Mobil versiya
Göydəniz Qəhrəmanov: “Ulu Öndər sovetlər dönəmində Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail olmaqla gələcək müstəqil dövlətimizin daha bir ideoloji əsasını qurdu”
Tarix: 24-04-2025 | Saat: 09:55
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Ulu Öndər sovetlər dönəmində Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail olmaqla gələcək müstəqil dövlətimizin daha bir ideoloji əsasını qurdu”

“Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi mərhələsinə qədəm qoydu. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm müttəfiq respublikalarda milli dillərin deyil, məhz rus dilinin dominant mövqelərinin bir qədər də möhkəmlənməsinə xidmət etməliydi. Bu məqsədlə 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha geniş vüsət aldı. Əlbəttə ki, belə bir şəraitdə müttəfiq respublikalarda ana dilinin hüquqlarını qorumaq məqsədilə hər hansı bir addım atmaq cəhdləri böyük risklər doğururdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ortaya qoydu. 1978-ci il aprelin 2-də Heydər Əliyev IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış etmişdi. Həmin tarixi çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-nin yeni Konstitusiyasında 73-cü maddəni belə bir redaksiyada vermək təklifini irəli sürmüşdü: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli Liderin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra deputat Azərbaycan dilinə dövlət dili statusunun verilməsini gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması istiqamətində atılmış ən mühüm addımlardan biri olduğunu vurğulayıb: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin öz xalqı qarşısında olan ən böyük tarixi xidmətlərindən biridir. Məhz bu nailiyyətlə Ulu Öndər gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə qoruyub saxlamış oldu. Qeyd etmək lazımdır ki, Ümummilli Liderimiz Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Hələ sovet dönəmində Ulu Öndər Heydər Əliyevin respublikamızda fəaliyyət göstərən rus məktəblərində Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər verməsi də məhz bu diqqətin təzahürlərindən biri idi. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amil olmaqla, bu xalqın milli sərvətidir. Təsadüfi deyil ki, xaricdə yaşayan soydaşlarımızla keçirdiyi görüşlərdən birində Ulu Öndər öz çıxışında belə demişdir: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.” 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi olmuşdur.”

Fikirlərini davam etdirən G.Qəhrəmanov Ulu Öndər Heydər Əliyevin artıq müstəqillik illərində imzaladığı fərman və sərəncamların ana dilimizin inkişafı baxımından əhəmiyyətini xüsusi qeyd edib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı illərdə də Ümummilli Lider Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. İlk öncə məhz Ulu Öndərin ciddi səyləri nəticəsində 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artmasına müsbət təsir etmş oldu. Bu tarixi hadisədən bir neçə il sonra, 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, dövlətin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmiş oldu. Həmçinin Ümummilli Liderimizin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş və 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını təqdim etmiş oldu” – deyə, millət vəkili öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2025