Mobil versiya
Oğlundan xəbərsiz ata, otelə yad qızlarla gedən potensial agent, "dəxlisiz" 500 min - Çovdarovun məhkəməsi
Tarix: 13-02-2017 | Saat: 20:15
Bölmə:Gündəm | çapa göndər

Oğlundan xəbərsiz ata, otelə yad qızlarla gedən potensial agent, "dəxlisiz" 500 min - Çovdarovun məhkəməsi




Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

AİA.Az virtualaz.org-a istinadən bildirir ki, təqsirləndirilənlərin təcridxanadan məhkəmə zalına gətirilməsi xeyli gecikdiyi üçün proses təyin olunduğu vaxtdan 1 saat gec başladı. Qeyd edək ki, günün birinci yarısı baxılmasına əvvəllər başlamış epizodlar üzrə məhkəməyə gəlmiş şahidlərin dindirilməsinə həsr olundu.

"RayPo" sədrinin "Xatirə"ləri

İlk olaraq Kürdəmirdə Akif Çovdarovun həmtəsisçisi olduğu deyilən "RAF-2006" MMC-nin balıqçılıq təsərrüfatı yaratması üzündən yolu kəsilmiş "Xatirə" kafesinin keçmiş sahibi Şehman İmanovun iddia ərizəsi üzrə epizodda şahid qismində keçən Kürdəmir İstehsal-İstehlak Kooperativinin sədri Fikrət Səlimov ifadə verdi.

"Xatirə" yeməkxanasının özəlləşdirildiyi və Şehman İmanovun adına keçdiyi 2008-ci ildə "RayPo" sədri işləmiş F.Səlimov bildirdi ki, obyektin balans dəyəri 0 (sıfır) olsa da, o, Şehman İmanova 2000 manata satılaraq özəlləşdirilib. Şahid bundan başqa bu məsələ üzrə heç nə bilmədiyini bildirdi.

Təqsirləndirilən Akif Çovdarovun vəkilləri kürdəmirli şahidin məhkəmə qarşısında özünü itirməsindən və hüquqi incəlikləri dəqiqliklə bilməməsindən istifadə edərək, onu öz sualları ilə çətin vəziyyətə saldılar. Məlum oldu ki, "RayPo" sədri özəlləşdirilənə qədər yeməkxanada işləmiş Şehman İmanovun orada kimin işçisi kimi çalışmasından və haradan maaş almasından xəbərsizdir. Əsində, şahidin işin mahiyyətinə aid heç bir ifadə verə bilməməsi onun ifadəsinin əhəmiyyətini azaltdı və vəkillərin də sualları çox olmadı.

"Elit" otelinə təsadüfi qızla getmək olar?

Zərərçəkmiş Neman Kərimovun iddiası əsasında baxılan epizod üzrə şahid qismində "Elit" otelinin direktoru Tərlan Məsimov ifadə verdi. Xatırladaq ki, Neman Kərimovu MTN işçiləri məhz "Elit" otelindən "tanış qızlar"la keçirdiyi gecədən sonra saxlayıb aparmışdılar. Sonradan Akif Çovdarovun ondan 60 min dollar tələb etməsi iddia edilir. Həmin epizod üzrə arayış vermiş təqsirləndirilən MTN generalı əslində N.Kərimovun agent şəbəkəsinə cəlb edilməsi məqsədilə idarəyə çağırılmasını qeyd etmişdi.

Şahid ifadəsində bildirdi ki, hadisə 2009-cu ildə baş verdiyi üçün oteldə həmin dövrə aid heç bir qeyd qalmayıb. Yəni Neman Kərimovun sözügedən gecəni oteldə keçirməsini, yaxud keçirməməsini sübut edəcək heç bir dəlil qalmayıb. Mehmanxananın direktoru Tərlan Məsimov dedi ki, uzun illər ərzində otelin qonaqlarının qeydiyyat kartlarını saxlamağın mənası yoxdur və onlar atılır.

Vəkil Şahin Rəfiyev şahidə "Sizin otelə hər hansı qızla gəlib gecələmək olur?" sualını ünvanladı. Otel direktoru bunun mümkünsüzlüyünü qeyd etdi, lakin otelə giriş zamanı bir otaqda gecələyən müxtəlif cinsli qonaqlardan nikah şəhadətnaməsinin tələb edilib-edilməməsi məsələsinə aydınlıq gətirmədi.

