Mobil versiya
Prezident İlham Əliyevin Liderliyi ilə Qərbi Azərbaycana, Zəngəzura doğru...
Tarix: 09-01-2025 | Saat: 10:03
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Liderliyi ilə Qərbi Azərbaycana, Zəngəzura doğru...

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi, 2024-cü ilin sosial-iqtisadi mənzərəsini və gələcəyə dair proqnozları əks etdirən parlaq siyasi bir mesaj kimi qiymətləndirilə bilər. Dövlət başçısının hərtərəfli və analitik çıxışı, ölkəmizin inkişaf yolunda atdığı uğurlu addımları yüksək dəyərləndirən bir siyasət ustalığının təcəssümüdür. Prezident İlham Əliyev müsahibədə Azərbaycanın iqtisadi inkişafındakı böyük irəliləyişləri qürurla təqdim etdi. Qeyri-neft sektorundakı 7 faizdən çox artım və ümumi daxili məhsulun 4 faizdən artıq artması, ölkəmizin iqtisadi siyasətinin nə qədər düzgün və strateji olduğunu sübut edir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatında əldə edilən nailiyyətlər, təkcə regional deyil, qlobal səviyyədə də diqqət çəkir. Prezident İlham Əliyevin iqtisadi müstəqillik və maliyyə sabitliyi ilə bağlı açıqlamaları, Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasında olduğunu bir daha təsdiqləyir. Xarici borcun ümumi daxili məhsula nisbətinin cəmi 7.2 faiz olması və valyuta ehtiyatlarının xarici borcu 14 dəfə üstələməsi, Azərbaycanın iqtisadi gücünün təməl göstəriciləridir. Bu nailiyyətlər, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin birbaşa nəticəsidir. Sosial siyasətə xüsusi diqqət ayıran Prezident İlham Əliyev, 2024-cü ilin əvvəlindən minimum əməkhaqqının 400 manata, minimum pensiyanın isə 320 manata çatdırılmasını təmin edib. Bu addımlar, dövlət başçısının vətəndaş rifahını daim ön planda tutduğunu göstərir. Prezidentin "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdır" ifadəsi, ölkədə sosial ədalət prinsipinin davamlı olaraq həyata keçirildiyini əks etdirir. Bununla yanaşı, Qarabağın bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr, Azərbaycanın iqtisadi və siyasi gücünü göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə atılan qətiyyətli addımlar, ölkəmizin regional və qlobal arenada mövqeyini daha da gücləndirir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə bağlı dövlət başçısının vurğuladığı mövqeyi, Azərbaycanın tarixi ərazilərinin yenidən canlandırılması istiqamətində göstərilən siyasi iradənin əyani nümunəsidir. Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də region üçün strateji əhəmiyyət daşıyan bir layihədir və bu məsələdə Azərbaycanın liderlik rolu danılmazdır. Bütövlükdə isə cənab Prezident müsahibə zamanı Qərbi Azərbaycana qayıdışın mümkünlüyünü də önə çəkdi. “ Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”. Dövlət başçısının ümid, qətiyyət və inamla dediyi kimi “Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər. Cənab Prezidentin beynəlxalq reytinq agentliklərinə ünvanladığı mesaj, Azərbaycanın iqtisadi uğurlarının obyektiv şəkildə dəyərləndirilməsinə çağırış kimi diqqət çəkir. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, Azərbaycanın real göstəriciləri, beynəlxalq səviyyədə daha yüksək qiymətə layiqdir. Ümumilikdə, Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycanın iqtisadi, sosial və siyasi sahələrdə əldə etdiyi böyük nailiyyətlərin dolğun bir mənzərəsini təqdim edir. Bu müsahibə, təkcə daxili auditoriyaya deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə də Azərbaycanın sabit, güclü və müstəqil bir dövlət olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan, hər sahədə parlaq gələcəyə doğru inamla irəliləyir.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025