Mobil versiya
Azad Füzuli tarixi zəfərin və yeni həyatın rəmzidir
Tarix: 17-10-2026 | Saat: 10:26
Bölmə:Siyasət | çapa göndər

Azad Füzuli tarixi zəfərin və yeni həyatın rəmzidir

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində igidlik, qətiyyət və milli həmrəyliyin parlaq nümunəsi kimi mühüm yer tutur. Bu tarixi Qələbənin qazanılmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq həlledici əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, müharibələrdə qələbəni bilavasitə döyüş meydanında vuruşan əsgər və zabitlər əldə edirlər. Onlar həyatlarını təhlükəyə ataraq düşmənə qarşı mübarizə aparır, işğal altında olan əraziləri azad edir və Azərbaycan bayrağını doğma torpaqlarımızda ucaldırlar. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlar Vətən müharibəsinin həm ən çətin, həm də strateji baxımdan böyük əhəmiyyətə malik mərhələlərindən biri idi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin müdafiə mövqelərini yararaq Qələbəyə aparan yolda mühüm uğura imza atdı. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsi xalqımızın uzun illər həsrətlə gözlədiyi tarixi hadisəyə çevrildi. Ümumilikdə, Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi düşmən işğalından qurtarıldı. Bu nailiyyət təkcə hərbi qələbə ilə məhdudlaşmırdı, eyni zamanda, tarixi ədalətin bərpasını və Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına qayıtması üçün imkanların yaranmasını ifadə edirdi.

Füzulinin azadlığa qovuşması rayonun gələcək inkişafında yeni bir dövrün başlanğıcını qoydu. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bütünündə olduğu kimi, Füzulidə də genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərini davam etdirir. İşğal illərində erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndlərimiz yenidən inşa olunur, müasir infrastruktur qurulur, insanların rahat yaşayışı üçün yeni imkanlar yaradılır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təşkil edilir. Füzulidə bu məqsədlərin həyata keçirilməsi bir sıra ciddi çətinliklərlə müşayiət olunur. Belə ki, rayon işğaldan azad edilmiş ərazilər arasında mina və digər partlayıcı sursatlarla ciddi şəkildə çirkləndirilmiş bölgələrdən biridir. İlkin qiymətləndirmələrə əsasən, Füzuli rayonunun müxtəlif ərazilərində yüz mindən artıq mina basdırılıb. Ermənistanın işğal dövründə basdırdığı minalar bu gün də insanların həyatına və sağlamlığına təhlükə törədir, ərazilərin təhlükəsiz istifadəsinə mane olur və quruculuq işlərinin sürətinə mənfi təsir göstərir. Bu səbəbdən mina təhlükəsinin aradan qaldırılması Böyük Qayıdış Proqramının təhlükəsiz, planlı və davamlı şəkildə icra olunmasının başlıca şərtlərindən hesab edilir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə mühüm infrastruktur və inkişaf layihələri həyata keçirilir. Şəhərin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirən 2040-cı ilədək Baş plan təsdiq edilib. Ərazidə yeni avtomobil yolları çəkilir, enerji və su təchizatı sistemləri qurulur, sosial və iqtisadi əhəmiyyət daşıyan layihələr reallaşdırılır. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması və rayonun müasir nəqliyyat infrastrukturu ilə təmin edilməsi bölgənin iqtisadi potensialının artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi və gələcək inkişafı baxımından mühüm rol oynayır. Bu layihələr Füzulinin yalnız yaşayış məntəqəsi kimi bərpasına deyil, həm də ölkənin iqtisadi və nəqliyyat sistemində mövqeyinin gücləndirilməsinə xidmət edir.

Böyük Qayıdış Proqramının həyata keçirilməsi nəticəsində keçmiş məcburi köçkünlərin Füzuliyə dönməsi artıq real prosesə çevrilib. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanlar yenidən öz torpaqlarına qayıdır, salınmış yaşayış məhəllərində məskunlaşır və burada yeni həyat qururlar. Vaxtilə işğal və dağıntılar səbəbindən həyatın dayandığı ərazilərdə yenidən yaşayış canlanır, ailələr doğma evlərinə qovuşur, gələcəyə dair ümidlər möhkəmlənir. Bu qayıdış prosesi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin ən mühüm nəticələrindən biri olmaqla yanaşı, insanların uzun illər davam edən yurd həsrətinin sona çatması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi dağıntılar, tarixi və mədəni irsə vurduğu zərər, mülki infrastrukturun məhv edilməsi və torpaqların minalarla çirkləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılmalıdır. Bu əməllər nəticəsində Azərbaycana dəymiş ziyanın müəyyənləşdirilməsi, müvafiq ekspert qiymətləndirmələrinin aparılması və baş vermiş hadisələrə beynəlxalq hüquq normaları çərçivəsində hüquqi qiymət verilməsi mühüm vəzifələrdəndir. Dəymiş zərərin araşdırılması və hüquqi məsuliyyət məsələlərinin gündəmdə saxlanılması işğalın nəticələrinin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

17 Oktyabr – Füzuli şəhəri günü yalnız şəhərin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunmur. Bu əlamətdar tarix Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, şəhidlərimizin fədakarlığını, Ordumuzun döyüş qüdrətini və dövlətimizin iradəsini özündə əks etdirir. Eyni zamanda, Füzulidə aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması bu günün mənasını daha da artırır. Füzulinin yenidən qurulması Azərbaycanın öz torpaqlarında sülhü, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Bu gün azad Füzuli həm tarixi Zəfərin rəmzi, həm də yeni həyatın, quruculuğun və gələcəyə inamın təcəssümüdür.

Eldəniz Səttarov
"KQİ" trestinin ümumi məsələlər üzrə müdir müavini, Nərimanov r-nu YAP "Dəniz Neftçiləri" ƏPT-nin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026