Mobil versiya
YENİLMƏZ AZƏRBAYCANIN ZƏFƏR DASTANI- TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILMIŞ QƏLƏBƏ
Tarix: 07-11-2025 | Saat: 09:30
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

YENİLMƏZ AZƏRBAYCANIN ZƏFƏR DASTANI-


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Biz otuz il gözlədik. Nə az, nə çox, tam otuz il! 1988-ci ildə başlayan və erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm, uydurma xəyalını gerçəkləşdirmək cəhdindən doğan Qarabağ faciəsi minlərlə günahsız cana, dağılmış kəndlərə, viran qoyulmuş şəhərlərə və bir milyondan artıq soydaşımızın öz doğma ocaqlarından didərgin düşməsinə səbəb olmuşdu. İşğalçı əllər ölkəmizin iqtisadiyyatına, ən əsası isə qədim mədəni irsinə ağır zərbələr endirmiş, 30 il ərzində ərazilərimizi xarabalıqlara çevirərək, bizə yüz milyardlarla dollar dəyərində maddi və mənəvi ziyan vurmuşdu. Biz bütün bunları ürəyimizdəki böyük ağrı ilə izləyirdik.
Lakin bir xalqın qüruru heç vaxt sınmadı! Bu uzun sınaq illərində hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın əmrini, Zəfərlə sona çatan Qələbəni gözləyirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı dözülməz həddə çatanda o müqəddəs əmr verildi! Azərbaycan Ordusunun Ali Baş Komandanı düşmənin döyüş aktivliyinin qarşısını almaq və mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamaq barədə tarixi qərar qəbul etdi.
Bu, sadəcə bir hərbi əməliyyat deyildi, bu, tarixi ədalətin bərpası, millətin intiqamı, böyük bir qəhrəmanlıq dastanı idi! 44 gün ərzində davam edən və sonda işğal altındakı torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağın qaytarılması ilə nəticələnən II Qarabağ Müharibəsi tariximizin ən şanlı, ən qürurlu səhifəsinə çevrildi. Həmin günlərdə xalqımız öz liderinin – Ali Baş Komandan İlham Əliyevin ətrafında sarsılmaz bir qüvvə kimi birləşdi və müzəffər Ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.
Həyəcanla izlədiyimiz o 44 gün ərzində Prezidentimiz həm hərb meydanında, həm də diplomatik cəbhədə böyük sərkərdə qətiyyəti nümayiş etdirdi. Ölkəmiz 30 illik münaqişədə qalib tərəf oldu və ərazilərimizin çox böyük hissəsi düşmənin qanlı caynaqlarından xilas edildi. Bütün dünya qarşısında bir reallıq bəyan edildi və təsdiqləndi: “Qarabağ Azərbaycandır!”

Müasir və qüdrətli Azərbaycan Ordusu beynəlxalq hüquqa, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, ard-arda yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etdi. Xüsusilə, 8 noyabrda əzəli və əbədi Azərbaycan torpağı, dünyanın mədəniyyət incisi olan qədim Şuşa şəhəri Ordumuzun qəhrəman əsgər və zabitlərinin misilsiz rəşadəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində azadlığa qovuşdu. Hərb meydanında qazanılan bu möhtəşəm qələbə diplomatiya masasına transfer oldu: düşmənin Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməsi Zəfər tariximizin ən parlaq səhifələrindən birinə çevrildi.
Bununla da Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə qüdrətini sübut etdi. Lakin zəfərin davamı gəldi! 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Və ən nəhayət, 2023-cü ilin 19 sentyabrında başlanan bir günlük antiterror əməliyyatı düşmən qüvvələrinin son qalıqlarını darmadağın etdi və Azərbaycanın suveren ərazi bütövlüyü tam təmin edildi!

Müharibə dövründə Prezident İlham Əliyevin emosional, ürəkdən gələn nitqləri, gələcəyə ümid dolu sözləri xalqın hafizəsinə əbədi həkk olundu, itkilər qarşısında belə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar Prezidentin simasında artıq yalnız dövlət rəhbərini deyil, həm də doğma insanı, xalqının yenilməz övladını gördülər.
Bu tarixi Zəfər sadəcə ərazi bütövlüyünün deyil, eyni zamanda milli qürurun bərpasının təzahürüdür. O, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqla millətin şərəf simvoluna və xalqla rəhbərin möhtəşəm birliyinin ən gözəl nümunəsinə çevrildi. Bu qələbə artıq təkcə bu gün üçün yox, bütün dövrlər üçün Azərbaycan xalqının milli iradəsini və sarsılmaz ruhunu bütün dünyaya bəyan edən əbədi bir imzadır!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025