Mobil versiya
Ordumuzun irəli getməsi xalqlmız tərəfindən böyük rəğbətlə qarşılandı
Tarix: 21-09-2024 | Saat: 12:55
Bölmə:Özəl | çapa göndər

Ordumuzun irəli getməsi xalqlmız tərəfindən böyük rəğbətlə qarşılandı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davan edən Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan 300-ə yaxın məntəqəni azad etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi əməliyyatlar aparılmadan azad etməyi öz öhdəsinə götürməli oldu. Amma Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan qarşısında öz üzərinə götürdüyü öhdəlik yalnız bundan ibarət deyildi. Üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfinin icra etməli olduğu öhdəliklərdən biri də keçmiş Dağlıq Qarabağ ərazisində qalmış erməni hərbi qüvvələrinin tərksilah və ləğv edilməsi idi. 
Ermənistanın hərbi-siyasi rəhbərliyi, bu rəhbərlik tərəfindən Qarabağda yaradılmış xunta rejimi üçtərəfli Bəyanatın imzalanmasından sonra yuxudan və xülyalardan ayılmadılar. Onlar bir tərəfdən, Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərə silah-sursat daşıyırdılar. Ermənistanın hərbi-siyasi dairələri reallıq hissini o dərəcədə itirmişdilər ki, hətta Azərbaycan rəhbərliyinin ciddi etiraz səslərini də qulaq ardına vururdular. 
Azərbaycan Ordusu bölmələrinin bu təxribata cavab olaraq keçirdikləri “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin strateji əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi və bir sıra digər hakim yüksəkliklər nəzarət altına alındı. Prezident İlham Əliyev Fərrux dağı və Qırxqız–Sarıbaba yüksəklikləri ətrafında aparılmış döyüşlərin əməliyyat-taktiki əhəmiyyətini yüksək qiymətləndirib: “Fərrux əməliyyatı, Sarıbaba–Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız”.
Baş verənlərdən nəticə çıxarmayan erməni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də daha geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqları və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutdular. Nəticədə Azərbaycan bölmələtrinin şəxsi heyəti arasında itkilər baş verdi, hərbi infrastruktura ziyan dəydi.
Azərbaycan tərəfi bu təxribatı cavabsız buraxmadı. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində 2022-ci il sentyabr ayının 12–14-də Azərbaycan–Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatlarının qarşısı uğurla alındı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbayca–Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan–Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq”.
Sentyabr ayının 19-da isə saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı.
Bütün bu baş verənlər göstərdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı öz iddialarından əl çəkmədiyi kimi, qondarma qurumun qondarma rəhbərliyi də Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya edilməsi təkliflərini qəbul etmək istəmir. 
Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xarakterli antiterror əməliyyatının (tədbirinin) keçirilməsi qaçılmaz zərurət oldu. 
Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı. 
Bu antiterror əməliyyatı 2023-cü il sen-tyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Bununla bağlı məlumat yayan Müdafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. O da vurğulanırdı ki, Azəbaycan Ordusu tərəfindən bu əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. 
Şanlı antiterror əməliyyatı xüsusi olaraq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd də mülki əhaliyə və infrastruktura ziyan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.
Ali Baş Komandanı İlham Əliyev müəyyənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı. Bu məqsədlə əvvəldən aparılmış olan kəşfiyyatın nəticələri, düşmənin ehtimal olunan mina sahələrindən keçidlərin açılma yerləri, hərəkət istiqamətində düşmənin istifadə etdiyi yollar və onlara birləşmə yerləri döyüş tapşırıqlarına uyğun olaraq yenidən qiymətləndirildi.
Antiterror əməliyyatının başlamasından saat yarım sonra əməliyyatın gedişi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ilk məlumatı açıqlandı. Bildirildi ki, yalnız legitim hərbi obyektlər və hərbi infras-truktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.Yaşayış məntəqələri yaxınlığında erməni atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmasına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək verməməsinə çağırış edildi. 
Sentyabrın 19-da aparılan əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Xeyli sayda erməni hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Sentyabr ayının 19-da gecə saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror əməliyyatının aparıldığı rayonda yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Bildirildi ki, bu halda antoterror əməliyyatı da dayandırılacaqdır.
Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağın dağlıq hissəsində yerləşən erməni hərbi qüvvələri bu çağırışı qəbul etmədilər və sentyabrın 20-də səhərdən döyüşlər yenə davam etdirildi. Bu zaman Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirildi. Əsas döyüşlər isə Papravənd-Sərsəng, Qalayçılar–Heyvalı, Canyataq–Sırxa–vənd, Gülyataq–Mehmana, Abdal–Harov, Abdal–Yemişcan, Yuxarı Veysəlli–Qarakənd, Qacar–Sos, Qarabulaq–Xaçmas, Sıqnax–Dağdağan, Əliağalı–Kolataq, Abdal–Xocalı istiqamətlərində aparıldı. 
2023-cü il oktyabrın ayının 2-də, saat 18:00-a olan məlumata görə, erməni hərbi qüvvələrindən aşağıdakı sayda silah, sursat və hərbi texnika müsadirə edilmişdi: atıcı silahlar – 2608, qumbaraatanlar – 235, top və haubitsalar – 60, minaatanlar – 64, tank əleyhinə silahlar – 58, HHM silahları – 165, zirehli texnika – 31, avtomobil texnikası – 265, qoşqular – 23, yardımçı texnika – 9, raketlər – 1700, top və haubitsa mərmiləri – 5177, zenit top mərmiləri – 31771, minaatan mərmiləri –12806, qumbaralar – 5880, əl qumbaraları –3068, patronlar – 2009970, digər sursatlar –5778, optik cihazlar – 314, digər cihazlar – 38, fərdi təchizat vasitələri – 1027, müxtəlif silahların qurğuları – 15, digər təchizat vasitələri – 3323.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir”.

Emin Hüseynov,
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024