Mobil versiya
“Həbsdə çürüməyim üçün hər şeyi etdilər” - Cavid Hüseynov
Tarix: 06-02-2017 | Saat: 11:28
Bölmə:İdman / Manşet | çapa göndər

“Həbsdə çürüməyim üçün hər şeyi etdilər” - Cavid Hüseynov






“Qəbələ”nin və Azərbaycan milli komandasının üzvü Cavid Hüseynovun “Qafqazinfo”ya müsahibəsi:

- Həbsdən çıxdıqdan sonra özünüzü necə hiss edirsiz?

- Artıq hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm.

- Sizin üçün həbsdən sonra nələr dəyişdi?

- Çox şey dəyişdi. Həyata baxışlarım indi fərqlidir.

- Qayıdaq geriyə. Jurnalist Rasim Əliyevin ölümündə günahlandırıldınız. Bu hadisəni müxtəlif yerlərdən eşitdik. Amma sizin dilinizdən olanları dinləyək...

- Bu hadisə bir anın içində oldu. Necə baş verdi, nə oldu bilmədim. Sanki yuxudaydım. Gözlənilməz idi. Yatsaydım, yuxuma da girməzdi ki, başıma belə hadisə gələr. Yəni mən elə insan deyiləm ki, kimisə incidəm. Mən həmin günü qurban kəsmişdim. Qohumlarım da bizdə idi. Bacımgil, dayımgil - hamı yığışmışdı. Yemək-içmək oldu. Həmin vaxt bibimoğli Elşən İsmayılov mənə mesaj yazdı ki, haqqında belə şeylər deyirlər. “Whatsapp” vasitəsilə feysbukda yazılanları göndərdi. Oxudum və güldüm. Dedim ki, fikir vermə, kim nə istəyir yazsın. Jurnalistdir, çox şey yazar. Bildirdi ki, sən qarışma, bu, mənim şəxsi məsələmdir, o, söyüş söyüb. Xəbərim olmadan bibimoğlu ilə danışıblar, söyüşüblər. Onlardan xəbərim olmayıb. Yenə də Elşənə başa saldım ki, jurnalist nə istəyir yazır. Mən birinci il deyil ki, futboldayam. İndiyə qədər o qədər yazıblar ki... Sonra gördüm ki, çox əsəbidir. Dedim nömrəsini mənə ver. İlk dəfə idi ki, hansısa jurnalistə zəng edirdim.

“Özüm də bu halın yaranmasına utanıram”

- Siz də ona zəng etdiniz...

- Mərhum Rasim Əliyevə zəng vurdum və çox mehriban danışdıq. Dedim ki, qardaş hamımızın günahı ola bilər. Ona irad bildirdim ki, mənim haqqımda əxlaqsız, tərbiyəsiz yazmısan. Bunu görən dost-tanışım, qohumum mənim haqqımda nə düşünər? Əgər əxlaqımla maraqlanmaq istəyirsənsə, yaşadığım ünvana gəl qonşulardan soruş, məktəbimə get ordan soruş, oynadığım komandada futbolçulardan, məşqçilərdən soruş. Axı bu düzgün deyil. Dedim videoya bir də baxsan dəqiq görəcəksən ki, mən ədəbsiz jest etməmişəm, sadəcə iki yumruğu birləşdirmişəm. Sən fikirləşdiyin kimi təhqir etməmişəm. Çünki oyundan sonra verdiyim açıqlamada da bunu demişdim. Rasim özü də məni başa düşdü. Hətta özü dedi ki, qardaş səndən üzr istəyirəm.



Mən də cavabında bildirdim ki, qardaş üzr istəməyə ehtiyac yoxdur, özüm də bu halın yaranmasına utanıram. Kimsə inanmaya bilər. Mənim şahidim Allahdır. Dedim qardaş, xəbəri təkzib etsən, yaxşı olar. Təkzib də etmə. Yaz ki, Cavid yumruqlarını Azərbaycan və Türkiyənin qardaş olması üçün bir-birinə vurub. Dedi yaxşı, mən dediyin kimi edəcəm, üzr istəyəcəm. Onunla sağollaşdım. Danışdığım hər şeyin sübutu var. Telefonda hər şey qalıb.

