Mobil versiya
Goranboy rayon rəhbərliyi iş adamının qanunsuz əməlinin qarşısını alıb
Tarix: 25-09-2025 | Saat: 09:58
Bölmə:Gündəm | çapa göndər

Goranboy rayon rəhbərliyi iş adamının qanunsuz əməlinin qarşısını alıb

İnzibati ərazi vahidlərində qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi Goranboy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən mütəmadi olaraq davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqləri aparılır.
Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində yerləşən “Pirzola” restoranının sahibi 8 (səkkiz) sutka müddətinə inzibati qaydada həbs edilib. Sentyabrın 1-də restoranın yerləşdiyi əraziyə baxış keçirilib. Goranboy RİH-nin əməkdaşları obyekt sahibi 42 yaşlı Azər Yusifova inşa etdirdiyi tikilinin magistral yolun ətrafında görünüşünü pozması izah edilib. Onun restorandan xeyli aralıda magistral yolun kənarında tikdirdiyi köşkün qanunsuz olduğu bildirilərək akt tərtib edilib. Aparılmış profilaktiki söhbətlərə baxmayaraq, restoran sahibi qardaşının vəkil olduğunu, köşk ətrafında tikinti işlərini dayandırmayacağını, icarə sənədlərinin olduğunu və ona heç kimin təsir edə bilməyəcəyini bildirib. Bundan 3 həftə sonra RİH-nin əməkdaşları yenidən həmin yerə gəldikdə qanunsuz köşkün orada olduğunu görüblər və Azərə onun əməllərinin qanunsuz olduğunu izah edərək, köşkün götrülməsini tələb ediblər. Lakin sahibkar tələbə məhəl qoymayaraq, köşkü götürməyəcəyini bildirib, səs-küy salaraq müqavimət göstərib. Polis tərəfindən saxlanilan iş adamı Yusufov Azər Arzu oğlu barədə inzibati protokol tərtib edilib və Goranboy rayon məhkəməsinə göndərilib. Məhkəmədə verdiyi ifadədə A.Yusifov Goranboy rayonunun Nizami kəndi ərazisində restoran işlətdiyini, həmin obyektin magistral yoldan təxminən 20-30 metr kənarda yerləşdiyini deyib. Orada restoran olduğunu yoldan keçənlərə göstərmək, reklam etmək üçün yol kənarında köşk yerləşdirdiyini, köşkün yerləşdirilməsi üçün RİH-dən heç bir rəsmi icazə sənədi almadığını, xəbərdarlıqlara məhəl qoymadan tikinti işlərini davam etdirdiyini etiraf edib.

Məsələ ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayon nümayəndəliyinin rəhbəri Rüstəm Nağıyevlə əlaqə saxladıq. R.Nağıyev bildirdi ki, Azərbaycan Sahibkarlar və İşəgötürənlər Milli Konfederasiyası tərəqqipərvər iş adamlarına hüquqi və başqa müstəvidə dəstək verməkdə köməkliyini heç vaxt əsirgəməyib: “Ancaq sözügedən məsələdə təəssüf ki, əslən Samux rayonundan olan həmin iş adamı tərəfindən aqressiv tərzdə qanunsuzluğa yol verilib. Təqdirəlayiq haldır ki, Goranboy RİH-nin əməkdaşlarının mütəmadi apardıqları reydlər belə bir özbaşınalığın qarşısını ala bilib. Xüsusi vurğulamaq istəyirəm ki, bu sahibkar öz doğulduğu Samux rayonunda qanunsuz tikinti işlərini apara bilərdimi? Təbii ki, yox! Onu da bildirmək istəyirəm ki, həmin sahibkar, Goranboy sahibkarı kimi və Goranboydan olan sahibkarlar haqqında fikir formalaşdıra bilməz. Xoşagəlməz haldır ki, faktla bağlı mediada və sosial şəbəkələr platformasında doğru olmayan prizmadan yanaşmalar paylaşılır. Bu da Azərbaycan jurnalistika sahəsində obyektivliyin balansını pozur".

Bu cür qanunazidd hərəkətlərə yol verən şəxslərlə bağlı Azərbaycan Respublikasının adından qəbul olunan qanunda qeyd olunur ki, tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər" - deyə Nağıyev bildirib.

GundemXeber.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2025