Mobil versiya
1993-cü il 3 oktyabr – ölkəmizin tarixində mühüm dönüş nöqtəsi
Tarix: 02-10-2024 | Saat: 17:53
Bölmə:Özəl | çapa göndər

1993-cü il 3 oktyabr – ölkəmizin tarixində mühüm dönüş nöqtəsi

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Sadalananların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Bundan sonra Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ən əsası, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün əvəzsiz işlər görmüşdür. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük əvəzsiz xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Bu illər ərzində Ulu Öndər Heydər Əliyev məhv olmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanı, sözün əsl mənasında, azad ,firavan və müstəqil bir ölkəyə çevirdi.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ən əsası, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionda inkişaf etmiş dövlətə, dünyada isə söz sahibinə çevrilmişdir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 21 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir.
Bunlarla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Respublikamızın moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Yəni ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Azərbaycanı fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır, həm də beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənir, ikitərəfli, çoxtərəfli münasibətlərin ruhuna - mahiyyətinə əsaslanır.
Bütövlükdə, bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malikdir və Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü, qüdrətli olmayıb.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2024