Xalqa xidmətə həsr olunmuş ömür
Tarix: 12-02-2019, 12:36 | Saat: 15:47:00
Bölmə:Seçilənlər-10 | çapa göndər

Xalqa xidmətə həsr olunmuş ömür




Yusif Nağıyevin doğum tarixində gözəl və firavan gələcəyə bir işarə olub

Məlum olduğu kimi, bu gün ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir. Bu vəzifələrin effektiv icrası məqsədilə Agentliyin tərkibində çoxsaylı qurum və struktur bölmələri fəaliyyət göstərir ki, onlardan da biri “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Öz növbəsində İ emal müəssisələrinin, eləcə də iqtisadiyyatın digər sahələrində obyektlərin, onlarla bağlı qurğuların, avadanlıq və sistemlərin, infrastruktur obyektlərinin layihələndirilməsini, tikinti ilə əlaqədar mühəndis-axtarış işlərini həyata keçirir. Artıq 26 ildir ki, “Azərinşaatlayihə” DBLKT İnstitutunun direktoru vəzifəsində Əməkdar mühəndis Yusif Nağıyev çalışır.

Yusf Nağıyev 1945-ci ildə, Bakı şəhərində dünyaya göz açıb. Yusif müəllimin doğum tarixində də bir özünəməxsusluq, daha gözəl və firavan gələcəyə bir işarə olub. Belə ki, bir tərəfdən həmin gün, yəni mart ayının 21-də xalqımız Novruzun ilk günündə qədim ənənələrinə uyğun olaraq, baharın gəlişini bayram edirdi. Digər tərəfdən də II Dünya müharibəsinin, keçmiş SSRİ-nin tərkibində yaşayan xalqlar üçün isə, Böyük Vətən Müharibəsinin sona çatmasına artıq sayılı günlər qarışmışdı. Necə deyərlər, havada bayram və qələbə əhval-ruhiyyəsi bir-birinə qarışmışdı. Və belə bir gündə Nağıyevlər ailəsinə daha bir sevinc qismət olur...

Aqrar Sənaye Kompleksinin obyekt və müəssisələrini layihə-smeta sənədləri ilə təmin etmək üçün 1966-cı ildə, keçmiş SSRİ Yeyinti Nazirliyinin əmri ilə, Moskvada fəaliyyət göstərən və 1974-cü ildə adı dəyişdirilərək “Qipropişeprom-2” qoyulan “Qiprospirtvino” İnstitutunun Bakıda kompleks layihə şöbəsi açılır. 1975-ci ilin fevralında isə, bu kompleks layihə şöbəsi keçmiş SSRİ Yeyinti Sənayesi Nazirliyinin əmri ilə 2 nömrəli Yeyinti Sənayesi Layihə İnstitutunun Bakı filialına çevrilir. 1994-cü ildə instituta “Azərdövlətətsüdsənayelayihə” İnstitutu birləşdirilir və institutun adı “Azəryeyintiətsüdsənayelayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutuna dəyişdirilir. Bu ad altında institut 2004-cü ilə kimi fəaliyyət göstərir.

...Ziyalı ailəsində dünyaya gəlməsi, Yusif Nağıyevin sonrakı taleyində də həlledici rol oynayır. Elmə, təhsilə yönləndirilən gənc Yusif 1952-1962-ci illərdə Bakı şəhərindəki 160 nömrəli rus dilli orta məktəbi bitirdikdən sonra, təhsilini davam etdirmək üçün əvvəlcə sənədlərini Leninqrad Politexnik İnstitutuna verir. 1963-1964-cü illərdə həmin ali məktəbin Radioelektronika fakültəsində qiyabi təhsil alır. Eyni zamanda da Yusif Nağıyev artıq 1962-ci ildən Bakı radio zavodunda başladığı əmək fəaliyyətini davam etdirərək, 1966-cı ilə kimi burada I dərəcəli yığıçı, II dərəcəli tənzimləyici vəzifələrində çalışır. 1966-1967-ci illərdə isə o, Bakı Kondisioner zavodunda IV dərəcəli yığıçı-çilingər vəzifəsində çalışmış, müəssisənin və rayonun ictimai həyatında fəal iştirak etmişdir...

