Mobil versiya
Azərbaycana dil uzadan Putinin köməkçisi əslində KİMDİR?
Tarix: 10-06-2025 | Saat: 09:24
Bölmə:Manşet / Dünya | çapa göndər

Azərbaycana dil uzadan Putinin köməkçisi əslində

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qalmaqallı açıqlama verib. “Russia Today” kanalına müsahibəsində o, Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib və bu bölgəni Ukraynadakı müharibə ilə müqayisə etməyə çalışıb. Rəsmi Bakı Medinskinin çıxışına dərhal və sərt reaksiya verib.

aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Medinski Putin Rusiyasının əsas ideoloqlarından biri kimi tanınır.

O, 1970-ci il iyulun 18-də Ukraynanın Smila şəhərində anadan olub. Ailəsi Rusiya hərbi dairəsinə bağlı olduğundan uşaq yaşlarında Moskva vilayətinə köçüb. Təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) başa vurub. Xarici siyasət, informasiya və tarix sahələrində ixtisaslaşan Medinski daha sonra elmi fəaliyyətini davam etdirib.

Medinski 1997-ci ildə siyasi elmlər namizədi, 2000-ci ildə isə tarix üzrə elmlər doktoru elmi dərəcələri alıb. Lakin onun elmi dissertasiyaları zaman-zaman plagiat ittihamları ilə gündəmə gəlib. Müstəqil tədqiqat qrupu olan “Dissernet” Medinskinin elmi işində onlarla səhifənin başqa mənbələrdən kopyalandığını açıqlayıb. Bu faktlar ictimaiyyət və alimlər arasında ciddi narahatlıq doğursa da, Medinskinin elmi dərəcələri ləğv edilməyib.

Siyasi karyerasına 2000-ci illərin əvvəllərində başlayan Medinski “Vahid Rusiya” partiyası sıralarında Dövlət Dumasına deputat seçilib. O, parlamentdə əsasən informasiya siyasəti və mədəniyyət sahələrində fəaliyyət göstərib. 2012-ci ildə Rusiya Federasiyasının mədəniyyət naziri vəzifəsinə təyin olunub və 2020-ci ilə qədər bu postu tutub.

Nazir olduğu müddətdə o, Rusiya tarixinin “patriotik şərhi” üzərində xüsusi təkid göstərib. Tarix dərsliklərində Stalin dövrünə və sovet keçmişinə yenidən baxılması təşəbbüsləri irəli sürüb. Eyni zamanda, Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki rolunu ideallaşdıran tədbirlərə dəstək verib. Bu yanaşma, bir sıra liberal və beynəlxalq dairələr tərəfindən “tarixin siyasiləşdirilməsi” kimi qiymətləndirilib.

2020-ci ildə Prezident Vladimir Putinin köməkçisi vəzifəsinə gətirilən Medinski hazırda Kremlin mədəniyyət, tarix və humanitar siyasətini formalaşdıran əsas şəxslərdən biridir. Eyni zamanda, o, Rusiya Tarixi Cəmiyyətinin sədri və “Rusiya Hərbi-Tarix Cəmiyyəti”nin fəal üzvüdür.

2022-ci ilin əvvəlində Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Medinski Rusiya tərəfdən Ukrayna ilə aparılan danışıqlara rəhbərlik edib. Bu onun Kreml daxilində nüfuzunun artdığını göstərən addımlardan biri kimi qiymətləndirilib.

Medinski Rusiya mediasında və xüsusən də təbliğat yönümlü platformalarda tez-tez çıxış edir. O, Rusiyanın “ənənəvi dəyərlər”, “tarixi yaddaşın qorunması” və “qərb təbliğatına qarşı informasiya müqaviməti” konseptlərinin başlıca simalarından biri hesab olunur.

Keçmiş nazirin təşəbbüsü ilə yüzlərlə film və sənədli layihə dövlət vəsaiti hesabına maliyyələşdirilib. Bu layihələrin əksəriyyətində Qərb mənfi obrazlarla təqdim olunur, Rusiya ordusu və liderləri isə qəhrəmanlaşdırılır. Ekspertlərə görə, bu filmlər gənc nəslin ideoloji formalaşdırılmasına xidmət edir.

Medinskinin siyasi ritorikasında “daxili düşmən” anlayışı xüsusi yer tutur. O, mütəmadi olaraq liberal fikirli ziyalıları və Qərblə əməkdaşlığı müdafiə edən şəxsləri “ideoloji sabotajçılar” adlandırır.

Müşahidəçilər hesab edir ki, Medinski hazırda təkcə Putinin köməkçisi yox, həm də Kremlin rəsmi ideoloqlarından biridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025