Şahid rahat şəkildə oğlunun 5 ildir ki, itkin düşdüyünü dedi

"BakTel" şirkətinin əməkdaşının keçmiş MTN şefi Eldar Mahmudov olduğu iddia edilən "AyTel" şirkətinə olan borcuna görə zərərçəkmiş Zaur İbrahimovdan 525 min dollar vəsaitin alınması ilə bağlı epizod üzrə şahid qismində "BakTel"in keçmiş direktoru Ruslan Qarayevin atası Akif Qarayev ifadə verdi.

Şahid bildirdi ki, oğlu həmişə qapalı həyat tərzi keçirib və onun işi ilə bağlı təfərrüatları bilmir. Daha sonra A.Qarayev oğlunun 2012-ci ildə ölkəni tərk etməsini məhkəmə iştirakçılarının diqqətinə çatdırdı. Dövlət ittihamçısının "Oğlunuzun hazırda harada olmasından xəbəriniz varmı?" sualına şahid kefini pozmadan inkaredici cavab verdi.

Xatırladaq ki, ötən iclaslarda etdiyi çıxışlardan birində təqsirləndirilən Akif Çovdarov Ruslan Qarayevə Gürcüstanda birgə iş qurmaq təklif etdiyini qeyd etmişdi.

"İmkanlı oğlan idi, 25 min dollar çıxarıb verdim"

Eyni epizod üzrə ifadə verən şahid Vaqif Həsənov 2009-cu ildə sığorta şirkətinə rəhbərlik etdiyini bildirdi. Onun sözlərinə görə, yaxın dostu, "BakTel" şirkətinin əsas sahiblərindən olan, hazırda zərərçəkmiş Zaur İbrahimov şahiddən borc pul istəyib, lakin bunu nəyə görə istədiyini deməyib.

"O vaxt Zaur çox imkanlı oğlan idi, amma istədiyi məbləğ də böyük idi. Əlimdə olan 25 min dolları çıxarıb verdim. İndiyə kimi də geri ala bilməmişəm", - V.Həsənov sözlərinə əlavə etdi.

Gürcüstan DTX-nin keçmiş əməkdaşı məhkəmə qarşısında

Zərərçəkmiş Zakir Bədəlovun iddiası üzrə baxılan epizodda şahid qismində Gürcüstan vətəndaşı, həmin ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Zakir Mustafayev ifadə verdi. Xatırladaq ki, Z.Bədəlov ifadəsində MTN-in idarə rəisi, təqsirləndirilən Səlim Məmmədovun onun şəxsiyyət vəsiqəsini alıb saxlamasını, 200 min manat tələb edərək, əks təqdirdə, ölkədən deportasiya edəcəyi ilə hədələdiyini bildirmişdi.

Gürcüstandan məhkəmədə ifadə verməyə gəlmiş şahid qeyd etdi ki, zərərçəkmiş onun keçmiş qohumu və yerlisidir. "Bakıda ev tikib satırdı, bir gün gəldi ki, mənə təcili pul lazımdır. Mən də dost-tanışdan 125 min dollar toplayıb Zakirə verdim. İki aya qaytaracağını deyirdi. Amma üstündən 20 ay keçsə də, qaytarmadı", - Zakir Mustafayev bildirib.

Zərərçəkmiş Zakir Bədəlov əvvəlki ifadələrində adaşının Gürcüstandan Azərbaycana köçərək, burada MTN-ə işə düzəlmək istədiyini demişdi. Z.Mustafayev bu ittihamı gülünc adlandırdı: "Başqa ölkənin vətəndaşı ola-ola, mən burada dövlət işinə, özü də təhlükəsizlik xidmətinə necə daxil ola bilərdim?"

Şahid onu da dedi ki, qohumu uzun müddət pulu qaytarmadığından, 2007-ci ildə onunla şərt kəsib və valyutanın kəskin dəyərdən düşməsini nəzərə alaraq, Zakir Bədəlovun borc müqabilində 500 min dollar qaytaracağı ilə bağlı razılığa gəldiklərini qeyd etdi. "Həmin məbləğdən yalnız 300 min dolları qaytarıb, 200 min dolları hələ də borcludur", - Z.Mustafayev deyib.

Əslində, iki Zakirin bu pul çəkişməsinin məhkəmədə baxılan cinayət işinə və təqsirləndirilən şəxslərə nə aidiyyatının olması günün maraqlı suallarından oldu.

