Mobil versiya
YAXŞI Kİ YAXŞILAR VARMIŞ DÜNYADA
Tarix: 21-09-2024 | Saat: 13:30
Bölmə:Manşet / Qərbi Azərbaycan / Yazar1 | çapa göndər

YAXŞI Kİ YAXŞILAR VARMIŞ DÜNYADA

Tanınmış şair, saytımızın redaktoru Şəmsi Qoca xəstəliyi ilə dolayı ağır cərrahi əməliyyat keçirmişdir. Amansız xəstəliklə mücadilə aparan şairin əməliyyatı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsində şöbə mdiri, cərrah, tibb üzrə fəlsəfə doktoru Anar Namazov tərəfindən gerçəkləşdirilmişdir. 9 saat çəkən əməliyyatın yüksək səviyyədə başa çatmasından sonra şairi palatasında ziyarət etdik. Onda bizə söz verdi ki, şöbənin gözəl kollektivindən, Anar Namazovun ustalığından mütləq yazı yazacaqdır. Artıq yazının I hissəsi hazırdır və oxucuların ixtiyarına veririk.


...Mərhum Xalq şairi Vaqif Səmədoğlu xərçəng xəstəsi olduğunu biləndən sonra qızına zəng edir:
- Bizə gəlmək fikrin varmı?
- Elə sizə gəlməyə hazırlaşıram.
- -Onda gələndə pivə al, amma xərçəng alma.
- Niyə?
- Özümdə var.
Bakı Pataloji Mərkəzindən gələn mesajda biopsi müayinəsinin nəticəsini oxuyanda məsələnin nə qədər ciddi olduğnu bildim. Konkret olaraq mədəmdə xərçəng olduğu bildirilirdi. Net diaqnoz qoyulmuşdu: “Mədənin adenokarsinoması”.
Hələlik kimsə bunu bilmirdi və əvvəlcə qərara gəldim ki bu barədə kimsəyə bir şey deməyim. Nə yaşayaram, yaşayaram. Zatən bir neçə ildir ki, “çox yaşamaq, çox da əzab çəkmək deməkdir”-fikri mənim ən çox işlətdiyim ifadə idi.
Xeyli düşündüm və gec-tez bunu gizlətməyin mümkünsüzlüyünü, məsələnin gec-tez bilinəcəyini yəqinləşdirdim. Uşaqların necə reaksiya verəcəyi, məni necə ittiham edəcəklərini gözlərimin önünə gətirdim və məsələni ilk əvvəl oğlum Turala açıqlamaq qərarına gəldim.
Tural xəbəri eşidəndə əvvəlcə məsələyə soyuqqanlı yanaşdı. Sanki onun atasının belə bir xəstəliyə tutulmasının qeyri-mümkün olduğu qənaətindəymiş kimi:
-Ata, belə şeylərə çox da fikir vermə. Elə hər diaqnoz doğru olurmu? Hələ buna ciddi aydınlıq gətirmək lazımdır.
Məsələnin ciddi olduğunu, təcili əməliyyat olunmalı olduğumu bildirdim.
-Deyəsən sənin əməliyyat olunmaqdan xoşun gəlir?
- Xoşum gəldi, gəlmədi, məsələnin mahiyyəti budur, deyib telefonu qapatdım. BPM-nin mesajını vatsapp vasitəsilə Turala göndərdim.
Bir az yüngülləşmiş kimi oldum.
Xeyli vaxt idi ki sağ qabırğamın altına sanki çiban çıxmışdı. Hərdən elə zoqquldayırdı ki az qala huşumu itirəcəkdim. Hərə də bir söz deyirdi. Kimi deyirdi bu ödün ağrısıdır, kim də deyirdi ki, əşi fikir vermə, yəqin ki qara ciyəri soyuğa vermisən, keçib gedəcək. Kimsə demirdi ki, get həkimə, ciddi yoxlan. Hamı da öz təcrübəsindən, qonşuların, tanışların təcrübəsindən danışır, müxtəlif türkəçarə üsulları tövsiyə edirdi. Doğrudan da, bizdə lazım gələndə hamı həkimdir, hamı gözəl müalicə üsulları bilir, içi mən qarışıq bircə həkimə görünməyin vacibliyini “bilmir”.
- Tural həkim axtarışına çıxmışdı. Hələ də məsələnin adi müalicə yolu ilə çözüləcəyinə inanırdı. Nəhayət, “Bona Dea” xəstəxanasında onkoloq həkim Elxan Məmmədovun yanında olana kimi. Elxan doktor məsələni konkret qoydu:
- Təcili olaraq əməliyyat olunmalı, mədə tamamilə götürülməlidir. Müalicənin ən konkret və effektiv yolu budur.
Tural sanki yuxudan ayıldı. Məsələnin ciddiyyətinə varınca üzündəki təlaşdan narahatlığı hiss olunurdu.
Bir sıra məsələlərdən oxucularımın, feysbuk sosial şəbəkəsində olan izləyicilərimin az-çox xəbərdar olduğunu bildiyimdən bəzi nüansların üzərindən keçirəm.
Nəhayət, Turalın axtarışları nəticə vermişdi. Əslində bu axtarışlarda məqsəd yaxşı mütəxəssis həkim tapmaq idi. Başqa bir həkim axtararkən, təsadüfən vaxtilə Moskvada təhsil alarkən onunla bir evdə kirayədə qalmış Anar Namazovun adına rast gəlmiş, onun bu sahədə tanınmış həkim olduğunu öyrənmişdi. Zəng edib məsələni ona danışmış, randevu almışdı. Sonra mənə zəng edərək bütün sənədləri götürüb Anar doktorun qəbuluna getməyimi istədi.
Anar Namazovun qəbulunda
Həkimin qəbuluna getməzdən əvvəl internetdə kiçik bir araşdırma apardım. Kimdir Anar Namazov?

