Mobil versiya
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
Tarix: 25-04-2025 | Saat: 10:11
Bölmə:Özəl | çapa göndər

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.
Həkim kimi diplomunu alan Zərifə hiss etdi ki, aldığı bilik və təcrübə ilə kifayətlənsə zamanın tələbi ilə ayaqlaşa bilməz. Yenilik həvəsi ilə biliyini təkmilləşdirməyə çalışan gənc mütəxəssis Zərifə institutda qazandığı elmi bilikləri təcrübədə sınamaq üçün öz üzərində çalışdı. Tədqiqat işlərinə başlamaqla biliyini zənginləşdirdi. İlk mərhələ kimi Azərbaycan Oftalmologiya Elmi -Tədqiqat İnstitutunda həkim-ordinator kimi fəaliyyətə başlayan Zərifə Əliyeva qısa müddətdə çalışqanlığı ilə dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyaları ilə maraqlandı. Oftalmologiyaya yenilik gətirən araşdırmaları ilə sözünü deməyi də bacardı. Tibbi kadrların, xüsusilə göz həkimlərinin azlıq etdiyi o dövrlərdə respublikada troxoma xəstəliyi ilə mübarizə aparan Zərifə xanım tez-tez ucqar kəndlərə gedir, əhali arasında olur, maarifləndirmə işlərinə xüsusi diqqət yetirirdi. «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasında xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində elmi işini davam etdirirdi. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsinə aid kitablar, monoqrafiyalar yazırdı. Çətinliklə qazanılan qələbədən daha çox zövq alan, «həyat mübarizlər üçün sınaq meydanıdır» söyləyən alim elmə gətirdiyi yeniliklərlə xəstəliyi törədən simptomların tam öyrənilməsi üçün mütəmadi sənaye müəssisələrində olur, zəhərli maddələrin görmə orqanlarına təsiretmə yollarını araşdırırdı. Çoxillik təcrübə və tədqiqatlarının nəticəsi olan «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini aldı. Zəhmətinin bəhrəsi isə 1983- cü ildə AMEA-nın akademiki adını qazanması oldu. Misilsiz xidmətləri yüksək dəyərləndirilən Zərifə xanım oftalmologiya elmində ən yüksək təltif olan M.İ.Averbax adına mükafata layiq görüldü. Qazandığı uğurlarla kifayətlənməyən Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu. Akademikin görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi nailiyyəti Bakı Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya oldu. Bu laboratoriya keçmiş İttifaq miqyasında ilk təşəbbüs olmaqla Zərifə xanımın qarşıdakı uğurlarına bələdçilik etdi. Həmin laboratoriyada zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. Laboratoriyada çalışdığı illərdə onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası sahəsi cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin öyrənilməsi baxımından zəruri idi. Bu sahənin ilk tədqiqatçısı olan, elmi-tədqiqat laboratoriyası yaratmaqla dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran alim elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Dünya elmi ictimaiyyətinin marağına səbəb olan «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», « Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası», « Şin istehsalında gözün peşə patologiyası» adlı monoqrafiyalar həmin elmi axtarışların nəticəsi kimi bu gün də tətbiq edilir.
Bilik və bacarığı, oftalmologiya elminə gətirdiyi yenilikləri ilə keçmiş İttifaq səviyyəsində tanınan, alim, əsl ziyalı adını insanlarla ünsiyyəti ilə doğruldan akademikin şeirə, musiqiyə, insanlara olan sevgisi onu daha da kamilləşdirmiş, cəmiyyətdə , çalışdığı kollektivdə yeri daim görünən şəxsiyyət kimi formalaşdırmışdır. Onun haqqında deyilən «Bu bizim Zərifədir!» sözləri yüzlərlə xəstəyə həyatın şirinliyini bəxş edən gözəl insanın mərhəmət, xeyirxahlıq əməllərinin simvolu kimi səslənirdi. Bu hörməti isə peşəsinə vurğunluğu, elmə gətirdiyi yeniliklərlə başqalarına xeyir vermək amalı ilə qazanmışdı. Bu gün də oftalmologiya ilə bağlı bütün simpoziumlarda, konfranslarda Zərifə xanım Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən səmərəli müalicə üsulu kimi bəhs olunur. Elə buna görə də Zərifə xanımın adı əvəzsiz insan, bacarıqlı həkim, böyük şəxsiyyət kimi hörmətlə çəkilir. Zərifə xanım Əliyeva haqqında söhbət açılanda nəzərlərdə ilk olaraq nur, işıq canlanır. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: Ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara… Onun əməyinə verilən ən dəyərli ifadə isə bu idi: «Nurdan yaranmışdı, nurdu baxışı..»
Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.
Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar bəxş edib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2025