Qolu qandallı zərərçəkmiş hansı iddia ilə çıxış etdi?

Mənzillərin birdən birə 2 şəxsə satılması faktları ilə dələduzluqda ittiham olunaraq, 2012-ci ildə 13 il həbs cəzası almış zərərçəkmiş Nəsib Əliyev məhkəmə zalına konvoyun müşayiəti ilə qolu qandallı gətirildi. İxtisasca həkim olduğunu deyən N.Əliyev təqsirləndirilən Akif Çovdarovun müxtəlif vaxtlarda ondan külli miqdarda pul aldığını bildirdi.

Maraqlı faktdır ki, zərərçəkmiş Nəsib Əliyev artıq 5 ildir həbs cəzası çəkdiyi cəzaçəkmə müəssisəsində ixtisası üzrə həkim funksiyalarını icra edir.

Zərərçəkmiş qeyd etdi ki, 2009-cu ildə Yeni Günəşli qəsəbəsində yaşayış binası tikirmiş. Günlərin bir günü vətəndaş ofisə daxil olaraq, binadan mənzil almaq istədiyini bildirir və ilkin ödəniş kimi 5 min dollar verəcəyini deyir. Nəsib Əliyev pulu sayan zaman otağa 4 MTN əməkdaşı daxil olur və onun nəzərinə çatdırırlar ki, xarici valyutada satış əməliyyatı apardığı üçün cavab verməli olacaq.

MTN-in binasında Akif Çovdarovla görüşən həkim-inşaatçıdan 100 min dollar tələb olunur, lakin sonradan məbləğ 80 min dollara endirilir. Ertəsi gün N.Əliyev pulu, özünün dediyinə görə, şəxsən təqsirləndirilən generala təqdim edir.

Bu hadisənin üstündən bir neçə ay keçəndən sonra günlərin bir günü N.Əliyevin oğlu, "Texnikabank"ın direktor müavini işləmiş, bu epizod üzrə zərərçəkmiş kimi keçən Elton Əliyev atasına zəng edərək, MTN-də saxlanıldığını deyir. Oğlunu "içəridən" çıxarmaq üçün Akif Çovdarovla görüşən Nəsib Əliyevdən bu dəfə 500 min dollar tələb olunur. Sonradan məbləğ 350 min dollara endirilir. Vəkillərin suallarına cavab verən zərərçəkmiş bu pulun nəyə görə tələb olunması ilə bağlı suala cavab tapa bilmədi.

Lakin işlər bununla da bitmir. Daha sonra Nəsib Əliyevdən həmtəsisçisi olduğu, Yeni Yasamalda bina tikən şirkətdəki payını verməsi tələb edilir. Nəsib Əliyevin dediyinə görə, həmin binadan ona çatacaq 19 mənzil, 4 qaraj yeri və 250 kvadrat metr qeyri-yaşayış sahəsi MTN-in təqdim etdiyi siyahıdakı adamların adlarına keçirilir. Məsələnin maraqlı tərəfi odur ki. həmin 19 mənzil o vaxta kimi artıq satılıbmış və buna görə də, bu mənzillərin ikinci dəfə satışı baş tutur.

Akif Çovdarovun vəkilləri zərərçəkmişin diqqətinə çatdırdılar ki, eyni mənzilin bir neçə şəxsə satılması faktları Yeni Günəşlidə tikilmiş binada da rast gəlinib.

Zərərçəkmişin ifadəsindən sonra ayağa durmadan yerindən çıxış edən Akif Çovdarov burada deyilənlərin hamısının yalan olduğunu bildirdi.

Akif Çovdarovun sürücüsünə və yaxın qohumuna mənzil bağışlanıb

Bu epizod üzrə zərərçəkmiş qismində ifadə verən daha bir şəxs Nadir Feyziyev qeyd etdi ki, sözügedən 19 mənzildən başqa, Akif Çovdarovun yaxın adamlarına başqa binalardan iki mənzil bağışlanıb.

Belə ki, generalın sürücüsünə 130 kvadrat metrlik, kürəkəninin bacısına isə 125 kvadrat metrlik mənzil təqdim olunub.

Vəkillər iddia üzrə Akif Çovdarovun sürücüsünün ifadə vermək üçün məhkəməyə dəvət edilməsini istədilər.

Məhkəmənin növbəti iclası çərşənbə günü, fevralın 15-nə təyin olundu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024