Rasimlə danışıb bitirəndən sonra Elşənə yazdım ki, məsələ bağlandı. Artıq heç nəyə ehtiyac yoxdur. Ona sonuncu sözüm o olub. Sonra məşqə getdim. Bakıda komanda yığışmışdı. Məşqdən çıxanda komandanın meneceri bildirdi ki, bəs Elşəngil Rasimi döyüblər. Hadisə necə baş verib, niyə zəngləşiblər, o hələ də mənə qaranlıq qalır. Kim kimi çağırıb onu da bilmirəm. Məşqdən çıxan kimi xəstəxanaya gəldim və Rasimi gördüm. Yanında dostu da var idi. Dedim ki, Rasim bu nə məsələdir? Çiynini çəkdi. Bildirdim ki, qardaş, biz məsələni bağladıq axı. Dedi səndən sonra bibinoğlu dedi çay içək. Soruşdum ki, indi necəsən? Mənə dedi ki, onlar 5 nəfər idi. Çox pis oldum.

“Ona hirsləndim ki, sənin təpiyinə görə camaat xəstəxanaya düşüb”

- Telefon və pulqabısı itmişdi...

- Bəli, mənə dedi ki, telefonum və pulqabım yoxdur. Bunu eşidəndə dəli oldum. Necə belə şey ola bilər? Soruşdum ki, nə danışırsan, belə şey ola bilməz. Çıxıb Elşənə zəng vurub hadisənin səbəbini soruşdum. Cavab verdi ki, heç nə görüşüb ona bir təpik vurub ayrılmışam. Soruşdum ki, bəs telefon və pulqabı yoxdur. And-aman elədi mən götürməmişəm. Sonra onunla gələn uşaqları soruşdum. Dedi, sən tanımırsan. Çox əsəbiləşmişdim. Çünki mən bu məsələnin bağlandığını ona demişdim. Amma Elşən hər dəfə bildirirdi ki, Rasim mənə ana söyüşü söydü. Ona hirsləndim ki, sənin təpiyinə görə camaat xəstəxanaya düşüb, bəlkə lap pis hadisə baş verəcəkdi. Dəhlizə çıxanda gördüm ki, polislər gəlib. Onları görəndə düşündüm ki, artıq mənlik heç nə yoxdur. Nə olsa, kim günahkardırsa, cavab verəcək. İzahat alınacaq və məsələ aydınlaşacaq. Çıxdım getdim.

- Bəs, sizi polis bölməsinə nə zaman apardılar?

- Biz “Qarabağ”la oyun üçün Qəbələyə yollanmışdıq. Şamaxıda idim. Yol polisi əməkdaşları saxladı və məni bölməyə gətirdilər. Bakıya gəldik. İzahat verdim, göründü ki, günahım yoxdur və evə buraxdılar. Sabahı zəng gəldi ki, bölməyə qayıtmalısan. Qayıtdım və həbs olundum.

- Hadisələrdə özünüzü nə qədər günahkar sayırsınız?

- İnsan nə qədər təmiz olduğunu düşünsə də, bəzən xırda şeylərdə belə günahı olub-olmadığını axtarır. Mən çox axtardım ki, nə günahım var? Amma tapa bilmədim. Elşən mənim yanımda yaşamırdı ki, ona cavabdeh olaydım. Mən Mehdiabad qəsəbəsində yaşayıram, o, Bakıxanovda. Yanımda olsaydı, icazə verməzdim ki, jurnalistə nəsə yazsın. Ümumiyyətlə, feysbukda yazılanlardan öncədən xəbərim olsaydı, məsələ bu yerlərə gəlməzdi. Elşən Rasimə cavab verməmiş bildirsəydi ki, haqqında belə yazırlar, ona deyərdim ki, bu, sənə aid deyil. Mənim haqqımda kim nə istəyir yazsın. Siz də qiymət verin. Mənim harda günahım var.



“Oturub qarşımda ağlayırdı ki, bağışla sənin həyatını məhv elədim”

- Ananız müsahibəsində bildirmişdi ki, Elşəngil heç bizi aylarla yada salmırlar...

- Bilirsiz ki, indi elə dövrdür qohumlar bir-birini az görür. Dayıoğludur, əmioğludur, bibioğludur – bunların canları sağ olsun. Hərə öz işindədir. Görüşmək üçün vaxt da olmur. Mən hadisədən əvvəl aylar idi ki, Elşəni görmürdüm. Bibimoğlu olsa da, gedib oturub haradasa çay içməmişəm. Qohumların toyunda, yasında görüşürdük.

- Onun da futbolla məşğul olduğu deyilirdi...

