Mobil versiya
Yeni Azərbaycan Partiyası: dövlətçilikdən Zəfərə uzanan siyasi yol
Tarix: 07-10-2026 | Saat: 12:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası: dövlətçilikdən Zəfərə uzanan siyasi yol

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin taleyinə, dövlətin inkişaf istiqamətinə və xalqın milli düşüncəsinə təsir göstərir. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz belə tarixi hadisələrdəndir.

1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası ölkənin ağır siyasi, iqtisadi və ictimai böhranla üz-üzə qaldığı bir dövrdə meydana gəldi. Bu partiyanın yaranması təsadüfi siyasi təşəbbüs deyil, Azərbaycanın müstəqilliyini qorumaq, dövlətçiliyi möhkəmləndirmək və xalqı milli maraqlar ətrafında birləşdirmək zərurətinin doğurduğu tarixi nəticə idi. Partiyanın yaranması Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə olan inamının və milli xilaskar axtarışının siyasi ifadəsi oldu.

Bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əslində, müstəqil Azərbaycanın son otuz ildən artıq tarixinin mühüm bir hissəsidir. Bu yolun başlanğıcında Ulu Öndər Heydər Əliyevin siyasi irsi, davamında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfərə və tam suverenliyə aparılması dayanır.

Tarixi zərurətdən doğan partiya

Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün son dərəcə mürəkkəb və təhlükəli mərhələ idi. Sovet İttifaqının dağılmasından sonra ölkəmizdə dövlət institutları hələ tam formalaşmamışdı. İqtisadi əlaqələr qırılmış, sosial vəziyyət ağırlaşmış, siyasi qarşıdurmalar dərinləşmiş, separatizm meyilləri güclənmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğalı davam edir, ordu quruculuğunda və dövlət idarəçiliyində ciddi problemlər yaşanırdı.

Belə bir şəraitdə Azərbaycan xalqı ölkəni böhrandan çıxara biləcək, dövlətçiliyi qoruyacaq, sabitliyi təmin edəcək və milli maraqları müdafiə edəcək güclü siyasi iradəyə ehtiyac duyurdu. Cəmiyyətin qabaqcıl nümayəndələri bu iradənin və siyasi təcrübənin Ulu Öndər Heydər Əliyevdə olduğunu görürdülər.

1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını və ona rəhbərlik etməsini xahiş etdi. Tarixə “91-lərin müraciəti” kimi daxil olan bu sənəd, mahiyyət etibarilə, xalqın arzu və gözləntilərinin siyasi ifadəsi idi. Heydər Əliyev həmin müraciətə müsbət cavab verərək belə bir partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. YAP-ın yaranması ilə Azərbaycan siyasi həyatında yeni mərhələ başladı. Bu partiya dövlətçiliyi qorumağı, milli həmrəyliyi təmin etməyi və müstəqil Azərbaycanın gələcəyini qurmağı qarşısına məqsəd qoyan siyasi hərəkat idi.

Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın siyasi mahiyyətini və tarixi missiyasını dəqiq ifadə edir. Bu sözlər YAP-ın yalnız müəyyən tarixi dövr üçün deyil, daim yeniləşən Azərbaycanın inkişafı üçün fəaliyyət göstərən siyasi təşkilat olduğunu göstərir.

Heydər Əliyev və YAP-ın dövlətçilik missiyası

Yeni Azərbaycan Partiyasının tarixindən danışarkən Ulu Öndər Heydər Əliyevin müstısna rolunu ayrıca xüsusi qeyd etməmək mümkün deyil. Çünki YAP-ın ideya və siyasi əsasları bilavasitə Heydər Əliyevin dövlətçilik fəlsəfəsi ilə bağlıdır.

Heydər Əliyev siyasi fəaliyyəti boyunca Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsini, milli maraqların qorunmasını və xalqın sosial rifahının yüksəldilməsini əsas məqsəd kimi müəyyən etmişdi. O, dövlət idarəçiliyinə yalnız cari problemlərin həlli kimi deyil, gələcək nəsillərin taleyini müəyyən edən strateji məsələ kimi yanaşırdı.

Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində Qurtuluş mərhələsinin başlanğıcı oldu. Həmin dövrdə ölkə vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Dövlət idarəçiliyi zəifləmiş, qanunsuz silahlı dəstələr geniş imkanlar əldə etmiş, cəmiyyətin müxtəlif təbəqələri arasında qarşıdurma dərinləşmişdi.

Heydər Əliyev belə ağır şəraitdə məsuliyyəti üzərinə götürərək Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlməsi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və oktyabrın 3-də Prezident seçilməsi ölkənin siyasi həyatında dönüş yaratdı.

Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, ordu quruculuğunun əsası qoyuldu, Azərbaycanın beynəlxalq mövqeyi gücləndirildi,iqtisadi inkişaf üçün mühüm strategiyalar hazırlandı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl addımlar atıldı.

1994-cü ilin mayında atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdı. Həmin ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın enerji strategiyasının əsasını qoydu. Bu müqavilə ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe qazanmasına şərait yaratdı.

Heydər Əliyev həmçinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin reallaşması üçün böyük siyasi və diplomatik iradə nümayiş etdirdi. Bu layihə Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, ölkəmizin regional və beynəlxalq əhəmiyyətini də artırdı.

Ulu Öndərin siyasi fəaliyyətində mühüm istiqamətlərdən biri milli ordu quruculuğu idi. O, yaxşı başa düşürdü ki, müstəqil dövlətin əsas təminatlarından biri güclü və peşəkar ordudur. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişaf etdirildi və 2020-ci ilin Vətən müharibəsində tarixi nəticə verdi.

Partiyanın siyasi inkişaf mərhələləri

Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən təşkilati baxımdan möhkəmləndi, ölkənin bütün bölgələrində yerli təşkilatlarını və ilk təşkilatlarını formalaşdırdı. Qısa müddət ərzində YAP xalqın geniş təbəqələrini öz ətrafında birləşdirən ümumxalq partiyasına çevrildi.

993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcını qoydu. YAP artıq dövlət idarəçiliyində məsuliyyət daşıyan siyasi təşkilat kimi fəaliyyət göstərməyə başladı.

1995-ci ildə keçirilən parlament seçkilərində YAP-ın uğuru onun cəmiyyətdəki nüfuzunu bir daha təsdiqlədi. 1999-cu ildə partiyanın ilk qurultayının keçirilməsi təşkilati inkişaf baxımından mühüm hadisə oldu. Qurultayda partiyanın Proqram və Nizamnaməsinə dəyişikliklər edildi, yeni rəhbər orqanlar formalaşdırıldı.

2001-ci ildə keçirilən II qurultayda İlham Əliyevin YAP sədrinin birinci müavini seçilməsi partiyanın gələcək inkişafında mühüm rol oynadı. Bu qərar həm partiyanın gəncləşdirilməsi, həm də siyasi varisliyin ardıcıl şəkildə təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev siyasi kursunun davamlılığını təmin etdi. Ulu Öndərin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində söylədiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır: Dahi Öndər, İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqın firavanlığı naminə böyük işlər görəcəyinə əminliyini ifadə etmişdi.

2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bununla da partiyanın fəaliyyətində yeni mərhələ başlandı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə YAP daha da müasirləşdi, təşkilati strukturu yeniləndi, gənclərin və qadınların partiyanın fəaliyyətində iştirakı genişləndi.

Partiyanın IV, V və VI qurultaylarında dövlətin və cəmiyyətin qarşısında duran mühüm məsələlər müzakirə edildi. Bu qurultaylarda YAP-ın sədri və Azərbaycan Respublikasının Prezidnti İlham Əliyevin müvafiq olaraq 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində növbəti dəfə partiyanın namizədi kimi irəli sürülməsi partiyanın siyasi mövqeyini və xalqın Prezidentə inamını əks etdirirdi.

