Mobil versiya
Ramazan İnsanlığın bayramıdır
Tarix: 31-03-2025 | Saat: 18:37
Bölmə:Gündəm | çapa göndər

Ramazan İnsanlığın bayramıdır

Bəşəriyyətin mövcud olduğu bütün zamanlarda insanlar inanca sığınaraq özgüvən əldə ediblər. İnanc və iman insanı xeyirxah əməllərə, xoş niyyətlərə, sevgi və mərhəmət göstərməyə sövq edib. Beləcə inanclar da, niyyətlər də müqəddəsləşib, özünü və kainatı dərk edən hər bir insanın qəlbinə, beyninə, ruhuna köçüb. İndi hər bir bayramın gəlişi qəlblərdə xoş arzular yaradır, düşüncələrdə xeyirxah niyyətlər oyadır. Bayramlar insanlar arasındakı birlik və bərabərliyin, sevgi və hörmətin önə çıxdığı günlərdir. Bayramlar insanların bir-biri ilə qucaqlaşdığı və ən xoş arzularını səmimiyyətlə bir-birinə çatdırdığı günlərdir. Ən xoş niyyətlər və ən səmimi duyğular məhz bayram günlərində dilə gəlir və insanları bir-birinə daha da doğmalaşdırır. Bütün bayramların tacı olan müqəddəs Ramazan bayramı düşüncəsindən və əməlindən asılı olmayaraq hamını birlik və bərabərlik ruhuna kökləyir, insana insanlığı sevməyi, xeyirxah və mərhəmətli olmağı, qəlbləri yalnız xoş niyyətlərlə bəsləməyi öyrədir.
Ramazan bayramı İnsanın Təbiətlə harmonik qovuşmasını və onun bir parçasına çevrilməsini təcəssüm etdirir. Müqəddəs Ramazan Günəşlə gəlir və Günəş kimi ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir. Hər səhər Günəşin üfüqdən boylanması təbiəti canlandırdığı kimi Ramazan bayramının gəlişi də insanların qəlbində xoş ovqat və xoş ümidlər oyadır. İnsanlığın Günəşə ümidi sonsuz olduğu kimi, Ramazan dualarına və niyyətlərinə ümidləri də tükənməzdir. Bütün ümidlərin doğrulması, ruzi-bərəkətin bolluğu, ədalətin təntənəsi isə İnsanın öz inancına, Ali Ədalətin mizan-tərəzisinə inamı və sədaqəti ilə bağlıdır.
Ramazan bayramı bütün insanların bir-biri ilə qovuşduğu bir gündür. Əllərin və qəlblərin açıldığı bu gündə insanlar ürəklərindəki sevgi və mərhəməti, əllərindəki ruzi-bərəkəti bir-biri ilə paylaşır. Həyatda olan və olmayan, yaxında və ya uzaqlarda olan hər bir şəxs öz doğmaları və əzizləri tərəfindən yad edilir, xoş xatirələrlə anılır və beləcə bütün insanlar Müqəddəs Ramazan duaları və diləkləri ilə bir-birinə qovuşur.
Ürəklərdə saf niyyətlərin və xoş diləklərin çağladığı belə bir gündə xalqımızı Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu gözəl bayramın süfrələrə bolluq, düşüncələrə aydınlıq, qəlblərə sevgi və mərhəmət, İnsanlığın həyatına xoşbəxtlik və səadət gətirməsini arzulayıram!

Cavanşir Feyziyev
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-04-2025