- Tam peşəkar futbolla məşğul olmayıb.

- Hadisə olandan sonra görüşmüşdünüz?

- Polis bölməsində üz-üzə gəldik. Hamı da gördü ki, olanlardan necə peşmandır. Oturub qarşımda ağlayırdı ki, bağışla sənin həyatını məhv elədim. Bu hadisədən ən çox ziyan görən mən oldum. Mənim şəxsi söhbətim olsaydı, həll edərdim. Eşidirdim ki, yazırlar “Cavid onları göndərib Rasimi döyməyə”. İnanın ki, o qədər dar düşüncəli biri deyiləm. Öz söhbətimə uşaq-muşağı göndərəcək qədər aciz biri deyiləm.

- Sizdən başqa bir nəfər də günahsız yerə hadisənin qurbanı oldu...

- Samir adlı oğlan idi. Onunla söhbətimiz oldu. Bildirdi ki, sadəcə ünvanı göstərib. Onları da ayırmağa çalışıb. Bir saniyənin içində hadisə baş verib və o da həbs olundu.

- Həbsdə olanda kimlər sizə dəstək oldu, kimlər yanınıza gəldi?

- Belə şeylər hər kəs üçün imtahan olur. Bu da mənim qismətim idi. Allah yazandan qaçmaq olmur. Buna da dözdüm. Necə dözdüm, yanımda olanlar gördü... Futbolçular, dostlarım yanıma gəlib gedirdi. Çox gəlib-gedirdilər. Ad çəkmək istəmirəm. Çünki kimisə yaddan çıxarsam, inciyər. Hamısına təşəkkür edirəm. Dəstəklərini hiss elədim.

- Media olanları nə dərəcədə düzgün işıqlandıra bildi?

- Çox izləmək imkanım olmurdu. Televizora baxmaq imkanımız da məhkəmədən məhkəməyə olur. Siz də media işçisisiz. Bilirsiz ki, hamı haqqı yazmır. Nəyisə güdənlər var idi. Maraqları olanlar var idi. Yalan yazanlar haqqıma girdi. Əgər o dünyada haqqımı ödəyəcəklərsə, girsinlər haqqıma. Allah deyir ki, qulum haqqını halal etməsə, mən bağışlaya bilmərəm. Yaradan hamısını görür.

“4 aydan sonra isə uşaqlarımı görməməyə dözə bilmədim”

- Yəqin ki, ən çox uşaqlarınıza görə narahat idiniz. Ananız demişdi ki, qızınız sizi məşqdə bilir...

- Birinci 4 ayı onu görmədən dözdüm. 4 aydan sonra isə uşaqlarımı görməməyə dözə bilmədim. Dedim ki, nə olursa-olsun yanıma gəlsinlər. Qızım suallar verirdi ki, bura haradır. Deyirdim ki, ata işdədir. İstəmirdim nə olduğunu anlasın. Deyirdi ki, gedək evimizə. Anam demişdi ki, bir dəfə yolda həbsxanaya oxşar bir yer görüb deyib ki, ata burda işləyir. Mən qızıma çox bağlıyam, hamıdan çox onu istəyirəm. Hər kəs də elə bilir ki, mənim elə bir qızım var. Amma oğlum da var. Lakin qızımı çox istəyirəm və bunu hər yerdə deyirəm. Anam bəzən əsəbiləşir ki, ayrı-seçkilik edirsən. Məndən asılı olan şey deyil.



- Komandanızın oyunlarında belə pankart açılırdı ki, “şəhid oğlundan qatil olmaz”...

- Bilirsiz, belə hadisələr şəhid oğlu olmağa baxmır. Mən heç zaman şəhid oğlu olduğumdan danışmamışam. Heç bir yerdə oynadığım futbolçular da bilməyib. Yalnız yaxın olduqlarım. O addan istifadə etməyə çalışmamışam. Atam vətəni üçün, ailəsi üçün şəhid olub. Bu, onun ad-sanıdır. Bizim ailə onun adından istifadə etməyib. Anam heç kimin qapısını döyməyib buna görə. Allah hər kəsə ruzi verir, bizim ailədə də mənə verib. Pul məni azdıra bilməz. 16 yaşımdan pul qazanmışam. Keçirdiyim günləri unutmuram. Pul məni qudurğanlığa apara bilməz. Maddi imkanım yaxşıdır deyə kimisə aşağılamaram. Sadəcə öz ailəmi yaxşı yaşatmaq üçün həmişə daha çox qazanmağı istəmişəm.