2021-ci il martın 5-də keçirilən VII qurultay isə YAP-ın yeni siyasi mərhələyə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Qurultayda yeni Nizamnamə qəbul edildi.

İlham Əliyev dövrü: inkişafdan Zəfərə

Prezident İlham Əliyevin dövlət başçısı və YAP sədri kimi fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafı ilə xarakterizə olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev həmin kursu yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirdi. Bu mərhələdə ölkəmiz iqtisadi baxımdan daha da gücləndi, mühüm enerji və nəqliyyat layihələri həyata keçirildi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artdı, müasir ordu quruculuğu sahəsində böyük nailiyyətlər qazanıldı, sosial və regional inkişaf proqramları genişləndi, milli müdafiə sənayesi formalaşdı, diplomatik imkanlar və tərəfdaşlıq əlaqələri möhkəmləndi.

Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın regional əhəmiyyətini artırdı. Bu layihələr həm iqtisadi inkişaf, həm enerji təhlükəsizliyi, həm də ölkəmizin geosiyasi mövqeyinin möhkəmləndirilməsi baxımından böyük rol oynadı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti Azərbaycanın tarixi Zəfərinin əsas şərtlərindən biri oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan Azərbaycanın ərazilərindən öz qoşunlarını çıxarmağa məcbur oldu.

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, xalqımızın milli qürurunun və tarixi ədalətin bərpası idi. Bu qələbə həm də Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından birinin reallaşması demək idi.

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Beləliklə, müstəqillik tariximizin ən mühüm məqsədlərindən biri gerçəkləşdi.

Bu tarixi uğurların arxasında yalnız hərbi güc deyil, uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlət siyasəti dayanırdı. İqtisadi güc, siyasi sabitlik, güclü ordu, xalq-iqtidar birliyi, beynəlxalq diplomatiya və milli iradə eyni məqsəd ətrafında birləşdirildi.

Bu mühüm tarixi mərhələdə ölkəmizin ictimai-siyasi və dövlət idarəçiliyində Azərbaycan Respublikasının Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayından sonra partiya sədrinin birinci müavini təyin olunmaqla partiyanın fəaliyyətində yeni idarəçilik və təşkilatlanma mərhələsinin formalaşmasına mühüm töhfə vermişdir. Onun çoxşaxəli fəaliyyəti dövlətçilik maraqlarının qorunması, milli-mənəvi dəyərlərin təbliği, humanitar siyasətin inkişafı, sosial həssas qruplara diqqət və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətlərində mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi genişmiqyaslı layihələrlə Mehriban xanım Əliyeva Azərbaycanın mədəni irsinin, milli kimliyinin və humanizm ənənələrinin dünyada tanıdılmasına böyük xidmət göstərmişdir. Vətən müharibəsi və Zəfərdən sonrakı dövrdə onun fəaliyyəti şəhid ailələrinə və qazilərə diqqət, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdış prosesinə humanitar dəstək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini kimi fəaliyyəti partiyanın yenilənməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və yeni tarixi mərhələnin vəzifələrinin həyata keçirilməsi baxımından mühüm amillərdən biridir.

VIII qurultay və yeni siyasi mərhələ

Yeni Azərbaycan Partiyasının VIII qurultayı partiyanın və Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni tarixi şəraitdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin qurultayda etdiyi çıxışı ilə YAP-ın keçmişinə nəzər salmaqla kifayətlənmədi. Dövlət başçısı həmin çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran yeni vəzifələri geniş şəkildə dəyərləndirdi.

Qurultay çıxışının əsas məzmununu bir neçə istiqamətdə ümumiləşdirmək olar.

