağbulağın çiçəkli yamaclarına, Şahdağın vüqarlı zirvələrinə və uşaqlığımızın o saf, qayğısız günlərinə aparan mənəvi bir körpüdür.

ZEYNALOVA SEVDA YUSİF QIZI

Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Ali təhsillidir. Ailəlidir, iki oğul övladı var. Onun yaradıcılığı bütövlükdə doğma yurdun tərənnümünə və milli-mənəvi dəyərlərin qorunmasına həsr edilmişdir.

Şairənin "Bir az sevgidən danışaq" fəlsəfəsi ilə başlayan yaradıcılıq dünyası, əslində ən böyük sevginin — Torpaq və Vətən sevgisinin üzərində bərqərar olub. O, "Göyçə özü Məcnun olsun, Leyli olum mən" deyərkən, fərdi hissləri aşaraq bütöv bir mahala olan ilahi bağlılığını ifadə edir. Bu şeirlərdə Göyçə təkcə bir coğrafi məkan deyil, ruhun sığındığı ocaq, pir və müqəddəs bir yaddaş abidəsidir. Müəllif "Yuxuma gəlmişdi kəndimiz" deyərək keçmişin xatirələrini vərəqləyir; nənəsinin nehrə çalxalamasından tutmuş, kəndin toylarındakı "toy babası"na, sağdış-soldış adətlərinə qədər hər bir detalı böyük bir həssaslıqla qələmə alır. Bu təsvirlər o qədər canlı və səmimidir ki, oxucu sanki Ağbulağın "Məscid döşü"ndəki cığırlarla addımlayır, "Dürlü" və "Qotur" bulaqlarının sərinliyini hiss edir.

Sevda Yusifqızının poeziyasında Göyçə aşıq mühitinin, Ələsgər ocağının təsiri aydın duyulur. O, Aqilin, İmranın, Eldarın, Mahmudun adını ehtiramla çəkir, sazın və sözün ucalığını öz misralarının mərkəzinə qoyur. Onun dili xalq dilinin şirəsindən su içir; gicitkan, nallıca, ələyəz kimi bitki adları, "Dik daş", "Sarılar" kimi yer-yurd adları şeirlərinə xüsusi bir etnoqrafik rəng qatır. Şairə özünü "Vətəndə qəriblik çəkən Sevda" kimi təqdim etsə də, onun ruhu hələ də Göyçənin dördnala çapılan süvarisidir.

Bu təqdimatda yer alan hər bir şeir bir qayıdış ümididir. "Eşitmişəm dönəcəyik Göyçəyə" misrası Sevda xanımın və bütün göyçəlilərin ən böyük duası, sönməyən inamıdır. O, Ağbulağı "Tanrıdan yaranan sirr" adlandırır və Mirəli babanın duaları ilə qorunan bu ocağın bir gün mütləq doğmalarına qucaq açacağına inanır. Sevda Yusifqızının poeziyası həm bir həsrət nəğməsi, həm də gələcək xoş günlərin müjdəçisidir. Bu kövrək, lakin məğrur misraları oxuduqca bir daha əmin oluruq ki, yaddaşlarda yaşayan Vətən heç vaxt itirilmiş sayılmır.



BİR AZ SEVGİDƏN DANIŞAQ

Hər bir kəsə gərəkdir o,
Könüldür o, ürəkdir o,
Bərəkətli çörəkdir o,
Əkək, səpək dən, danışaq,
Bir az sevgidən danışaq.

Ümmanında üzə-üzə,
Qanad verək saza-sözə.
Uca zirvə qəlbimizə,
Qoy düşməsin çən, danışaq,
Bir az sevgidən danışaq.

Meydanıma qanan gəlsin,
Yurdu canı sanan gəlsin.
Ağbulağı anan gəlsin,
Öyünməsin, tən danışaq,
Bir az sevgidən danışaq.

Yananların kül vaxtı var,
Ətirlərin gül vaxtı var,
Günün, ayın il vaxtı var,
Ömür keçsin şən, danışaq.
Bir az sevgidən danışaq.


Vətən, azad günün olsun,
Xəbər verən Cünun olsun.
Göyçə özü Məcnun olsun,
Leyli olum mən, danışaq,
Bir az sevgidən danışaq.