“Belə olan halda onların qapısına niyə getməliyəm?”

- Çıxandan sonra Rasimin ailəsinə baş çəkmədiyinizə görə çox qınaq obyekti oldunuz...

- Bu, düzgün anlayış deyil. İnanın ki, məhkəmədə Rasimin anasına dedim hər şeyi bir kənara qoyaq. Məhkəmə də bir yana. Rasimlə danışıqlarımızı üzə çıxarsalar, siz hər şeyi görəcəksiz. Bir onunla necə insan kimi danışdığımıza qulaq asın. Necə sağollaşdığımıza baxın. Onların niyyəti başqa idisə, mən nə edə bilərdim? Günahı varsa da, yoxsa da, Cavid həbs olunmalıdır deyirdilər. Əsas hədəf mən idim.

- Ən azından jest etmək olardı?

- Hər şey hər kəsin gözü qarşısında oldu. Pisə də, yaxşıya da Allaha görə cavab verəcəm. Bu yaşıma qədər heç kimlə münaqişəm düşmədi. Nə oldu birdən-birə bu qədər böyük hadisəyə səbəb oldum? Bir jurnalist “whatsapp”da məndən müsahibə götürmək istəyirdi. Ona dedim ki, bura mənim şəxsim, ailəm üçündür. Müsahibə istəyirsənsə, zəng elə görüşək, danışaq. Oyunların da qızğın vaxtı idi. O adam məndən küsdü. Bu hadisə baş verəndən sonra yazmışdı ki, “mən demişdim ki, Cavid axırda kimisə öldürəcək”. Buna ancaq gülmək olardı. Haqqıma girən cavabını verəcək. Rasimgilin evlərinə dayım da getmişdi. Onlar da bilirdi ki, Cavidin günahı yoxdur. İstəyirdim ki, məni dinləsinlər. Məhkəmələrdə hər şeyi danışdım, açıq şəkildə olanları anlatdım. Hadisənin necə olmasını dedim. Qaranlıq heç nə yox idi. Günahkar olmadığım ortada idi. Mənim günahsız yerə həbsdə çürüməyim üçün hər şeyi etdilər. Belə olan halda onların qapısına niyə getməliyəm? Qapılarına bir şərtlə gedərdim ki, mənimlə oturub danışardılar, bilərdilər nələr olub. Ağsaqqalları gəlib söhbət edərdilər. Onların etdikləri ilə razılaşa bilmərəm. Mən də ölkənin vətəndaşıyam və ölkəmin şərəfini qoruyuram.

- Bəs, yazışmalar niyə gec ortaya çıxdı?

- Onun səbəbini bilmirəm. Bəlkə də tez çıxsaydı, hər şey aydın olardı, bu qədər məni qınamazdılar. Hər şey gün kimi aydın idi.



- Həbsdə məşq edə bilirdiniz?

- 10 ay məşq edə bilmədim. Sonuncu 4 ayda bir az imkanım oldu.

- Futbol izləyə bilirdiniz?

- İlk vaxtlar baxa bilmirdim. Sonradan imkan olurdu. Düzü, elə bir vəziyyətdə olursan ki, futbola baxmağa da həvəs olmur.

- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki sizinlə maraqlanırdı?

- Sağ olsunlar ki, hər zaman dəstək oldular. Gələnlərdən salamlarını göndərirdilər. Bildirirdilər ki, sənin yanındayıq.

- Həbsdə səninlə olan uşaqlarla görüşürsünüz?

- Orda mənimlə olan uşaqların hamısını demək olar ki, özüm yola saldım. İçəridə qaldığım müddətdə 10-11 nəfər çıxdı. Çünki işim uzun çəkdi. Yaxın olduğumuz bir nəfər var ki, ordadır. Ümid edirəm ki, tezliklə azadlığa çıxar. Hamısı ilə azadlıqda görüşürük.

- Elşən İsmayılovun yanına getdinizmi?

- Yox.

“Maşallah Əhmədovu da mənim yanıma gətirmişdilər”

- Həbsə yeni gedəndə sizin futbolçu olduğunuzu bildilər?

- Əlbəttə. Hamı tanıdı, hörmət edirdilər. Maşallah Əhmədovu da mənim yanıma gətirmişdilər. Orda görüşdük. Ümid edirəm ki, onun üçün də hər şey yaxşı olar.