Prezident YAP-ın yaradılmasının xalqın tələbi olduğunu vurğuladı. Bu fikir partiyanın sosial və siyasi mahiyyətini ifadə edir. YAP kabinetlərdə, dar siyasi çevrələrdə və ya şəxsi maraqlar əsasında formalaşmış təşkilat deyil. O, xalqın ağır böhran şəraitində dövlətçiliyi qorumaq istəyindən doğan siyasi qüvvədir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərinin dəyişməz qaldığını bildirdi. Bu istiqamətlər müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadədir. Bu prinsiplər bir-birindən ayrı deyil, vahid dövlətçilik konsepsiyasının tərkib hissələridir.

Müstəqil siyasi qərarlar üçün iqtisadi güc, iqtisadi güc üçün sabitlik və güclü institutlar, dövlət təhlükəsizliyi üçün isə yüksək müdafiə qabiliyyəti tələb olunur. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar bu amillərin sistemli şəkildə həyata keçirildiyini göstərir.

VIII qurultay YAP-ın Qurtuluşdan Zəfərə, Zəfərdən isə suverenliyə uzanan siyasi yolunu təsdiqlədi. Partiyanın yaranmasının ilk mərhələsində əsas vəzifə dövlətin dağılmasının qarşısını almaq, müstəqilliyi qorumaq və sabitliyi bərqərar etmək idisə, bu gün Azərbaycanın qarşısında daha geniş inkişaf vəzifələri dayanır: Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın sürətləndirilməsi; azad edilmiş ərazilərin müasir standartlar əsasında yenidən qurulması; iqtisadi artımın davamlı və inklüziv xarakter daşıması; insan kapitalının inkişafı; gənclərin dövlət idarəçiliyində rolunun artırılması; milli həmrəyliyin möhkəmləndirilməsi; Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi; dövlət institutlarının səmərəliliyinin artırılması; siyasi dialoqun və vətəndaş iştirakçılığının genişləndirilməsi.

Prezidentin çıxışı YAP üçün yeni məsuliyyət mərhələsinin başladığını göstərdi. Əgər əvvəlki illərdə əsas vəzifə müstəqil dövlətin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası idisə, bu gün əldə olunan tarixi imkanlardan səmərəli istifadə etmək əsas məsələdir.

Bu baxımdan Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər partiyanın gələcək fəaliyyət proqramı kimi də qiymətləndirilə bilər.

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixindən ayrı təsəvvür edilə bilməz. Partiyanın yaranması ölkənin ən ağır günlərində xalqın dövlətçilik iradəsinin siyasi ifadəsi oldu. Heydər Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın xilası, sabitliyi və inkişafı naminə mühüm missiya həyata keçirdi.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın siyasi və iqtisadi əsaslarını yaratdı, dövlət institutlarını möhkəmləndirdi, milli ordu quruculuğunun təməlini qoydu və ölkəni beynəlxalq münasibətlər sistemində layiqli mövqeyə çıxardı.

Prezident İlham Əliyev isə bu siyasi kursu yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdi. Azərbaycanın iqtisadi, hərbi və diplomatik gücü artırıldı, ölkəmizin beynəlxalq nüfuzu möhkəmləndirildi, 2020-ci ildə tarixi Zəfər qazanıldı və 2023-cü ildə suverenlik tam bərpa edildi.

VIII qurultay YAP-ın tarixində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin əsas məzmunu artıq yalnız dövlətçiliyin qorunması deyil, əldə edilmiş Zəfərin və suverenliyin yaratdığı imkanlardan səmərəli istifadə etmək, Azərbaycanın daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət etməkdir.

Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasına əsaslanaraq Azərbaycan dövlətinin inkişafına, milli birliyin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfəsini verəcək.

YAP-ın keçdiyi yol göstərir ki, xalqın iradəsinə söykənən, milli maraqları rəhbər tutan və dövlətçiliyə sədaqətlə xidmət edən siyasi təşkilat zamanın sınaqlarından keçərək daha da güclənir. Bu baxımdan Yeni Azərbaycan Partiyası Azərbaycanın dünənini, bu gününü və gələcəyini birləşdirən mühüm siyasi qüvvədir.

Asif Əsgərov,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026