Mobil versiya
Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı: Qlobal Siyasətdə Yeni Geosiyasi Konfiqurasiya
Tarix: 12-02-2026 | Saat: 11:24
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı: Qlobal Siyasətdə Yeni Geosiyasi Konfiqurasiya

Dünya siyasətində dövlətlərarası münasibətlərin səmərəli və davamlı olması yalnız qarşılıqlı etimad, dialoq və qarşılıqlı maraqların hüquqi və institusional çərçivədə təmin olunması ilə mümkün olur. Bu baxımdan diplomatik xartiyalar dövlətlərarası münasibətlərin analitik təhlilində mühüm vasitə hesab oluna bilər. Onlar yalnız iki və ya bir neçə ölkə arasında siyasi və hüquqi əlaqələri tənzimləmək məqsədi daşımır, həmçinin beynəlxalq hüququn, qlobal diplomatiyanın və regionlararası sabitliyin nəzəri və praktik alətini təşkil edir. Belə xartiyalar vasitəsilə dövlətlər suverenlik hüququnu qoruyur, strateji tərəfdaşlığı möhkəmləndirir, regional və qlobal stabilliyi təmin edir və iqtisadi inkişaf üçün əlverişli şərait yaradır.

Azərbaycan nümunəsində bu məsələ xüsusilə əhəmiyyətlidir. Müstəqilliyini bərpa etdikdən sonra ölkə həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi öz mövqeyini gücləndirmək ehtiyacı ilə üzləşmişdir. Bu istiqamətdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət strategiyası, eləcə də Prezident İlham Əliyevin həmin kursu müasir geosiyasi reallıqlara uyğun şəkildə davam etdirərək daha da zənginləşdirdiyi çoxvektorlu və praqmatik diplomatik xətt mühüm rol oynamışdır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslı diplomatiya modelini tətbiq etmiş, həm Qərb, həm də digər geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətləri qurmuşdur. Strateji tərəfdaşlıq sənədləri, o cümlədən ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, məhz bu ardıcıl və konseptual siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər.

Bu sənəd iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, Cənubi Qafqaz regionunda geosiyasi balansın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə verilən dəstək beynəlxalq hüququn əsas prinsiplərinə söykənir və ölkənin diplomatik mövqeyini daha da gücləndirir.

Bu prosesdə yalnız prezidentlər səviyyəsində deyil, ABŞ administrasiyasının ali rəhbərliyi səviyyəsində də siyasi iradənin nümayiş etdirilməsi diqqətəlayiqdir. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin regional təhlükəsizlik, enerji əməkdaşlığı və demokratik institutların inkişafı ilə bağlı bəyanatları və diplomatik təmasları Azərbaycan–ABŞ münasibətlərinin strateji mahiyyətini təsdiqləyən amillərdən biri kimi çıxış edir. Vitse-prezident institutu ABŞ siyasi sistemində icraedici hakimiyyətin əsas dayaqlarından biri olduğundan, bu səviyyədə verilən siyasi mesajlar tərəfdaşlığın institusional və davamlı xarakter daşıdığını göstərir.

Xartiyalar, xüsusilə ABŞ və digər strateji tərəfdaşlarla imzalanan sənədlər, Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınmasını, enerji və ticarət dəhlizlərinin təhlükəsizliyini, habelə regional stabilliyin təmin olunmasını təmin edən hüquqi və siyasi çərçivə yaradır. Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyi bu sənədlərin siyasi məzmununu daha da gücləndirmişdir. Onun rəhbərliyi ilə aparılan enerji diplomatiyası, xüsusilə Cənub Qaz Dəhlizi, Transxəzər əməkdaşlıq təşəbbüsləri və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, ölkəni qlobal enerji xəritəsində strateji aktora çevirmişdir. Bu baxımdan Strateji Tərəfdaşlıq Xartiyası yalnız rəsmi sənəd kimi deyil, həm də dövlət başçısının formalaşdırdığı uzunmüddətli strateji baxışın institusional ifadəsi kimi qəbul edilməlidir.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda regional sabitliyi təmin etmək və qonşu ölkələrlə strateji əməkdaşlığı gücləndirmək məqsədini daşıyan çoxşaxəli platformadır. Bu sənəddə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı xüsusi vurğulanır. Cənab Prezidentin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bu müddəaların beynəlxalq sənədlərdə əks olunması Azərbaycanın diplomatik nailiyyəti kimi qiymətləndirilə bilər. ABŞ-nin dəstəyi Azərbaycanın diplomatik çəkisini gücləndirir və region dövlətlərinə Azərbaycanın strateji əhəmiyyəti barədə aydın mesaj verir.

