Mobil versiya
AHİK tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib -Foto
Tarix: 09-06-2023 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

AHİK tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.
Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan tədbirdə AHİK-in şöbə müdirləri və digər əməkdaşları, quruma üzv təşkilatların nümayəndələri, Akademiyanın rəhbərliyi və tələbələri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov iştirakçılara Konfederasiya sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb, mövzunun aktuallığından və tədbirin əhəmiyyətindən bəhs edib.
Ardınca çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov ölkəmizdə insan hüquqlarının vəziyyətinə toxunub. Bildirib ki, bütün təzahürləri ilə ölkəmizdə bərqərar olan demokratiya şəraitində vətəndaşlarımızın hüquq və azadlıqları ən ali səviyyədə təmin edilir, insanlarımızın sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, həmkarlar ittifaqları Azərbaycan vətəndaşlarının əmək hüquqlarının müdafiəçisi olaraq respublikamızda fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir dövrün standartlarına uyğunlaşdırılması, əmək hüquqlarının təmin olunması, əməyin mühafizəsi, layiqli iş şəraitinin yaradılması istiqamətində yeni üsul və vasitələrdən istifadə edərək məqsədyönlü və səmərəli iş aparır.
AHİK-in Aparat rəhbərinin müavini Qara Ağayev gənclərin hərtərəfli inkişafı, istedadlarının aşkar edilməsi və qiymətləndirilməsi, müasir dövrdə onların karyera imkanlarının artırılması,  əmək bazarında aktual olan peşə və ixtisaslara yiyələnmələri üçün şəraitin yaradılması, əlverişli iş mühiti və s. məsələlərdən danışıb. Vurğulayıb ki, həmkarlar ittifaqları gənclərlə bağlı səylərini artırmalı, sıralarını gəncləşdirməli, xüsusilə onlar üçün əmək bazarında keyfiyyətli iş yerlərinin yaradılmasına çalışmalı, təhsil və təliminə diqqət yetirməlidir.
AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin sədri Gülər Əsgərova diqqəti əsasən qadın və kişilərin hüquq bərabərliyinə çəkərək bu istiqamətdə atılan addımların tarixindən, qəbul olunmuş beynəlxalq normativ-hüquqi aktlardan, dünyada və Azərbaycanda qadın hüquqlarının qorunması ilə bağlı görülən işlərdən, onların ictimai-siyasi sahədə, o cümlədən idarəçilikdə effektli fəaliyyətindən söz açıb, dövlətimizin gender siyasətinə nəzər salıb. O həmçinin həmkarlar ittifaqlarının inkişafında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində qadınların rolundan da bəhs edib.
AHİK-in Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov isə insanların fundamental hüquq və əsas azadlıqlarından, bu hüquqların müdafiəsi üçün qəbul olunmuş beynəlxalq sənədlərdən, əsasən insanların sosial-iqtisadi mənafeyinin qorunması aspektində həmkarlar ittifaqlarının fəaliyyətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Mülki və siyasi hüquqlar haqqında, İqtisadi, sosial və mədəni hüquqlar haqqında və digər beynəlxalq paktların, həmçinin ayrı-ayrı ölkələrin əsas qanunlarının müvafiq maddələrində işçilərin sosial hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarında birləşmək hüquqi xüsusi olaraq göstərilib. Odur ki, işəgötürənlər həmkarlar ittifaqları ilə bağladıqları müqavilə və sazişlərdən irəli gələn öhdəliklərə məsuliyyətlə yanaşmalıdırlar.
Tədbirə yekun vuran AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov vətəndaşlarımızın əmək hüqlarının və sosial mənafelərinin təmin olunmasında Azərbaycan həmkarlar ittifaqlarının əhəmiyyətini vurğulayıb, eləcə də işçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması, məzuniyyət hüququnun təmin edilməsi, asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması, əmək münasibətlərinin tənzimlənməsi və ictimai sabitliyin qorunmasında təsisatın xidmətlərindən danışıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024