Mobil versiya
Ayxan Tağızadə: "Atam taekvando müəllimi olmasaydı mən indi futbolçu idim"
Tarix: 02-02-2017 | Saat: 13:49
Bölmə:İdman / Karusel | çapa göndər

Ayxan Tağızadə: "Atam taekvando müəllimi olmasaydı mən indi futbolçu idim"








I Avropa Oyunlarının qalibi, Dünya və Avropa çempionatlarının mükafatçısı Ayxan Tağızadənin Goal.az-a müsahibəsi:
- Taekvandoçu ailəsində dünyaya gəlmisiniz. İdman növünü seçməyinizdə də yəqin ki, atanızın rolu olub.
- İdmana gəlməyimdə ən böyük rolu olan atamdır. Bizim ailəni Taekvando ailəsi də adlandırmaq olar. Qardaşım Fərid Tağızadə taekvando ilə məşğul olurdu. Dəfələrlər Respublika çempionu, turnirlərin qalibi, mükafatçısı və 21 yaşlılar arasında keçirilən Avropa çempionatında üçüncü olub. Atam Əvəz Tağıyev həm mənim şəxsi müəllimim, həm də Para -taekvandonun baş məşqçisidir.

- Bakıda keçirilən I Avropa oyunları sənin üçün uğurlu keçdi, qızıl medal qazandın. Təssüratların maraqlıdır.
- Bakıda keçirilən Avropa oyunlarına çox güclü hazırlaşırdım. Çünki Avropa oyunlarından 1 ay qabaq dünya çempionatında iştirak etmişdim. Orda 3 döyüş uddum, ancaq medal döyüşündə rus rəqibimə uduzub beşinci oldum. Həvəsdən düşmədim. Həm psixoloji, həm fiziki baxımdan çox güclü hazırlaşdım və nəticəsini gördüm. Şükür ki, çempion oldum. Çempion olanda gözünün önünə neçə ilin əziyyəti, məşqləri, zədələri gəlir. O anları xatırlayanda şirin bir sevinc gəlir ki, əziyyətin bəhrəsini görmüşəm.

- Yaşın az olsa da, bir çox turnirlərdə iştirak etmisən, medallar qazanmısan. Sənin üçün ən yaddaqalan turnir hansı olub?
- Yaşım az olmağına baxmayaraq, taekvando ilə çoxdan məşğul oluram. 2012-ci ildən bu ilə qədər böyük uğurlarım olub. 2013-cü ildə ən böyük uğurum Avropa ikinciliyi olub. Ondan sonra daha da həvəsləndim və dəfələrlə turnirlərin qalibi, mükafatçısı olaraq reytinq siyahısında ireliləyirdim. Ən yadda qalan yarış mənə haqsızlıq edib uduzdurduqları olmuşdu. Hakim heç nə olmadan məni cəzalandırdı. Döyüş bitməmiş oyundan kənarlaşdırıldım. Sonra hakim də bu hərəkətinə görə cəzalandı.

- Növbəti olimpiya oyunlarında qızıl medal ümidlərimizdən biri sənsən...
- İnşallah, mən də çox istəyirəm. İdmançıların ən böyük arzusu Olimpiya çempionu, medalçısı olmaqdır. Və mənim də ən böyük məqsədim budur. Əlimdən gələn hər şeyi ortaya qoyacağam.

- Sosial şəbəkələrdə daha çox şəkil paylaşmağa üstünlük verirsən...
- İndi sosial şəbəkələrdən demək olar ki, ham istifadə edir. Mən də boş vaxtlarımda məşqdən, ya da adi şəkillərdən paylaşiram. Çox sağolsunlar, izləyib dəyərləndirirlər.

- Qazandığın uğurlar səndə arxayınlıq yaradır, yoxsa daha çox məsuliyyət verir?
- Arxayınlıq yaratmasına icazə verə bilmərəm. Çünki yaşım azdır, qazanacağım uğurların çoxu hələ qarşıdadır.

- İdmançıda uğur qazanmaq üçün hansı keyfiyyətlər olmalıdır?
- Əsas istək olmalıdır. Həm də qarşına məqsəd qoyub ciddi şəkildə hazırlaşmalısan. Bu da insandan iradə tələb edir.

- Digər idmançılarla münasibətlərin necədir?
- Dostluq etdiklərim var. Güləşçilər, karateçilər və boksçularla münasibətim daha yaxşıdır.

- Müsahibələrinin birində futbolçu olmaq istədiyini demişdin. İndi də istəyirsən?
- Atam taekvando müəllimi olmasaydı mən indi futbolçu idim (gülür). Futbola çox böyük həvəsim var. 9 yaşımda həm taekvandoya, həm də futbola gedirdim.Həm dərs, həm taekvando, həm futbol çatdıra bildirdim, yorulurdum. İndi də boş vaxt olanda dostlarımla futbol oynayıram. Mənə indi hansısa futbol klubundan təklif gəlsə qəbul edərəm.
- Zlatan İbrahimoviç də əvvəl taekvandoçu olub...
- Bilirəm, əvvəl taekvandoçu olub. O futbolda inkişaf edib, mən də taekvandoda (gülür). Mən özüm "Barcelona" azarkeşiyəm. Ən çox bəyəndiyim futbolçu da Messidir.

- Boş vaxtlarını necə dəyərləndirirsən?
- Boş vaxtlarda dostlarımla futbol və ya playstation oynamağa gedirəm. Həm də ailəmlə vaxt keçirməyi xoşlayıram.

- İdmançılar qidalanmalarına xüsusi diqqət edirlər. Hansı yeməkləri xoşlayırsan?
-Biz milli komandadayıq. Oteldə bizə yağı və kalorisi az olan xüsusi yeməklər verirlər. Həkim də bizim yeməklərə diqqət edir. Çəkim yaxşı olanda ən xoşladığım yeməklər yarpaq dolması, plov, qızardılmış kartof, kotlet, mərci şorbası və dovğa, hamısını saydım (gülür). Göbələyi uşaqlıqdan heç sevmirəm. Yeməkdə olanda ayırıb sonra yeyirem.

- Bilmədiyimiz hansı bacarıqların var?
- Musiqi ilə aram yaxşıdır. Gitara çalmağı bacarıram. Ata nənəm musiqiçi olub. Həm də oxuyuram (gülür). Adətən evdə ailəm üçün ifa edirəm. Hərdən ürəyim istəyəndə otelə də gətirirəm, ancaq bu az olur. Əsas fəaliyyətim evdədir.

- Qarşıda hansı turnirlər olacaq?
- Fevralın 4-ü Türkiyəyə yola düşürük. Orda 2 yarışda iştirak edəcəm. Reytinq verən yarışlardır. İndi Olimpiya reytinqinde ilk "10-luq"da, səkkizinci yerdəyəm. Bu il əsas yarış İslam oyunları və Dünya çempionatı olacaq. İstədiyim nəticələri qazanmaq üçün əlimdən gələni edirəm.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024