Mobil versiya
Göydəniz Qəhrəmanov: “Prezident İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi Başçıları Şurasının iclasındakı çıxışı dövlət başçısının siyasi arenada da inamlı qələbəsinin təzahürüdür”
Tarix: 10-10-2024 | Saat: 17:54
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

Göydəniz Qəhrəmanov: “Prezident İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi Başçıları Şurasının iclasındakı çıxışı dövlət başçısının siyasi arenada da inamlı qələbəsinin təzahürüdür”

“Məlum olduğu kimi, Azərbaycan bu gün bir çox xarici ölkələrlə həm ikitərəfli formatda, həm də birgə üzv olduqları beynəlxalq qurum və təşkilatlar çərçivəsində münasibətlərini bərabər hüquqlu və qarşılıqlı faydalı əsaslar üzərində dinamik şəkildə inkişaf etdirir. Təbii ki, bu ölkələr arasında MDB-yə üzv olan dövlətlərlə əlaqələr xüsusi yer tutur. Cari ilin 8 oktyabr tarixində MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilmiş iclasında müzakirə olunan mövzular da eyni zamanda həm ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, həm də Azərbaycanın bu təşkilat daxilində mövqelərinin getdikcə möhkəmləndiyini bir daha nümayiş etdirdi. Etiraf olunmalıdır ki, MDB çərçivəsində əsas aparıcı rollardan biri şimal qonşumuz olan Rusiyaya məxsusdur. Rusiya Federasiyası ilə əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Bu baxımdan 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də son dərəcə əhəmiyyətli dövlətlərarası sənəd kimi dəyərləndirilməlidir. Belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, hazırda Azərbaycan və Rusiya arasında münasibətlərin dinamik inkişafına Azərbaycan və Rusiya prezidentləri arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri mühüm təsiredici amil kimi çıxış edir. Oktyabrın 8-də Moskvada keçirilən iclasda etdiyi çıxışında V.Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan əlaqələrinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini vurğulayan cənab Prezident İlham Əliyev də məhz ölkə rəhbərləri səviyyəsində münasibətlərin əhəmiyyətini diqqət mərkəzinə çəkmiş oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat Azərbaycanın MDB daxilində getdikcə artan nüfuzunu və möhkəmlənən mövqelərini təsdiq edən bəzi məqamları da xüsusi vurğulayaraq onları bir daha diqqət mərkəzinə çəkmişdir: “Artıq qeyd etdiyimiz kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə münasibətlərini həm ikitərəfli formatda, həm də üzv olduğu təşkilatlar çərçivəsində uğurla inkişaf etdirir. O cümlədən MDB-də ölkəmizin fəal və effektiv üzvlüyü bu təşkilatda Azərbaycanın kifayət qədər yüksək nüfuza sahib olmasını şərtləndirib. Təşkilatın Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də bunu növbəti dəfə əyani şəkildə nümayiş etdirir. Həmçinin gələn il Azərbaycanda III MDB Oyunlarının keçirilməsinə dair qəbul olunmuş qərar da bu qəbildən olmaqla ölkəmizin getdikcə artan nüfuzunun daha bir təsdiqidir. Bu oyunların davam etdiyi müddətdə Gəncə şəhəri də MDB-nin idman paytaxtına çevriləcək. Ümumilikdə isə yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək ki, bu da təşkilata üzv ölkələrin təmsilçilərinə ölkəmizlə daha yaxından tanış olmaq imkanı verəcək.”

Sonda G.Qəhrəmanov Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan öz torpaqlarının erməni işğalı altında olduğu 30 il ərzində məruz qaldığı beynəlxalq haqsızlıq və ikili standartlar siyasətinin digər təzahürləri ilə bu gün də üz-üzədir. Bu baxımdan ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeləri xüsusilə diqqəti cəlb etməyə bilməz. Bu məqamlar dövlət başçımızın “Rossiya-1” TV kanalına verdiyi müsahibəsində aydın şəkildə öz əksini tapıb. Cənab Prezident birmənalı olaraq bildirdi ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının əslində mövcud olmağa qətiyyən haqqı yoxdur və ümumiyyətlə, bu sanksiyalar ABŞ tərəfindən qeyri-qanuni, tamamilə əsassız və eyni zamanda da selektiv şəkildə tətbiq edilir. Azərbaycan Prezidenti növbəti dəfə həm dövlətimizin, həm də şəxsən özünün prinsipial mövqeyini bütün dünyaya nümayiş etdirərək qeyd etdi ki, ölkəmiz istənilən sanksiyalara qəti şəkildə qarşıdır və beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Eyni zamanda da ölkəmizə qarşı bu sanksiyaların əvvəllər də tətbiq olunduğunu, 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırıldığını və indi yenidən tətbiq olunduğunu vurğulayan cənab Prezident Qərbin bu mövqeyinin riyakarlıq və nankorluq nümunəsi olduğunu açıq mətnlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024