Məhz 1994-2004-cü illərdə İnstitut ölkənin layihə sektorunda aparıcı layihə qurumlarından biri kimi özünü təsdiq etmiş, görülən böyük işlərlə institutun maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olunmuşdur. 2004-cü ildə institutun adı yenidən başqa bir ada “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor İnstitutuna dəyişdirilmişdir. Qeyd etmək lazımdır ki, fəaliyyət göstərdiyi illər ərzində İnstitut yüksək maddi-texniki təchizatı olan, yüksək səviyyəli, peşəkar mütəxəssislərə malik güclü bir müəssisəyə çevrilmişdir. Arxada qalan illər ərzində institutun layihəçiləri tərəfindən yüzərlə şərab zavodunun, şərab saxlama bazalarının, şərabçılıq tullantıları emal müəssisələrinin layihə-smeta sənədləri hazırlanmaqla faktiki olaraq respublikamızda şərabçılıq sənayesi yaradılmış, 16 konserv zavodlarının, 40 çörəkbişirmə, makaron və qənnadı məmulatı sənayesi, yaşıl çay yarpağının emalı, tütün – fermentasiya zavodlarının, çörək məmulatları kombinatlarının, 37 ət-süd müəssisələrinin, 32 istifadədə olan ət-süd müəssisələrinin yeni avadanlıqla təmin edilərək yenidən qurulmasının layihələri hazırlanmışdır. Eyni zamanda çoxillik bitkilərin əkilməsi, bağların salınması üçün 400-dən çox layihə hazırlanmışdır.

...Dediyim kimi, elm və təhsilə böyük həvəsi olan Yusif Nağıyev 1967-1974-cü illərdə artıq Moskva şəhərində yerləşən Ümumittifaq Yeyinti Sənaye İnstitutunun mühəndis iqtisadiyyat fakültəsində təhsil alaraq mühəndis-iqtisadçı ixtisasına yiyələnir. Lakin həmin vaxt da Yusif müəllim əmək fəaliyyətinə ara vermir. Belə ki, o, 1967-1969-cu illərdə Nərimanov rayon Komsomol Komitəsi Bakı Yeyinti Sənaye Texnikumunda komsomol komitə katibi, 1969-1974-cü illərdə Bakı şəhər Komsomol Komitəsində təlimatçı, şöbə rəisinin müavini, 1974-1977-ci illərdə Azərbaycan KP MK Bakı şəhər Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifələrində çalışmışdır. Həmçinin Yusif Nağıyev 1975-1977-ci illərdə Bakı şəhəri Oktyabr rayon sovetinin deputatı olmuşdur. Həmin illərdə Yusif müəllimi tanıyanlar da təsdiq edirlər ki, bir millət vəkili kimi o, seçicilərinin mövcud problemlərinin həllində hər zaman onlara yaxından köməklik göstərmişdir...

Ötən illər ərzində İnstitut böyük bir təşkilata, layihə qurumuna çevrilmiş və burada yaxşı, peşəkar mühəndis, layihəçi-konstruktor kadrlar yetişmişdir. Hətta sovet dönəminin “durğunluq dövrü” adlandırılan mərhələsində belə, İnstitut heç zaman öz fəaliyyətinə ara verməmiş, bir gün də iş axsamamışdır.

Bununla belə, məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı, bütün ölkə üçün olduğu kimi, bu müəssisə üçün də ikinci həyatın başlanğıcı oldu. Bu ildən etibarən İnstitutda işlərin həcmi və tempi artmağa başlamış və 1997-1998-ci illərdən institut tam gücü ilə fəaliyyətini bərpa etmişdir.

Son illər ərzində Y.H.Nağıyevin rəhbərliyi altında institutun hazırladığı çoxsaylı layihələrlə respublikamızın bütün bölgələrində, eləcə də paytaxtımız Bakıda yüzlərlə irili-xırdalı mədəni-məişət və istehsalat obyektləri tikilərək istifadəyə verilmişdir.