Xartiyada nəzərdə tutulmuş TRIPP marşrutu və Orta Dəhliz layihələri yalnız iqtisadi təşəbbüslər deyil, həm də strateji və geosiyasi vasitələr kimi qiymətləndirilməlidir. Bu layihələr Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi ilə formalaşmış nəqliyyat və logistika strategiyasının tərkib hissəsidir. Azərbaycan son illərdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilmişdir. Orta Dəhlizin inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolu, Xəzər üzərindən tranzit imkanlarının genişləndirilməsi ölkənin regional tranzit və enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmişdir. Bu siyasət yalnız iqtisadi dividendlər yaratmır, həm də geosiyasi təsir imkanlarını artırır və regional inteqrasiyanı təşviq edir.

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın Ermənistanla münasibətlərində də mühüm siqnallar ehtiva edir. Prezident İlham Əliyevin sülh gündəliyini irəli sürməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə dəstək verməsi, eyni zamanda milli təhlükəsizlik məsələlərində prinsipial mövqe nümayiş etdirməsi balanslı güc siyasətinin təzahürüdür. Bu yanaşma beynəlxalq münasibətlər nəzəriyyəsində “realist-pragmatik model” kimi xarakterizə oluna bilər. Yəni dövlət öz milli maraqlarını qoruyur, lakin eyni zamanda regional sabitlik və əməkdaşlıq üçün platforma yaradır. Strateji Tərəfdaşlıq Xartiyası da bu siyasətin beynəlxalq dəstək mexanizmi kimi qəbul edilir.

Elmi-strateji baxımdan, Xartiyanın enerji və texnologiya sahəsindəki əməkdaşlığı resurs diplomatiyası və innovasiya iqtisadiyyatı modelləri ilə izah oluna bilər. Dövlət başçımızın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal transformasiya ilə bağlı təşəbbüsləri bu əməkdaşlıq üçün zəmin yaratmışdır. Neft, qaz, elektrik və alternativ enerji sahələrində layihələr Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi dayanıqlığının davamlı təminatçısı kimi çıxış edir. Eyni zamanda süni intellekt, rəqəmsal infrastruktur və tədqiqat-inkişaf sahəsində əməkdaşlıq ölkəni innovativ inkişaf modelinə inteqrasiya edir. İnsan kapitalının gücləndirilməsi, təhsil və texnoloji tərəfdaşlıq uzunmüddətli perspektivdə Azərbaycanın strateji müstəqilliyini daha da möhkəmləndirir.
Xartiya müdafiə, kibertəhlükəsizlik, antiterror və humanitar minatəmizləmə fəaliyyətlərini də əhatə edir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu və təhlükəsizlik strategiyası bu əməkdaşlığın effektivliyini artırır. Kooperativ təhlükəsizlik modeli baxımından bu sahədə əməkdaşlıq qarşılıqlı etimadın və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir. İşçi qrupları, yol xəritələri və müntəzəm siyasi dialoq mexanizmləri diplomatiyanın institusional davamlılığını təmin edir. Dövlət-özəl tərəfdaşlıq mexanizmləri isə iqtisadi və texnoloji layihələrin praktik cəhətdən reallaşmasına şərait yaradır.

Azərbaycan üçün Strateji Tərəfdaşlıq Xartiyasının faydaları çoxşaxəlidir və bu faydaların reallaşmasında Prezident İlham Əliyevin strateji baxışı həlledici rol oynayır. Bu sənəd Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə təsdiqləyir, diplomatik çəkisini artırır və regional liderlik mövqeyini gücləndirir. TRIPP və Orta Dəhliz layihələri ölkəni Avrasiya məkanında əsas tranzit qovşağına çevirir. Enerji və texnologiya əməkdaşlığı iqtisadi şaxələndirməni sürətləndirir və Azərbaycanı innovasiya yönümlü inkişaf modelinə yaxınlaşdırır. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq isə regionda güvənlik balansını qoruyur və sabitliyə töhfə verir.

Beləliklə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası yalnız ikitərəfli əməkdaşlıq sənədi deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış müasir Azərbaycanın xarici siyasətinin strateji arxitekturasının tərkib hissəsidir. Bu sənəd ölkənin regional liderlik ambisiyalarını, enerji və tranzit potensialını, texnoloji inkişaf prioritetlərini və təhlükəsizlik strategiyasını vahid platformada birləşdirir. Elmi və siyasi təhlil baxımından Xartiya Azərbaycanın beynəlxalq sistemdə mövqeyini möhkəmləndirən, çoxşaxəli və uzunmüddətli strateji inkişaf konsepsiyasının institusional ifadəsi kimi qiymətləndirilə bilər.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2026