Mobil versiya
Professor: Aşıq Ələsgərin abidəsi Qərbi Azərbaycana qayıdış uğrunda mübarizənin rəmzidir
Tarix: 02-10-2024 | Saat: 17:39
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Professor: Aşıq Ələsgərin abidəsi Qərbi Azərbaycana qayıdış uğrunda mübarizənin rəmzidir

Bakı şəhərində Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin - böyük saz və söz ustadı Aşıq Ələsgərin abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı böyük mədəniyyət hadisəsidir. Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının qüdrətli simalarından biridir. Onun bənzərsiz yaradıcılığı milli varlığımızın mötəbər qaynaqlarından biri hesab olunur. Aşıq Ələsgər Göyçə mahalının rəmzi olaraq göyçəlilərin mədəniyyətində və ruhunda dərin iz buraxıb, möhtəşəm yaradıcılığı ilə söz dünyamızı bəzəyərək xalqın ruhuna, yaddaşına köçüb. Göyçəlilər dədə Ələsgərin şerlərindəki dərin mənaları əxz edərək böyüyüblər. Ana laylası kimi əziz və şirin, bulaq suyu kimi təmiz və şəffaf olan Aşıq Ələsgər yaradıcılığı göyçəlilərin milli kimliyinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu gün Aşıq Ələsgər təkcə göyçəlilərin deyil, xalqımızın mənəviyyat pasportuna, şəxsi kimliyinə çevrilib. Onun yaradıcılığı yalnız ədəbiyyat nümunəsi deyil, eyni zamanda, xalqımızın tarixi və mədəni irsinin bir parçasıdır. Onun şerləri göyçəlilərin duyğularını, arzularını və erməni vandallarına qarşı apardıqları mübarizələri əks etdirir.

Bu fikirləri açıqlamasında ADPU-nun kafedra müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov söyləyib.

O qeyd edib ki, aşıq musiqisi Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olaraq, xalqın duyğularını, tarixini və adət-ənənələrini ifadə edir. Abidənin ucaldılması həm də Azərbaycan mədəniyyətinin zənginliyini və aşıq sənətinin əhəmiyyətini vurğulayan böyük bir hadisədir. Bu cür mədəniyyət hadisələri cəmiyyətin birliyini və milli kimliyini gücləndirir. Aşıq Ələsgərin abidəsi onun xatirəsini əbədiləşdirməklə yanaşı, aşıq sənətinin dəyərlərinin cəmiyyətə tanıdılması, gənc nəsillərə bu mədəni irsin öyrədilməsi və gələcək nəsillərə ötürülməsini hədəfləyir.

Prezident İlham Əliyevin dediyi kimi, abidə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.

“Bir neçə dəfə qaçqınlıq həyatı yaşayan Aşıq Ələsgərin abidəsi həm də Qərbi Azərbaycana qayıdış uğrunda mübarizənin rəmzidir. Abidədə əlində saz yurd-yuvasına qayıtmaq üçün hayqıran dədə Ələsgərin xalqımızı 200 il ərzində itirdiyimiz torpaqlar uğrunda mübarizəyə və mücadiləyə səsləməsi təcəssüm edilir.

Azərbaycanda Aşıq Ələsgərin yubileyinin keçirilməsi ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Böyük ustadın 200 illik yubileyinin keçirilməsi və abidəsinin ucaldılması ilə bağlı iki sərəncam isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu möhtəşəm abidə dövlətimizin başçısının Aşıq Ələsgər şəxsiyyətinə, irsinə, yaradıcılığına verdiyi çox yüksək qiymətin bariz nümunəsidir”, - deyə alim bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2024