Mobil versiya
Zamanın hökmü və qürurun səsi yaxud Fəridə Ləmanın “Çağıdır” şeirinin poetik təhlili
Tarix: 25-02-2026 | Saat: 11:35
Bölmə:Özəl | çapa göndər

Zamanın hökmü və qürurun səsi yaxud Fəridə Ləmanın “Çağıdır” şeirinin poetik təhlili

Fəridə Ləmanı oxumaqdan, yaradıcılığını ruhuma, könlümə köçürməkdən doymuram. Ən gərgin vaxtlarımda belə onun bircə misrası yoluma işıq salır, çiynimdən yükləri götürür. Sanki Fəridə xanım mənimlə üz-üzə dayanıb təsəlli verir, qaranlıqları həzin və təmkinli, bacı nəvazişli səsi, könlünün saflığı ilə aydınladır. Hesab edirəm onu duyanların hamısı mənimlə razılaşar. Ötən gecə-ilk çərşənbəmizdə-şairə xanımın oxuduğum “Çağıdır” şeiri isə sanki bütün acılarıma, sızlayan ürəyimə məlhəm oldu...
Müasir Azərbaycan poeziyasında milli ruh, vətən sevgisi və mənəvi dirəniş motivləri xüsusi yer tutur. Fəridə Ləmanın “Çağıdır” şeiri də bu baxımdan diqqəti cəlb edən, emosional yükü və çağırış enerjisi ilə seçilən poetik nümunədir. Şeir həm fərdi duyğuların, həm də kollektiv taleyin ifadəsinə çevrilərək zamanın yetişdiyini, tarixi məqamın gəldiyini poetik dillə bəyan edir. Şeir qəriblik ovqatı ilə başlayır:

“Yaz da qərib olur, qərib ellərdə,
Düzlərin xalını salan çağıdır.”


Adətən yaz fəsli dirçəlişin, ümidin və sevincin rəmzidir. Lakin “qərib ellərdə” yazın belə qərib olması vətəndən ayrı düşməyin ağrısını göstərir. Burada yazın qəribliyi əslində insanın ruh halının təbiətə köçürülməsidir. Şairə Fəridə Ləman təbiət obrazı vasitəsilə həsrətin dərinliyini ifadə edir. Şeirdə milli-mənəvi yaddaşı oyadan mühüm obrazlardan biri saz motividir.

“Bir qara saz istər çalsın dərdimi,
Simlərin könlümü alan çağıdır.”


Saz türk dünyasında milli ruhun, xalqın tarixinin və dərdinin simvoludur. “Qara saz” epiteti isə kədəri, yanğını, dərdi daha da gücləndirir. Burada musiqi sadəcə sənət vasitəsi deyil, xalqın taleyini danışan mənəvi dilə çevrilir. Həsrət və əsarət motivi şeirin emosional qatını daha da dərinləşdirir:

“Əsir gəlinlər var, gözü yollarda,
Ahı qabar olub susub dillərdə.”


“Əsir gəlin” obrazı həm konkret, həm də simvolik məna daşıyır. Bu misralarda torpağın əsarəti, yurd yerlərinin intizarı ifadə olunur. “Ahın qabar olması” metaforası dərdin artıq fiziki ağrı səviyyəsinə çatdığını göstərir. Susmuş dillər isə səbrin son həddini bildirir. Şairə bütün bu ağrılara baxmayaraq ümidi itirmir.

“Bütün ümidlərim Allaha bağlı,
Deyəsən vüsalın gülən çağıdır.”


Burada ilahi ədalətə inam açıq şəkildə ifadə olunur. “Vüsalın gülən çağı” ifadəsi ayrılığın sona çatacağını, qovuşmanın yaxınlaşdığını bildirən poetik müjdədir. Şeirdə təbiət hadisələri də daxili coşqunun ifadə vasitəsinə çevrilir:

“Şaqqıyır göylərdə ildırım şaq-şaq,
Nə deyir dərədə çağlayan irmaq?!”


İldırım – qəzəb və gücün, çağlayan irmaq isə azadlıq və davamlı hərəkətin rəmzidir. Təbiət burada passiv fon deyil, hadisələrin fəal iştirakçısıdır. Hətta “Nur saçar bir azdan gülüzlü Çıraq” misrasında işıq obrazı qurtuluşun, ümidin və yeni başlanğıcın simvoluna çevrilir. Şeirin kulminasiya nöqtəsi isə açıq çağırış və mübarizə ruhu ilə ifadə olunur.

“Ehey ey igidlər, ehey, ey ərlər,
Düşmən çabalayır, ölən çağıdır.”


Bu misralarda nida və təkrar vasitəsilə ritmik çağırış yaradılır. Lirik qəhrəman artıq müşahidəçi deyil, xalqı səfərbərliyə səsləyən bir səsə çevrilir. Ən təsirli məqamlardan biri daxili qürur və qisas duyğusunun ifadəsidir.

“Bir qürur ağlayır hər gün içimdə,
Qeyrətim qisası alan çağıdır!”


“Qürurun ağlaması” paradoksal metaforadır. Burada həm ağrı, həm də ləyaqət duyğusu birləşir. Qeyrətin qisas alması isə mənəvi ədalətin bərpası anlamını daşıyır. Şeir “Xalqımın əbədi gülən çağıdır!” misrası ilə tamamlanır. Bu misra artıq fərdi hissin deyil, ümummilli sevincin və əbədi azadlığın poetik ifadəsidir. “Çağıdır” rədifinin hər bənddə təkrarı isə zamanın hökmünü, tarixi məqamın yetişdiyini vurğulayır.

Nəticə etibarilə, Fəridə Ləmanın “Çağıdır” şeiri qəriblikdən zəfərə doğru gedən mənəvi yolun poetik salnaməsidir. Burada lirik duyğularla epik çağırış birləşir, fərdi ağrı milli qürura çevrilir. Şairə zamanın səsini eşidən və onu poetik sözə çevirən bir qələm sahibidir. Bu şeir həm emosional təsir gücü, həm də ideya bütövlüyü ilə oxucunu düşündürən və ruhlandıran ədəbi nümunədir.

Sonda onu da deyim ki, əslində, gözəl söz gözəl ürəkdən doğur. Əgər Fəridə Ləmanın bu şerində dediyim istilik, səmimiyyət, hünər, poetik salnamə, lirik duyğular və inam hiss olunursa, bu, həm də şairə xanımın ürəyinin səsidir. Mən isə sadəcə Fəridə xanımın düşüncə dərinliyini və özümün estetik duyumumu deməyə çalışdım. Çünki söz yalnız deyənin deyil, anlayanın da sərvətidir.


Qalib Rəhimli.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026