Mobil versiya
Lizinq müqaviləsi üzrə bir sıra məsələlərin tənzimlənməsi - Aysu Nəbizadə yazır
Tarix: 01-12-2024 | Saat: 20:31
Bölmə:Manşet / Gündəm / Ölkə | çapa göndər

Lizinq müqaviləsi üzrə bir sıra məsələlərin tənzimlənməsi

Lizinq (leasing-kirayələmək, kirayəyə vermək) müqaviləsi əmlakın istifadəyə verilməsi üzrə bağlanılan və özündə bir sıra müqavilələrin (kredit, alqı-satqı və kirayə(icarə)) elementlərini cəmləşdirən müqavilədir. Bir sıra mənbələrə əsasən bu müqavilə növü məhz 1930-cu ildə Böyük böhran dövründə meydana çıxsa da, İkinci Dünya müharibəsi illərindən sonra geniş yayılmışdır. Əsas məqsəd sahibkarların kreditə baş vurmadan az məbləğdə investisiya qoyaraq əldə edəcəkləri avadanlığı daha uzun müddətdə ödəmək imkanı əldə etməkdir. Mövzu müqavilənin növləri, xüsusiyyətlər, lizinq verən və lizinq alan arasında zərərin bölüşdürülməsi məsələləri araşdırılmış və məhkəmə praktikasına nəzər salınmışdır.

Avadanlığın istifadə müddətinə görə lizinq forması operativ lizinq və maliyyə lizinqi olaraq iki yerə ayrılır. Qeyd etmək lazımdır ki, lizinqin operativ lizinq adlanan forması ingilis dilində “operating leasing” olaraq adlandırılır. Bu zaman azərbaycan dilinə tərcümədə operativ lizinq olaraq adlandırılması əvəzinə, fəaliyyət lizinqi kimi adlandırılması daha məqsədlidir. Fəaliyyət lizinqində əmlak qısa müddətə lizinqə verilir, lizinq alan isə yalnızca icarə haqlarını ödəyir, malın iqtisadi baxımı ilə bağlı bütün xərclər isə lizinq verənə aid olur. Qısa müddətli lizinqə verildiyindən malın bütün dəyərini lizinq ödənişləri hesabına qarşılamaq olmur, bu baxımdan mal təkrar-təkrar lizinqə verilir. Bu lizinqdə əsasən lizinq verən malın istehsalçısı kimi çıxış edir.

Maliyyə lizinqi (capital leasing) isə daha geniş yayılan lizinq formasıdır. Əmlak uzun müddətə lizinqə verilir, bütün risklər isə lizinq alana aid olur. Lizinq obyekti lizinq alan tərəfindən seçilir, lizinq verən isə seçilən obyekti maliyyələşdirir.

Lizinq müqaviləsinin forması (yazılı) və onda qeyd edilməli olan məsələlər barəsində qanunvericiliyin imperativ tələbi mövcuddur. (MM 748)

Lizinq müqaviləsində qanunda nəzərdə tutulan istisna hal nəzərə alınmaqla, ödəniş manatla ifadə edilməlidir. Belə ki, lizinqdə qeyd edilən ödəniş pul öhdəliyidir, yəni ödəniş vasitəsidir. Mülki Məcəllənin 439.1-ci maddəsində təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

Çox zaman praktikada bu ödəniş məbləğinin tərəflərdən asılı olmayaraq digər pul vahidi ilə qeyd edilməsi məsələlərinə rast gəlirik. Halbuki, bu müqavilə üzrə ödəniş mülkiyyət kimi çıxış etməməkdədir. Alqı-satqı, podrat, icarə kimi qəbildən olan müqavilələrdə ödəniş pul öhdəliyinin ifadə formasıdır. Lizinq də bu qəbildən olan müqavilələrdən olmaqdadır. Lakin kredit müqaviləsində isə məbləğin digər pul vahidi ilə ifadə olunmasına yol verilə bilər, çünki burada verilən pul mülkiyyət kimi çıxış edir. Bu barədə oxşar məhkəmə təcrübəsində (İş № 2(102)-3574/2020, 11.08.2020) qeyd edilir :”..... Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə kredit və ipoteka müqavilələrindən fərqlənir və belə müqavilələrlə eyniləşdirilə bilməz. Lakin təcrübədə bir sıra hallarda həm lizinq verən hüquqi şəxslər, həm də lizinq alanlar yanlış olaraq lizinq münasibətlərini kredit və ipoteka hüquq münasibətləri hesab edirlər. Halbuki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi).