- Futbola gələk. Yanvardan öncə özünüzə gəlmək üçün bir təlim-məşq toplanışına ehtiyacınız olduğunu demişdiniz...

- Mən elə gəlirdi ki, düzələr. Yavaş-yavaş qaydasına düşər. “Neftçi” ilə qarşılaşmanın ilk hissəsində yaxşı oynamadım. Sanki donurdum, hava çox soyuq idi. İkinci hissədə özümə gəldim.

- Tutulmamışdan öncə kapitan idiniz. Qayıdanda sarğının sizə verilməməsi pis təsir etmədi?

- Yox. Hədəfim əvvəlki formama qayıtmaqdır. Həbsə düşməmişdən öncə o qədər yaxşı çıxış edirdim ki, azarkeşlərin sevgisini hər yerdə hiss edirdim. İndi də bilirəm ki, məni əvvəlki kimi görmək istəyirlər. Gücüm də, iradəm də, həvəsim də, məqsədim də var. Çalışıram. Həmin forma qayıdıb-qayıtmayacağımı isə zaman göstərəcək. 2-3 oyun 90 dəqiqə meydanda olub tempi tutmalıyam.

- Milli komandaya qayıtmaq üçün nə qədər vaxt lazımdır?

- Üzümüzə gələn oyunda dəvət gözləyirəm. Prosineçkinin fikrinə də hörmət edəcəm. O, indi də mənimlə maraqlanır. Milli komandanın məşqçilərindən, “Qəbələ”də olan xorvat futbolçulardan salamını göndərir. Məni çox istədiyini bilirəm.

- Komandanızın gücü çempionluğa yetəcək?

- Qərara almışıq ki, çempionluqdan danışmayaq. Oyunumuzu oynayaq və sonda nə olacaq görəcəyik. Çempionluq tək bizdən asılı məsələ deyil.



“Mən azərbaycanlı olaraq “Qarabağ”ın bir nömrəli azarkeşiyəm”

- Son zamanlar hakim səhvləri çox artıb. Bu durumdan ən çox narahat olan “Qəbələ”dir...

- “Neftçi” ilə oyunda qolu ofsayddan vurmuşuq. Hakimin necə belə səhvə yol verdiyini deyə bilmərəm. “Qarabağ”la, “Qəbələ” hazırda çempionluğa real namizəddir. Bu iki komandadan biri mövsümü zirvədə tamamlayacaq. Mən azərbaycanlı olaraq “Qarabağ”ın bir nömrəli azarkeşiyəm. Bunu hər zaman demişəm. Onların oynadığı futbol mənim çatmaq istədiyim, oynamaq istədiyim zirvədir, tərzdir. “Qarabağ” futbolu ilə rəğbət qazanıb. “Qəbələ” son iki ildə ölkəmizi Avropada layiqincə təmsil edir. Daxili liqada elə kobud səhvlər olur ki,.. Mətbuatda oxuyuram ki, iki komandanın azarkeşləri arasında söz atışması gedir. Amma bu, düzgün deyil. Futbolçular, rəhbərlik arasında olan isti münasibət fanatlara da keçməlidir. Ola bilər ki, bəzən narazılıq olur. “Qarabağ”la son oyunumuzda olanlar hakimin səhvi idi. Bu, onların günahı deyil. Düzdür, meydanda hisslərimizi cilovlaya bilmirik. Amma sonrada düşünürsən ki, belə olmaq lazım deyil. Hakimlərin də üzərinə böyük yük düşür. Bu iki komandanı bir-birinə düşmən etmək lazım deyil. Kənardan çox pis görünür.

- Komandaların indiki maddi durumu sizi narahat edir?

- Bu, bütün dünyada olan böhrandır. Bizə də ziyanı oldu. Maaşlarımız azaldı. Narahatıq, amma inanırıq. Ümid edirəm ki, yaxşı olacaq.

- Son sözünüz?

- Bu müsahibә ilә mövzu mәnim üçün bitdi. Söz vermişdim ki, sizә danışacam. Bundan sonra bütün diqqәtimi karyerama yönәldәcәm. İstәyirәm ki, ölkәmizi layiqincә tәmsil edim. Allah hәr şeyi görür vә hamımız onun qarşısında cavab verәcәyik. Heç kimin başına belә hadisә gәlmәsini istәmәrәm. Ümumiyyәtlә, Allah bizi insan yaradıbsa, hamı bir-birini başa düşsün. (Qafqazinfo.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024