Anar Elxan oğlu Namazov 1983-cü ildə Qubadlı şəhərində anadan olub. Ata yurdu Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunun Bəhrülü kəndidir. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetini bitirib.
2006-2008-ci illərdə Rusiya Federasiyası Lazer Mərkəzi İnstitutunda Cərrahiyyə üzrə klinik ordinatura keçib. Eyni zamanda Moskva şəhərindəki 51 saylı klinikada cərrah-ordinator kimi işləmişdir.
2008-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında aspirantura təhsili alan Anar Namazov “Qarının ön divarının yırtıqlarının laparoskopik plastikasında ağırlaşmaların profılaktıkası” mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adını qazanmışdır. Türk Cərrahi Dərnəyinin üzvü olan Anar Namazov 25-dən artıq yerli və xarici elmi – publisistik konfranslarda iştirak edib. 70-dən artıq dərc olunmuş elmi işin, (onlardan 2-i Azərbaycan dilində dərslik və dərs vəsaitidir) 6 məqalə və 9 tezisin müəllifidir.
Müxtəlif xəstəxanalarda fəaliyyət göstərən Anar həkim hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasında Transplantalogiya şöbəsinin müdiridir.
Bu arada Türkiyədən də cavab gəldi. Ankaraya getmək, orada əməliyyat olunmaq da planımızda olduğundan orada işləyən qızım və kürəkənim həkimlərə baş vurmuş, bu məsələnin mümkünlük variantını axtarmışdılar. Hacəttəpə Universitetinin xəstəxanasında professorlardan biri əməliyyat üçün Ankaraya gəlməyin lazım olmadığını söyləmiş, məhz bizim Anar doktora müraciət etməyin yetərli olduğunu demişdi. Arzu və niyyətlərin üst-üstə düşdüyü məqam idi.


İlk görüşümüz çox ciddi bir görüş oldu. Anar doktor Turalı qardaşı qədər çox istədiyini və məni də öz əmisi hesab etdiyini bildirərək narahat olmamağımı, tezliklə əməliyat olunub sağlığıma qovuşacağımı bildirdi. Bu səmimi, gülərüz, lazım gələndə də kifayət qədər ciddi və sərt oğlana qanım qaynamışdı. 10 dəqiqəlik söhbətdən sonra məndə ona qarşı elə bir inam yaranmışdı ki artıq əməliyyata tam hazır idim. Əslində belə də olmalıdır. Xəstə həkiminə inanmırsa, güvənmirsə onun sağalması qeyri-mümkündür. Milli Onkologiya Mərkəzinin poliklinika şöbəsinin həkimi Gülayə İsmayılzadə ilə olan xoşagəlməz söhbətdən sonra həkimlərə itən inamım özümə qayıtmış oldu.
Tapşırıqlarını verdi, beş gün ərzində etməli olduqlarımı qeyd elədi, həftənin şənbə günü, yəni sentyabrın 7-də birdəfəlik gəlib klinikada yatmalı olduğumu söylədi.
Beş gün ərzində həkimin bütün dediklərini etdim, birindən başqa. O da məlumdur ki siqareti birdəfəlik atmaq tələbi idi. Azaltdım, sonuncu gün, yəni ayın 7-də klinikaya gedənə qədər bircə dənə siqaret çəkdim.
Elə çatan kimi də soruşdu:
- Əmi, siqareti atdınmı?
- ...
- Bu gün neçəsini çəkmisən?
- Bir dənə.
- Bax əmi, burada çəkmək qəti qadağandır. Kimliyindən asılı olmayaraq siqaret çəkən xəstə dərhal evə göndərilir.
Həkimin tələbinin əsaslı olduğunu ciddiyyəti ilə anlayırdım. Lakin 47 illik vərdişdən bir anda əl çəkməyin çətinliyini də izah eləmək istədim. Həkim gülərək:
-Bilirəm, çətindir. Amma vacibdir.


Palataya yerləşdim. Şöbə əməkdaşlarının səmimiyyəti, gülər üzü içimdə bir rahatlıq yaratmışdı.Təsərrüfat bacısı, Borçalı qızı Bahalı xanımın, tibb bacılarının, xadimələrin qayğısı ilə əhatə olunmuşdum. Sistemlər qoşulmuş, lazəmi prosedurlar təyin edilmişdi.2 gün tez gəlib keçdi. Sentyabrın 9-u səhər tezdən əməliyyat hazırlıqları başa çatmışdı. Amma saat 10-a planlaşdırılan əməliyyat ləngiyirdi. Ürəyimdə hansısa problem çıxmış, yenidən analizlər başlanmışdı. Nəhayət, saat 14-də məni 3-cü mərtəbəyə- “Əməliyyat otağı” na gətirdilər. Yaxınlarım, doğmalarım buraya toplanmışdı.Hamıya təmkinli olmağı, həkimə inandığımı və əməliyyatın başarılı keçəcəyini söylədim və qapılar bağlandı. Əməliyyat otağında anestezioloqun səsi eşidildi:
-Müəllim, bir azdan yuxuya gedəcəksən.
Divardakı elektron tabloya baxdım. Saat düz 14:30 göstərirdi. Narkozun təsirini hiss etdim və yadımdadır ki “Getdik ey” dedim.

(Davamı var)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024