Mobil versiya
Səttar Möhbalıyev: "Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluğun müasir iqtisadi və humanitar əməkdaşlıqla tamamlandığını göstərir"
Tarix: 20-11-2026 | Saat: 10:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluğun müasir iqtisadi və humanitar əməkdaşlıqla tamamlandığını göstərir"

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın real dəyəri tarixi dostluq ənənələrinin konkret iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, elmi-mədəni mübadiləyə və xalqların rifahına xidmət edən təşəbbüslərə çevrilməsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Vyetnam münasibətlərinin məhz bu istiqamətdə inkişaf etdiyini, mövcud potensialın reallaşdırılması üçün geniş imkanların olduğunu göstərir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlət başçısının diqqətə çatdırdığı mühüm məqamlardan biri iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf dinamikasıdır. 2025-ci ilin yekunlarına görə, qarşılıqlı ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi əməkdaşlığın mövcud səviyyəsini ifadə edən göstəricidir. Bununla belə, cənab Prezident bu rəqəmin real imkanları tam əks etdirmədiyini vurğulayaraq ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün ciddi potensialın mövcudluğuna diqqət çəkir. Bu yanaşma iqtisadi münasibətlərin yalnız əldə olunmuş nəticələrlə deyil, qarşıda duran imkanlarla da qiymətləndirilməsinin vacibliyini ortaya qoyur. Əməkdaşlığın ənənəvi və strateji istiqamətlərindən biri energetikadır. Azərbaycan və Vyetnam arasında neft sənayesi sahəsində əlaqələrin tarixi sovet dövrünə gedib çıxır. Azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafında iştirakı bu əməkdaşlığın peşəkar və texnoloji əsaslarını formalaşdırıb. Bu gün həmin təcrübənin müasir iqtisadi münasibətlər şəraitində davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi bu baxımdan mühüm istiqamətdir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir. Bu, iki ölkənin enerji sektorunda mövcud təcrübəsini birləşdirməklə yanaşı, uzunmüddətli kommersiya və texnoloji əməkdaşlıq üçün də zəmin yaradır. İqtisadi əlaqələrin digər perspektivli istiqaməti investisiya və infrastruktur layihələridir. Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur, Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi bu baxımdan diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əməkdaşlığın praktiki müstəviyə keçməsinin nümunəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu da Vyetnamla iqtisadi münasibətlərin genişləndirilməsi üçün mühüm üstünlükdür. Cənab Prezidentin müsahibədə xüsusi vurğuladığı Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizin beynəlxalq yükdaşımalar sistemindəki rolunu müəyyənləşdirən əsas istiqamətlərdəndir. Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin Azərbaycan üzərindən daşınması həm tranzit imkanlarının genişlənməsinə, həm də iki ölkə arasında ticarət əlaqələrinin inkişafına xidmət edə bilər. Bu sahədə artıq konkret dinamika da müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan vasitəsilə tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu göstərici nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənən imkanlarını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz üzərindəki mövqeyi Vyetnam şirkətlərinin Avropa və digər regionların bazarlarına çıxışını asanlaşdıra bilər.

Millət vəkili onu da deyib ki, cənab Prezidentin müsahibəsində kənd təsərrüfatı, sənaye və digər iqtisadi sahələrin də xüsusi qeyd olunması təsadüfi deyil. Azərbaycanla Vyetnamın iqtisadi strukturları və istehsal imkanları bir sıra istiqamətlərdə bir-birini tamamlaya bilər. Bu baxımdan qarşılıqlı ticarətin genişləndirilməsi, birgə müəssisələrin yaradılması, investisiya layihələrinin reallaşdırılması və yeni bazarlara çıxış strateji tərəfdaşlığın iqtisadi məzmununu gücləndirəcək əsas amillərdir.
Müsahibənin diqqətəlayiq cəhətlərindən biri də iqtisadi əməkdaşlıqla humanitar münasibətlərin vahid inkişaf prosesinin tərkib hissələri kimi təqdim edilməsidir. Cənab Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsində təhsil, elm, mədəniyyət və xeyriyyəçilik təşəbbüslərinin rolunu xüsusi qeyd edir. Bu sahədə Ulu Öndər Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan–Vyetnam əlaqələrinin humanitar ölçüsünü zənginləşdirən mühüm nümunələrdəndir. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi, təhsil proqramlarında iştirakı, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərməsi bu əməkdaşlığın konkret nəticələridir. Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı ölkənin rəhbər şəxsləri, yaradıcı ziyalıları və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşləri də humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Təhsil əməkdaşlığının tarixi isə xüsusilə zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış elmi-intellektual əlaqələrin miqyasını göstərir. Həmin məzunların qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsi Azərbaycan təhsilinin beynəlxalq əməkdaşlıq tarixindəki yerini də nümayiş etdirir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da tarixi yaddaşla müasir təhsil əməkdaşlığını birləşdirən əlamətdar hadisədir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə keçirilən açılış mərasimi Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf etmişdi. Bu hadisə iki xalqın ortaq tarixə verdiyi dəyərin və dostluq ənənələrinin qorunmasına münasibətin ifadəsi kimi səciyyələnir. Mədəniyyət sahəsində əməkdaşlıq da özünün zəngin tarixi və müasir təşəbbüsləri ilə diqqət çəkir. Azərbaycan bəstəkarı Qara Qarayevin hələ 1955-ci ildə yaratdığı “Vyetnam süitası” iki xalqın mədəni yaxınlaşmasının erkən nümunələrindəndir. Azərbaycan rejissoru Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşayıb çalışması, milli kino məktəbinin formalaşmasına verdiyi töhfələr isə bu əlaqələrin incəsənət tarixindəki mühüm səhifəsidir.
Cənab Prezident İlham Əliyevin Vyetnama qarşıdakı rəsmi səfərlə bağlı gözləntiləri də bütün bu istiqamətləri vahid strateji məqsəddə birləşdirir. Dövlət başçısının fikrincə, Vyetnamın Cənub-Şərqi Asiyada dinamik inkişafı və Azərbaycanın Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi kimi mövqeyi yeni bazarlara çıxış, birgə layihələr və investisiya imkanları yaradır. Nəticə etibarilə, Azərbaycan–Vyetnam münasibətlərinin bugünkü mənzərəsi tarixi dostluğun müasir iqtisadi və humanitar əməkdaşlıqla tamamlandığını göstərir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026