Mobil versiya
BŞTİ-nin həmkarlar dastanı: Bakıdakı məktəbin direktorundan Qazaxdakı məktəb direktoru olan rəfiqəsinə məktub
Tarix: 14-01-2026 | Saat: 15:10
Bölmə:Gündəm / Ölkə / Özəl / Təhsil | çapa göndər

BŞTİ-nin həmkarlar dastanı:

Salam, əziz həmkarım!
Sən orada Qazaxda xəngəl kəsib, təmiz hava alıb rahat oturubsan, elə bilirsən Bakıda biz "modern" təhsilin şah damarıyıq. Vallah, bajı, Bakıdan baxanda bura təhsil ocağı yox, idarəçilərin hesabat toplama poliqonuna, Excel cədvəllərinin istehsalat sexinə bənzəyir. Gəl, sənə bu paytaxtın "dadlı-duzlu" (yeri gəlmişkən, o duzdan heç yerdə tapılmır) dərdlərini danışım, gör başımıza nə oyunlar gəlir.

Bilirəm, sən orada hələ də uşaqlara "bilik" verirsən, amma biz burada 2026-cı ilin acı reallığını yaşayırıq: Təhsil sisteminə darşmış qeyri-pedaqoji o "yeni nəsil darğalar" (Şəmsi Qoca demişlkən “London çocuqları”) məktəbi elə idarə edirlər ki, adamın bağrı çatlayır. Sinif otağı tədris mərkəzi olmaq funksiyasını itirib. Müəllim artıq şagirdin intellektual inkişafı ilə deyil, bitmək bilməyən elektron platformalara məlumat daxil etmək, mənasız hesabatlar hazırlamaq və rəhbərliyin piar maraqlarına xidmət edən formal tədbirlərdə əl çalmaqla məşğul olur. Akademik sərbəstlik axtarmaq isə Duzdağda banan ağacı axtarmaq kimi bir şeydir – sənədlərdə hər şey "okey"dir, amma reallıqda "profilaktika gedir". İndi isə sənə söz verdiyim dastanı danışım:

I BOY: Ac iftarlar və "zümrüd" hesabatlar

Amma məsələ təkcə "kağız-kuğuz" deyil, ay bajı. Bizim burada bir BŞTİ Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc xanım Quliyevamız (Rəsullu) var, vallah, əsl sehrbazdır! Keçən il Ramazan ayında biz direktorlar və müavinlər üçün "iftar" süfrəsi açdı. Amma nə iftar? Müəllimlər oruc ağızla gəldilər, oruc ağızla da getdilər. Süfrədə elə bir "bərəkət" oldu ki, mömin müəllimlər ac-susuz evə qayıdanda hələ də iftar edib-etmədiklərinə şübhə edirdilər. Amma hesabatda? Hesabatda elə bil hər müəllimə bütöv quzu kababı verilib, o qədər pul silinib ki, idarə müdiri belə rəqəmləri görəndə mat qalıb. İndi yenə Ramazan gəlir, Allah müəllimlərin mədəsinə qüvvət, Sevinc xanımın hesabatlarına isə bərəkət versin.

II BOY: "Kitay" ipəyi və yubiley sərfəsi

Yaxud o məşhur yubiley tədbirləri... Sevinc xanım o qədər "qayğıkeşdir" ki, hətta onun təşkilatına heç bir dəxli olmayan müəllimləri də yubiley bəhanəsi ilə başına yığır, onlara Fəxri fərman, hətta hədiyyə belə paylayır. Orada isə başqa bir dram yaşanır: "Azərbaycan kəlağayısı" adı ilə qadın müəllimlərə elə "kitayski" şərflər paylanılır ki, adamın rəngi o sintetikaya baxanda çıxır. Hesabatda bəlkə də "Şəki ipəyi" yazılıb, amma müəllimin boynuna dolanan o Çin möcüzəsi ilk yumada Həmkarların bütün yalanlarını üzə çıxarır. O şərflərə nə qədər pul silindiyini bilsəniz, yəqin o pulla bütün Çin səddini kəlağayıya bükmək olardı.

III BOY: Direktorun "islahat" təklifi — 3 faiz!


Mən Sevinc xanıma o gün açıq bir müraciət elədim. Vallah, dedim, artıq dözə bilmirəm! Hər ay müəllimin, müavinin maaşından o faizi kəsəndə utanıram. Yox, kəsildiyi üçün yox ha, o faiz o qədər azdır ki, sizin kimi "genişmiqyaslı" tədbirlər görən bir xanım üçün o rəqəm, sadəcə, təhqirdir. Bir faiz nədir? Bu bahalıqda, bu inflyasiyada bir faizlə heç "Naxçıvan duzu" (əgər tapsanız) alıb süfrəyə qoymaq olmaz, siz isə bu pulla az qala "İpək yolu" festivalı keçirirsiniz.

Gəlin bu məsələni kökündən həll edək: O faizi qaldırın, eləyin iki, lap üç faiz! Qorxmayın, Sevinc xanım, arxanızda biz direktorlar ordusu var. Bizim bu qəpik-quruşa ehtiyacımız yoxdur, Allaha şükür, "yollarını" bilirik, dolanırıq. Müavinlərin də ağzını yummuşuq, göz ağartmışıq ki, "ağrımayan başımıza duz bağlamayın, səs çıxaranın dərs saatını kəsərik". Onlar da quzu kimi sakitdirlər. Müəllim deyil ki, sosial şəbəkədə "haqqım yeyildi" deyib hay-həşir salsın. Bizim sistemdə "it hürər, karvan keçər" prinsipi işləyir, sizin karvanın yükü isə bir faizlə çox yüngül qalır. Üç faiz kəsin ki, heç olmasa "Dubay malı" bir şeylər alaq, müəllim yazıq da elə bilsin ki, həqiqətən kəlağayı taxıb.

