Mobil versiya
Diplomun kölgəsində qalan peşəkarlıq: Təhsildə "nəzəriyyə uçurumu" və qlobal reallıqlar
Tarix: 20-02-2026 | Saat: 11:53
Bölmə:Manşet / Özəl / Təhsil / Yazar3 | çapa göndər

Diplomun kölgəsində qalan peşəkarlıq:

Müasir dövrün ən böyük paradokslarından biri budur: universitetlərimizin sayı artır, məzunlarımızın sayı hər il minlərlə ölçülür, lakin əmək bazarında "mütəxəssis tapmırıq" fəryadı daha ucadan eşidilir. Bu gün ali təhsil ocağını bitirən gənclərin qarşılaşdığı ən sərt divar — nəzəri biliklərin bolluğu ilə praktiki vərdişlərin yoxluğu arasındakı keçilməz uçurumdur. Bu problem sadəcə mühəndislik ixtisasına aid deyil; bu, iqtisadçıdan hüquqşünasa, pedaqoqdan tutmuş texnoloqa qədər hər bir sahəni saran sistemli bir böhrandır.

Universitet auditoriyaları illərdir ki, tələbəyə "nəyi bilmək" lazım olduğunu öyrədir, lakin "necə etmək" sualını cavabsız qoyur. Biz gənclərin yaddaşını düsturlarla, qanun maddələri ilə, iqtisadi terminlərlə doldururuq, amma onlara o düsturu həyatın hansı nöqtəsində tətbiq edəcəyini göstərmirik. Nəticədə, dörd illik zəhmətin sonunda gənc, əlində rəngli bir diplomla real iş dünyasının qapısını döyəndə özünü okeanın ortasına atılmış, amma üzmək qaydalarını yalnız kitabdan oxumuş birinə bənzədir.

Dünya təcrübəsinə nəzər salsaq, bu uçurumu necə qapatmağın uğurlu nümunələrini görə bilərik. Məsələn, Qərbdə, xüsusən Almaniyada tətbiq olunan "Dual Təhsil" sistemi tələbəni hələ ilk kursdan istehsalatın bir parçasına çevirir. Orada tələbə həftənin üç gününü zavodda, iki gününü isə auditoriyada keçirir. Nəticədə müəssisə diplomlu işsiz deyil, dəzgahın dilini bilən usta mütəxəssis qazanır.



Cənubi Koreya isə bu məsələdə "texnoloji sıçrayış" modelini seçib. Onlar təhsil proqramlarını hər 6 aydan bir sənayenin tələblərinə uyğun yeniləyirlər. Koreyalı tələbə üçün laboratoriya sadəcə təcrübə yeri deyil, gələcək iş yerinin kiçik bir modelidir. Çin təcrübəsi isə daha genişmiqyaslıdır; burada dövlət universitetləri nəhəng korporasiyaların daxilində fəaliyyət göstərir. Tələbə nəzəriyyəni oxuduğu binadan çıxıb cəmi bir neçə addım sonra o nəzəriyyənin tətbiq olunduğu konveyer xəttinə çatır. Bu ölkələr başa düşüblər ki, iqtisadiyyatın motorunu diplom yox, ixtisaslaşmış kadrlar fırladır.

Bizdə isə vəziyyət fərqlidir. Təhsil sistemimiz hələ də "informasiya ötürücüsü" rolundan çıxa bilməməsindədir. İnternetin və süni intellektin hökm sürdüyü bu dövrdə məlumat artıq bir toxunuş qədər yaxındır. Bu gün universitetin missiyası məlumat vermək deyil, o məlumatdan dəyər yaratmaq vərdişini aşılamaq olmalıdır. "Təcrübə" adlandırdığımız proses isə çox vaxt formal xarakter daşıyır. Tələbə müəssisəyə gedəndə onu "yük" kimi qarşılayırlar, o da sadəcə sənədə möhür vurdurub geri qayıdır. Beləliklə, təhsil və istehsalat iki ayrı sahil kimi bir-birindən uzaqlaşır, aradakı körpülər isə hələ də kağız üzərində qalır.

Çıxış yolu təhsilin fəlsəfəsini kökündən yeniləməkdədir. Universitet laboratoriyaları muzey eksponatları ilə deyil, sabahın texnologiyası ilə nəfəs almalıdır. İşəgötürənlər isə gənci sadəcə hazır kadr kimi göydən düşməsini gözləməməli, təhsil prosesinin bir parçasına çevrilməlidirlər. Hər bir universitet kafedrası bir istehsalat mərkəzi ilə, hər bir professor real sektorun mütəxəssisi ilə çiyin-çiyinə çalışmalıdır.

İllərini təhsilə həsr etmiş pedaqoq olaraq deməliyəm ki, biz gənclərə diplom yox, gələcək verməliyik. Diplom sadəcə bir kağız parçasıdır, mütəxəssislik isə o kağızın arxasında dayanan qabarlı əllər və çevik zəkadır. Əgər təhsil sistemimiz "diplomlu işsizlər" deyil, "bacarıqlı mütəxəssislər" yetişdirmək istəyirsə, nəzəriyyənin quru divarlarını söküb, praktikanın canlı havasını auditoriyalara gətirməlidir. Gəncliyin enerjisini masalar arxasında dondurmayaq, onlara yaratmaq və qurmaq imkanı verək. Çünki millətin gələcəyi nə qədər bildiyimizlə deyil, nələri bacardığımızla ölçülür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026