2006-cı ildə “Azərinşaatlayihə” DBLKT İnstitutu Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinın tabeçiliyinə verilmiş və bundan sonra İnstitutun fəaliyyətində yeni bir mərhələ başlamışdır.

...1977-ci ildən ixtisası üzrə “Qipropişeprom – 2” layihə institutunun Bakı filialında, indiki “Azərinşaatlayihə” DBLKT İnstitutunda böyük mühəndis kimi işə başlayan Yusif Nağıyev

sonrakı illərdə özünün iş bacarığı və elmi bilikləri sayəsində yüksələrək qrup rəhbəri, bölmə rəhbəri, baş mütəxəssis, texniki şöbənin rəisi, istehsalat üzrə direktor müavini vəzifələrində işləmişdir. 1993-cü ilin mart ayından isə, Y.H.Nağıyev “Azərinşaatlayihə” DBLKT İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.

12 may 1991-ci ildə Yusif Nağıyev Azərbaycan Respublikasının Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.

Artıq altımış ilə yaxın bir müddətdir ki, Yusif Nağıyev xalqı üçün gərəkli bir ömür yaşayır, dövlətimizin maraqlarına sədaqətlə xidmət edir. İnsanlarla daim sıx təmasda keçmiş bu mənalı həyatın daha bir dəyərli nəticəsi olaraq, bu gün ölkənin bir çox layihə təşkilatlarında vaxtı ilə Yusif Nağıyevin rəhbərliyi altında işləyib, təcrübə toplayaraq layihəçı kimi formalaşmış mütəxəssislər çalışmaqdadırlar. Təsadüfi deyil ki, Yusif müəllim ömtünün 41 ilini həsr etdiyi “Azərinşaatlayihə” DBLKT İnstitutuna artıq 26 ildir ki, bacarıq və səriştə ilə, yüksək peşəkarlıqla rəhbərlik edir.

Bu illər ərzində Yusif Nağıyev aşağıdakı layihələrə rəhbərliyi həyata keçirmişdir:

Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə: Türkan qəsəbəsində Alayın layihəsi; Gəncə şəhərində briqadanın layihəsi; Sanqaçal qəsəbəsində 200 min tonluq taxıl saxlamaq üçün Elevatorun layihəsi; Xırdalan Pivə zavodunda yenidənqurma layihəsi; Yevlax şəhərində uşaq və gənclər idman məktəbinin layihəsi; Şamaxı rayonunda Astrofizika Rəsədxanasının əsaslı yenidən qurulması; Şəki və Gəncə şəhərlərində arxiv binaları; İmişli rayonunda qaçqınlar və məcburi köçkünlər üçün 550 ailəlik qəsəbə; Füzuli rayonunun Horadiz qəsəbəsində Olimpiya İdman Kompleksi; Sabunçu rayonu ərazisində məcburi köçkünlər üçün 5 mərtəbəli 70 mənzilli yaşayış evi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə: Əlil və şəhid ailələri üçün 3 ədəd 9 mərtəbəli 81 mənzilli yaşayış binaları;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə: Respublikamızın 5 rayonunun - Qəbələ, Oğuz, Ağstafa, Qazax və İmişli şəhərlərinin baş planları; Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Bakı şəhərində Laboratoriya binası; Sumqayıtda, Lənkəranda və digər rayonlarda isə, onların ərazi bölmələri üçün iki mərtəbəli binalar; Abşeron rayonunun Xırdalan şəhərində “Zəhmət-Ruzi” şirkəti üçün istehsal sahəsi kompleksi; Şamaxı, Goranboy, Tovuz, Dəvəçi, Qobustan və Biləsuvar rayonlarında parklar, istirahət ünvanları və digər abadlıq işlərinin layihələri; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qospitalının 9 mərtəbəli korpusunun layihəsi; Fransanın “Klim” şirkəti ilə birgə Bakıda Balaxanı qəsəbəsində bərk məişət tullantılarının yandırılması zavodu; “Xolsum” alman şirkətinin sifarişi ilə: Qaradağ sement zavodunda Çin mütəxəssisləri ilə birgə 6-cı sobanın layihəsi;