KƏNDİMİZ

Sən kövrək ömrümə şəfəq saçansan,
Günəşim, ulduzum, Ayım kəndimiz.
Xəyalımda hər vaxt çiçək açansan
Fanidə Cənnətə tayım kəndimiz.

Gəlib gedənlərə mayak " Dik daşın",
Gözümün üstündə çatılan qaşım.
Bəhrəli payızım, şaxtalı qışım,
Ətirli baharım, yayım kəndimiz.

Çöllərdə bitərdi ağzımın tamı,
Dərməyə çıxardı qız, gəlin hamı.
Gicitkan, nallıca , ələyəz, qımı,
Bir-bir xatırlayım, sayım kəndimiz.

Sözün Aqil, İmran, Eldar dadını,
Mahmudun, İmranın aşıq adını,
Sənin xoş gününə könlü şadını,
İstərəm dünyaya yayım kəndimiz.

Vətəndə qəriblik çəkən Sevdayam,
Dərdi sinəsinə çökən Sevdayam,
Adını qəlbimdə əkən Sevdayam,
Tanrıdan ən gözəl payım kəndimiz.




GÖYÇƏ DAĞLARINA

Dünya yaranandan möhtəşəm durub,
Bilinmir neçədi yaşı dağların.
Günəş sığallayıb, ildırım vurub,
Nələr çəkməyibdi başı dağların.

İntizar nişanı asıb boynundan,
Yığılıb boğaza düşmən oynundan.
Doğma insanları köçüb qoynundan,
Çatılıb qüssədən qaşı dağların.

Keçəm Sarılardan, ya Böyükdağdan
Çiyələk ətiri gələ uzaqdan.
İçəm sərin sulu Dürlü bulaqdan
Gələ gəlişimdən xoşu dağların.

Qədrini bilənə havası yetər,
Götür həsrətini ürəyinə sər.
Gülür, çarxatayı, qantəpər bitər,
Məlhəmdi torpağı, daşı dağların.

Çalınsın hər yanda Ələsgər sazı,
Gəlsin aşıqların şirin avazı.
Sevdayam, açılsın çiçəkli yazı,
Çəkilsin şaxtalı qışı dağların.



GÖYÇƏDƏ

Xəyalım yorulmaz süvari kimi,
Atını dördnala çapır Göyçədə.
Gah da yuxularda nəzir paylayır,
Ocaq, pir axtarır, tapır Göyçədə.

Yaş üstə yaş gəlir, gödəlir ömür,
Daha mən deyəni taqətim demir.
Arzular gah sola, gah sağa dönür,
Nabələd yolçutək sapır Göyçədə.

Beşdaş oynadığım yaşıdım qızlar
Yadıma düşdükcə ürəyim sızlar.
Köçgün qəlbimizi üşüdən buzlar,
Kövrək xatirələr yatır Göyçədə.

Canımda ağrılar, acılar sindi,
Gözümdə Ağbulaq həsrəti dindi.
Durub düşünürəm, görəsən indi,
Kimlər muradına çatır Göyçədə?

Sevdanın ruhunu asdığı-torpaq,
Balatək qoynuna basdığı-torpaq.
Yorğanı, döşəyi, yasdığı-torpaq,
Ulu babalarım yatır Göyçədə.

K Ə N D İ M İ Z

Ana-dedim, Vətən-dedim, dil açdım,
Sularına ovuc-ovuc əl açdım.
Bənövşənə, nərgizinə qoşulub,
Qucağında qönçələndim, gül açdım,
A seyrangah, a gülüstan kəndimiz.

Bulaqların neçə təşnə yuyubdu,
Lilparların kimsəsizlik duyubdu.
Günahkara cəza versin Haqq özü,
Əli sınsın kim ki, sənə qıyıbdı,
Varın-yoxun olub talan, kəndimiz.

Qurban olum deyən ağzı göyçəyə;
-Yol tapmışam bu dolaşıq düyçəyə.
İnan, yerə, göyə sığmır sevincim,
Eşitmişəm dönəcəyik Göyçəyə,
Olmayaydı kaş ki, yalan, kəndimiz.

