Mobil versiya
Milli Məclisin Aqrar siyasət komitəsinin ilk iclası keçirilib -Fotolar
Tarix: 02-10-2024 | Saat: 18:52
Bölmə:Parlament | çapa göndər

Milli Məclisin Aqrar siyasət komitəsinin  ilk iclası keçirilib

Oktyabrın 2-də VII çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib

Komitənin sədri Tahir Rzayev komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Komitə sədri 3 oktyabr tarixinin xalqımız üçün əlamətdar olduğunu qeyd edərək, həmin gün Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti seçilməsindən 31 il keçdiyini, onun hakimiyyəti dövründə Azərbaycanın qüdrətlənməsi naminə gördüyü işləri vurğulayıb. İclasda Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tahir Rzayev bildirib ki, 2024-cü il də bir çox hadisələrlə xalqımız və dövlətimiz üçün əlamətdar olub. Cari ilin fevral ayında Prezident seçkiləri keçirilib və cənab İlham Əliyev xalqın etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu, Vətən müharibəsində əldə etdiyimiz Qələbəmizə, suverenliyimizin tam bərpasına, dövlətimizin inkişafına, beynəlxalq aləmdə möhkəmlənən nüfuzumuza verilən səs idi. O, qeyd edib ki, bu il ölkəmizdə həm də azad, demokratik, şəffaf şəkildə parlament seçkiləri keçirilib və xalqın inandığı, etibar etdiyi namizədlər millət vəkili adına layiq görülüb.

Sonra Tahir Rzayev diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 5 məsələ daxil edilib.

Əvvəlcə, komitə sədri Aqrar siyasət komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında aqrar sahə ilə bağlı təqdim edilən qanun layihələri, bir sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılacaq, komitəyə daxil olan qanun layihələrinə rəy və təkliflər hazırlanacaq, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflər təhlil olunacaq. İş planında, habelə ölkəmizdə keçiriləcək COP-29-un vacibliyinin və əhəmiyyətinin geniş təşviqi, vətəndaşların qəbulu və daxil olan müraciətlərə baxılması, Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət, qazilər, müharibə iştirakçıları ilə görüşlər, işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanışlıq və digər tədbirlər nəzərdə tutulur. Sessiya ərzində müvafiq orqanlarla qarşılıqlı əməkdaşlıq, aqrar sahədə işlərin gedişi və yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin keçirilməsi, aqrar sektorda çalışan sahibkarlarla, mütəxəssislərlə əlaqələrin qurulması, aqrar sahənin inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Sonra Tahir Rzayev gündəlikdəki qanun layihələrini təqdim edib.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatında komitə sədri bildirib ki, preambula və 2 maddədən ibarət olan Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.

Qeyd edilib ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.

Hazırki Protokolda təklif edilən dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Bununla yanaşı, sənədə əsasən Sazişə “yem məhsulları” və “yem əlavələri” anlayışları əlavə olunur, habelə beynəlxalq epizootik büronun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir.
Sonra komitə sədri “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, hazırki Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb, Protokol preambula və 2 maddədən ibarətdir.
Qeyd olunub ki, Saziş, iki ölkə arasında bitki sağlamlığı, zərərvericilərin və xəstəliklərin yayılmasının qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığı təşviq edir. Nəzərə çatdırılıb ki, hazırki Protokolda dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Həmçinin, Sazişə “fitosanitar sertifikat” anlayışının və bəzi müddəaların yeni redaksiyada əlavə olunması nəzərdə tutulur. Protokolda Sazişin 10-cu maddəsinə yeni cümlə əlavə edilərək, Tərəflərin üzərinə nəqliyyat və gündəlik xərclərin ödənilməsi vəzifəsi qoyulur.
Sonra iclasda “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, layihə Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsi sahəsində təkmilləşdirmələrin aparılması, habelə qanunvericilikdə cərimələrlə bağlı ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb. Sənəddə adı çəkilən qanunlarda “cərimə” sözləri “təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilir.

İclasda, habelə “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib.
Diqqətə çatdırılıb ki, dəyişikliklərə əsasən, heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər, o cümlədən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanun layihəsində təklif olunan digər dəyişiklik ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna bu maddə ilə müəyyən olunan bir sıra daxilolmalarla yanaşı yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə zədələndikdə, bərpa edilməsi mümkün olduqda bərpa dəyərini, məhv edildikdə isə dəymiş ziyanın ödənilməsini nəzərdə tutur.
Gündəlikdəki məsələlərin müzakirəsində çıxış edən komitənin sədr müavini Razi Nurullayev, üzvləri Cavanşir Paşazadə, Azər Badamov, Vüqar İskəndərov, Aydın Hüseynov, Novruzəli Aslanov komitənin payız sessiyasının iş planına daxil olan məsələlərin əhəmiyyətini vurğulayıblar, bəzi təkliflərini səsləndiriblər. Deputatlar təqdim olunan qanun layihələri barədə öz fikirlərini açıqlayıblar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Malik Həsənov, Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024