MKSİF-in sifarişi ilə: Məcburi köçkünlər üçün Ağdam rayonunda 1689 ailəlik 3 yeni qəsəbənin layihələri; “Vizer Constrasion” şirkəti ilə birlikdə Daxili İşlər Nazirliyi üçün Zaqulba qəsəbəsində sanatoriya layihəsi; Xüsusi Mühafizə İdarəsi üçün idman kompleksi; Buta qəsəbəsində Müdafiə Nazirliyi üçün dəniz bazası;

Seysmoloji mərkəzin sifarişi ilə: Respublikamızın 7 rayonunda seysmoloji stansiyalar; Qəbələ rayonunda böyük stadion; Xırdalan Pivə zavodunun yenidənqurulması layihəsi.

Bütün bu saydıqlarımız əlbəttə ki, Yusif müəllimin rəhbərliyi altında işlənmiş layihələrin sadəcə bir hissəsidir. Bununla belə, düşünürük ki, xüsusi əhəmiyyət kəsb etdiklərinə görə, məhz son vaxtlar hazırlanmış layihələrdən bəzilərini xüsusi olaraq qeyd etmək lazımdır.

Beləliklə, ötən 2-3 il ərzində Yusif Nağıyevin rəhbərliyi altında hazırlanmış ən önəmli layihələrdən biri “SOCAR Polymer” şirkətinin yeni istehsalat obyektləri üçün nəzərdə tutulub. Qeyd edək ki, bu layihənin həyata keçirilməsində İtaliyanın Tecnimont layihə-konstruktor şirkəti də iştirak edib. Digər bir müştərək iş, Karbamid zavodunun layihələndirilməsi Cənubi Koreyanın Samsung Engineering Co, Ltd. şirkəti ilə birgə həyata keçirilib. Həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi İtaliyanın “KT-Kinetics Technology S.p.A” şirkəti ilə birgə hazırlanıb. “SOCAR Polymer” şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen İstehsalı zavodları üçün Azot qurğusunun layihələndirilməsi Rusiyanın “Kriogenmaş” ASC şirkəti ilə birgə reallaşdırılıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni Bitum qurğusunun inşası isə, Avstriyanın “Poerner” şirkəti ilə birgə layihələndirilmişdir.

Bundan başqa “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin; Ağdaşda biyan emalı zavodunun; “Sumqayıt Texnologiyalar Parkı”nın; Qəbələdə Heydər Əliyev adına Konqres Mərkəzinin; Göygöldə 3 ədəd 5 mərtəbəli yaşayış binasının; Müşfiqabadda valideyn himayəsindən məhrum olmuş, uşaq evləri və internat məzunları üçün nəzərdə tutulmuş 3 ədəd 13 mərtəbəli, 120 mənzilli yaşayış binasının; Xaçmazda və Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun sifarişi ilə tutumu 3000 ton olan taxıl anbarlarının; Pirallahı qəsəbəsində 3 ədəd 9 mərtəbəli yaşayış binasının və 1 məktəbin tam infrastrukturla layihələndirmə işləri də məhz Yusif müəllimin rəhbərliyi altında həyata keçirilib.

Sonda bu məqamı da vurğulamaq istəyirik ki, Yusif Nağıyev bu gün də xalqımızın rifahı, dövlətimizin inkişafı naminə öz yaradıcı fəaliyyətinə yüksək səmərəliliklə davam edir. Hal-hazırda onun rəhbərliyi altında “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun əməkdaşları tərəfindən bir çox önəmli layihələr hazırlanmaqdadır və ümid edirik ki, gələcək materiallarımızda biz bu layihələr haqqında daha ətraflı məlumatları oxucularımıza təqdim edə biləcəyik.

aia.az

Abbas Abbasov
Elbrus Bağırovшаблоны для dle 11.2



570 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
14-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}