Praktikada lizinq müqaviləsi bağlanmamışdan əvvəl lizinq alan tərəfindən avans məbləği ödənilməkdədir. Avans məbləğinin lizinq ödənişi sayılıb-sayılmaması məsələlərində isə lizinq müqaviləsinin ləğvi zamanı məhkəmə mübahisələri baş verir. Qeyd etmək lazımdır ki, əgər bu məbləğ lizinq ödənişi hesab olunacaqsa, müqavilədə bu barədə bənd qeyd edilməli, lizinq alan tərəfindən edilən ödənişlərin lizinq ödənişinin tərkibinə daxil olmalı olması göstərilməlidir.

Lizinqə xitam verildikdə isə öz növbəsində əmlak geri qaytarılır. İlkin olaraq ödənilmiş avans isə lizinq verəndə qalır. Lizinqə xitam verildikdən sonra da, lizinq ödənişi hesab edilməyən avansın qaytarılmaması lizinq verənin əsassız şəkildə varlanmasına səbəb olacaqdır və bu hal mülki qanunvericiliyin müddəalarına zidd hesab olunur. Bəzi hallarda hətta bu məbləğ elə əmlakın lizinq verən tərəfindən alqı-satqı müqaviləsi ilə əldə edilməsi halında ödənilir. Belə çıxır ki, lizinq alan baş tutmamış müqavilə üzrə lizinq obyektinin əldə edilməsində də iştirak etmişdir. Bu səbəbdən də avansın qaytarılmaması halında lizinq alanın mənafeləri və tərəflər arasında hüquq bərabərliyi pozulacaqdır.

Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllənin 6.2 və 337.1-ci maddələri).

Digər bir məsələ lizinq obyektinə zərərin dəyməsi ilə bağlıdır. Bu qəbildən olan mübahisələrdə ilk olaraq müddət məsələsi aydınlaşdırılmalıdır. Belə ki, qaunla müəyyə olunmuş kəsici müddətin keçməsi halında hüquq xitam olunacaqdır. Belə ki. MM-in 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab edir.

Bu zaman MM-in 697.4-cü maddəsinin tələblərin müvafiq olaraq, İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır.

Müddətlə bağlı məsələlər araşdırıldıqdan sonra digər normalara nəzər salaq. Lizinq obyektinə dəyən zərərlə bağlı qanunverici dispozitiv norma müəyyənləşdirir. Belə ki, MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

Göründüyü kimi, müqavilədə zərərin ödənilməsi iə bağlı fərqli tənzimləmə mövcuddursa, bu zaman həmin müqavilə şərti münasibətə tədbiq ediləcəkdir.

Hesab edək ki, sublizinq müqaviləsi bağlanılmış, əmlak üçüncü şəxsə lizinqə verilmişdir. Zərərin dəyməsi halıda məsuliyyətin tənzimlənməsi halında da lizinq alan məsuliyyət daşıyacaqdır. Belə ki, MM-in 683.3-cü maddəsinə əsasən istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Vurulan zərərin əvəzini ödəyən lizinq alan daha sonra reqress qaydada zərər vuran üçüncü şəxsdən tələb edə biləcəkdir.

Aysu Nəbizadə,
Bakı Şəhəri Reklam İdarəsinin aparıcı hüquqşünası





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024