Mobil versiya
Müttəfiqlik uğurla davam edir
Tarix: 14-10-2024 | Saat: 10:04
Bölmə:Özəl | çapa göndər

Müttəfiqlik uğurla davam edir

Dövlətimizin xarici siyasətində ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsasdır. Azərbaycanın müasir tarixində bu dostluğun real nəticələri haqqında.yazmaq olar. Amma inamla onu demək olar ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. İki il bundan əvvəl Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş tam mənası ilə icra edilir. Rusiya hərbi sənayesi, iqtisadi imkanları baxımından bizim qüdrətli qonşumuzdur. Biz bu dövlətlə eyni ittifaqda təmsil olunmuş, eyni ideologiya ilə idarə edilmiş, eyni dəyərləri bölüşmüşük. Rusiya ölkəmiz üçün geniş bazardır və bu ölkədə yaşayan milyonlarla soydaşımızın ikinci vətənidir. Ona görə də biz qonşuluğumuzdakı bu qüdrətli dövlətlə münasibətlərimizi daima mehriban qonşuluq şəraitində inkişaf etdirməliyik, keçmişə qapanıb qalmamalı, vaxtilə bu dövlətin ayrı-ayrı məsuliyyətsiz və qərəzkar rəhbərlərinin xalqımıza qarşı etdiyi pislikləri şişirdib milli doktrina səviyyəsinə çatdırmamalıyıq. Qərb qonşuluğumuzda belə edənlər, 100 il əvvəl baş vermiş hadisələrə görə hələ də böyük qonşusu ilə düşmənçilikdən əl çəkməyənlər var və onların bundan xeyir tapdıqlarını söyləmək mümkün deyil. Biz o cür səhvləri buraxmamalıyıq, keçmişimizi unutmamalı, ondan dərs çıxarmalıyıq, amma gələcək fəaliyyətimizi də müasir tələblərə uyğun təşkil etməliyik. Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası buu bir daha təsdiq etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şuranın iclasında çıxış etdi və münasibətlərin inkişafını diqqətə çatdırdı. Bildirdi ki, “Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək “. Sonra cənab Prezident MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına diqqət çəkdi və dedi ki, “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.Bu doğrudan da uğurlu bi addımdır və inkişafın dayanıqlığından xəbər verir. Cənab Prezidentin də dediyi kimi Laçın 30 il ermənilərin işğalında qalıb və bu illər ərzində tamamilə dağıdılıb. Amma tarixi Zəfərdən sonra laçında da böyük quruculuq işləri aparılıb. Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir. Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Daha 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Rayonun yol-nəqliyyat infrastrukturu da yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Qürurla demək lazımdır ki, Laçında yeni həyat başlayır.
Son olaraq deyim ki, Rusiya rəhbərliyi tam 32 ildən sonra Qarabağ münaqişəsi xüsusunda bitərəf mövqe tutdu və Rusiya Prezidenti V.Putin özlərini ərköyün uşaq kimi aparan erməni liderlərin fitnəsinə uyaraq rus əsgərlərini erməni döyüşçülərin əvəzinə səngərə soxmadı. Bu da təbii ki, Azərbaycanın etibarlı tərəfdaş, dar günlərdə güvəniləsi dost olmasından qaynaqlanırdı.


Bəxtiyar Mustafayev,
YAP Mingəçevir təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2024