Hey canlanır xəyalımda bir anlıq,
O son dəfə çıxdığımız toranlıq.
Dərd əkdiyim, qəm biçdiyim ta bəsdi,
Çəkiləcək başın üstdən qaranlıq,
Açılacaq üzünə dan, kəndimiz.

Gözlərimdə gəzdirmişəm elləri,
Ağartmışam qara qulac telləri.
Günlər, aylar olsa idi nə vardı,
Qucaqlayıb sənsiz keçən illəri,
Həsrət çəkir Sevda balan, kəndimiz.


G Ö Y Ç Ə

Xəyalım hər yanı gəzib dolaşdı,
Sən ey varlığımın rişəsi Göyçə.
Dilcan dərəsindən keçib yol aşdı,
Kövrək könüllərin şüşəsi Göyçə.

Özgə aləmi var dərənin, dağın,
Bülbül cəh-cəhindən dolar qulağın.
Məlhəmdi suları Soyuqbulağın,
Ana təbiətin nəşəsi Göyçə.

Səhər Ardanışda qarşıla danı,
Şahdağdan seyr elə bütün cahanı.
Ruhumun tükənməz sevgi ümmanı,
Qəlbimin məhəbbət guşəsi Göyçə.

Ulu dədələrin üzünün nuru,
İgid ərənlərin qolunun zoru
Toxulcanın yağı, Şorcanın şoru,
Qaraqoyunlunun meşəsi Göyçə.

Aşıq Müseyibin "Qara göz"üsən,
Köhlənləri yoran Cilin düzüsən,
Qan verən yaramın həmən özüsən,
Ağzına tikilən köşəsi Göyçə.

Neçə ağır ellər inləyir fənddə,
Güllər ətirsizdi Çəmbərəkənddə.
Qönçə bənövşələr titrəyir bənddə,
Olublar köksümün tişəsi, Göyçə.

Ağbulaq həsrətli qalan Sevdanın,
Salma gəl ömrünə talan, Sevdanın.
Səndən ayrı düşən balan sevdanın,
Buludtək dolmaqdı peşəsi Göyçə.




A Ğ B U L A Ğ I M

Başı Şahdağıdı, ətəyi Göyçə,
Bənzəri olmayan bir Ağbulağım.
Arısı insanlar, pətəyi Göyçə,
Tanrıdan yaranıb sirr Ağbulağım.

Yaşıl çəmənlidi, geniş çöllüdü,
Ətirli çiçəkli, əlvan güllüdü,
Şirin ləhcəlidi, tuti dillidi,
Dünyada ən gözəl yer Ağbulağım.

Hər qarış torpağı ulu soy haqlı,
Mehriban obalı, abad oymaqlı,
Qatıqlı, ayranlı, ballı, qaymaqlı,
Gövhər Ağbulağım, dürr Ağbulağım.

Sevdanın əvəzsiz yuvası olan,
Hər gecə gördüyü röyası olan,
Mirəli babanın duası olan,
Ocaq Ağbulağım, pir Ağbulağım.


YUXUMA GƏLMİŞDİ KƏNDİMİZ

Yuxuma gəlmişdi kəndimiz yenə,
Kol basmış yerləri tənha gəzirdim.
İllərlə üst-üstə yığılan dərdim
Bağrımın başını sıxıb əzirdi.

Atamın zəhmətlə tikib qirduğu,
Evimiz çağırır- gəl, gəl- deyirdi.
Yumru nehrəsini divardan asıb,
Nənəm gülümsəyib əl eləyirdi.

Dəlisov oğlanlar güləşmirdilər,
Gözümə dəymirdi qonşu qızları.
"Pəri", "Dürlü", "Qotur", "Gözə" bulaqlar
İtirib gör neçə qəlbi sızları.

Səssizlik bu kəndi əsir götürüb,
Yoxdu mağar yeri, toylar, nişanlar,
Nə sağdış bəzəyən oğlan, qız şaxı,
Nə əlində çubuq toybabası var.

Yeridim "Məscidin döşü"nə sarı
Yaman sevinirdi köhnə cığırlar.
Ağbulaq sevdalı ürəyim boyu
Həsrətin açdığı neçə cığır var.


Təqdim etdi: Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026