Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan humanitar yardımı uzunmüddətli tərəfdaşlığın və qarşılıqlı anlaşmanın tərkib hissəsi kimi həyata keçirir”
Tarix: 20-11-2026 | Saat: 09:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan humanitar yardımı uzunmüddətli tərəfdaşlığın və qarşılıqlı anlaşmanın tərkib hissəsi kimi həyata keçirir”

“Dövlətlər arasında münasibətlərin davamlılığı yalnız siyasi razılaşmaların və iqtisadi layihələrin uğuru ilə ölçülmür. Xalqların bir-birini tanıması, mədəniyyətlərə qarşılıqlı maraq göstərməsi, təhsil və humanitar sahələrdə yaradılan əlaqələrin nəsildən-nəslə ötürülməsi də tərəfdaşlığın möhkəmliyini müəyyən edən mühüm amillərdəndir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin özünəməxsus xüsusiyyəti də məhz bu mənəvi yaxınlığın uzun illər ərzində qorunması və yeni təşəbbüslərlə zənginləşdirilməsidir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində humanitar əməkdaşlığa geniş yer ayırması dövlətlərarası əlaqələrə bu baxışın mahiyyətini aydın göstərir. Dövlət başçısının vurğuladığı kimi, onilliklər ərzində təhsil təşəbbüsləri, xeyriyyə layihələri və mədəni mübadilə xalqlarımız arasında etimadın möhkəmlənməsinə xidmət edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun Vyetnamda həyata keçirdiyi təşəbbüslər Azərbaycan dövlətinin beynəlxalq humanitar əməkdaşlığa verdiyi önəmin, milli-mənəvi dəyərlərimizin və xeyirxahlıq ənənələrimizin praktik ifadəsidir. Belə layihələr coğrafi məsafələrdən asılı olmayaraq insanları birləşdirən ümumbəşəri dəyərlərin dövlətlərarası münasibətlərdə nə qədər mühüm rol oynadığını nümayiş etdirir.”

Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında səsləndirib.

Millət vəkili bildirib ki, bu yanaşma Azərbaycan diplomatiyasının humanitar ölçüsünü gücləndirir və dostluğa konkret məzmun qazandırır: “Heydər Əliyev Fondunun Vyetnamla əlaqədar gördüyü işlərin miqyası bu əməkdaşlığın formal xarakter daşımadığını, real nəticələr yaratdığını təsdiqləyir. Prezidentin müsahibəsində Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və təhsil proqramlarına dəstək xüsusi qeyd olunur. Bu təşəbbüslər təhsilin əlçatanlığının artırılmasına və uşaqların daha yaxşı şəraitdə bilik əldə etməsinə yönəlib. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri humanitar münasibətlərin genişlənməsində mühüm mərhələ olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə keçirilən görüşlər mövcud əlaqələrin ictimai və intellektual müstəvidə də inkişaf etdiyini göstərib. Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək peşə təhsilinə və gənclərin bilik-bacarıqlarının artırılmasına verilən töhfə kimi dəyərləndirilməlidir. Bu fəaliyyətin mühüm cəhəti ondan ibarətdir ki, Azərbaycan humanitar yardımı birtərəfli xeyriyyəçilik aktı kimi deyil, uzunmüddətli tərəfdaşlığın və qarşılıqlı anlaşmanın tərkib hissəsi kimi həyata keçirir. Təhsil əlaqələrinin tarixi bugünkü əməkdaşlığın möhkəm əsaslara söykəndiyini göstərir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında bilik və təcrübə mübadiləsinin uzunmüddətli ənənəsini yaradıb. Həmin məzunların sonradan öz ölkələrinin inkişafına verdikləri töhfə Azərbaycanın təhsil potensialının beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Bu gün universitetlər arasında imzalanan tərəfdaşlıq sənədləri və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrantı imkanları həmin ənənəni davam etdirir” – deyə, Novruzəli Aslanov açıqlamasını başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026