IV BOY: 70-in "ç"-si və sədaqət ayini

Bajın ölsün a bajı, məncə, Sevinc xanım mənim bu məktubumdan məst olacaq. Nöşün ki, mən onun yaxşılığını istəyirəm. Amma bir nöqsanı var bizim Sevinc xanımın, o da məni bir az qorxudur. Bax, iraq-iraq, əgər mən rəhbərliyin gözündən düşsəm və məni vəzifədən çıxarmaq istəsələr, mən də "həpəndi" kimi ayağımı dirəyib könüllü getməsəm, rəhbərlik Sevincə bir məktub yazacaq ki: "Bəs nə deyirsən? Bu həmkarımızı Maddə 70-in 'ç'-si ilə çölə atmaq istəyirik".

İnanırsan, gözünə döndüyüm nəinki "hə" deyəcək, hətta əmrin layihəsini də həmkarlar iclasından qabaq yazıb hazır qoyacaq. "Xala xətrin qalmasın" deyə bir dənə də iclas yapıb, dərhal qərar da verəcək. Bax, bu "sadiqliyi" məni bir az narahat eləyir. Amma day nə edək, təklifimi vermişəm, Allah xeyirli eləsin. Sevinc xanımın əli pulla oynasın, bəlkə belə "fəlakət" gələndə məni müdafiə eləmək yadına düşdü... hərçənd çətin məsələdir.
Hə, bir də qulağıma dəyib ki, Respublika Həmkarlar İttifaqı Sevincin işini yoxlamaq istəyir. Yalandırsa, düz olsun, amma deyəsən o "kitay" şərflərin rəngi yuxarıya qədər gedib çıxıb. Görək bu "iftar"ın axırı hara gedir.

Hə bir də yadıma nə düşdü. Bizdə bir yaxşı ədəbiyyat müəllimi var. Həm də gözəl dualar yazır. Bu il də qarşıdan gələn Ramazan ayı üçün əntiqə bir dua yazıb. Sabah aparıb verəcəm Sevinc xanıma. Baxma da, xeyri olmasa da ziyanı da olmaz. Qabaqdan Ramazan ayı gəlir.

EPİLOQ: Müəllimin "yeni Ramazan" duası


İlahi, sən bizim səbrimizi "Naxçıvan duzu" kimi yoxa çıxarma, amma dərdimizi o duzdan daha "şor" elə ki, bəlkə susayıb səsini çıxaran tapıla...

Ey 1 faizlə möcüzələr yaradan Sevinc xanımın dualarını eşidən uca bürokratiya! Keçən il bizi "ruhsal iftar"la imtahan etdin, ac gəldik, ac getdik, amma hesabatlarda qarınları doyurduq. İndi növbəti Ramazan gəlir. İlahi, sən bu il Sevinc xanıma elə bir "ilham" ver ki, heç olmasa süfrəyə qoyulan o tək-tük xurmanın çəyirdəyini bizə çox görməsinlər. Sən bizə elə bir mədə ver ki, keçən ilin o boş iftarından qalan boşluğu bu ilin "silinən pulları" ilə doldura bilək.

İlahi, sən bizim boynumuzu o "kitayski" şərflərin sintetik qəzəbindən hifz elə! Qoy bu bayramda boynumuza dolanan o "Çin ipəyi" rəngini çıxarıb bizi "Avatar"a döndərməsin. Bizim rəngimiz onsuz da hesabat doldurmaqdan saralıb-solub, heç olmasa Həmkarların hədiyyəsi bizi tamamilə rəngsiz qoymasın.

İlahi, sən bizim 1 faizimizi 3 faizə qaldırmaq istəyən o "xeyirxah" direktorların niyyətini qəbul elə! Onsuz da direktorlar razı, müavinlər qorxaq, biz isə öyrəncili... Qoy o faizlər artsın ki, Sevinc xanımın "tədbir" iştahası doysun, bəlkə onda rəhbərlik bizi Maddə 70-in "ç"-si ilə çölə atmaq istəyəndə, Sevinc xanım o əmrin layihəsini gözyaşları içində (amma yenə də sevinclə) imzalar.

İlahi, sən o gələcək "yoxlamaların" gözünə elə bir "ipək pərdə" çək ki... Respublika Həmkarlarından gələnlər o "kitay" şərflərini Şəki ipəyi, o ac iftarları isə "möhtəşəm ziyafət" kimi görsünlər. Çünki Sevinc xanımın "silmə" bacarığı qarşısında hər hansı bir yoxlama, sadəcə, ibtidai sinif şagirdinin "iki vur iki" hesabı kimi görünür.

Amin! (Və ya Həmkarların dili ilə desək: "Qərar qəbul olundu!")

Hörmətlə: Sənin Bakıdakı "70-in 'ç'-sindən qorxan" həmkar bajın.

Məktubu və duanı çapa hazırladı: Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026