Mobil versiya
Vətən fədaisi Ağarza Abdullayev
Tarix: 08-09-2026 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər

Vətən fədaisi Ağarza Abdullayev

Qeyrətli vətən oğlu, el ağsaqqalı, vətənpərvər insan, torpağına, xalqına və dövlətinə ürəkdən bağlı olan, vətən yolunda canından keçən və müdafiəsi üçün hər an fədakarlıq göstərən Ağarza Həzi oğlu Abdullayevin vəfatından 30 il keçir.

Ölümündən bir qərinəyə yaxın vaxt keçməsinə baxmayaraq bütün kərkicahanlılar onu mərd və cəsur kişi kimi xatırlayırlar.

Kənd camaatı Ağarza kişinin gördüyü işləri bu gün də dönə-dönə xatırlayır, onu etiramla yad edir, ruhuna dualar oxuyurlar. Kərkicahan sakinləri tərəfindən böyük hörmət qazanmış, xalqına bağlı, müdrik və vətənpərvər kişi sözsüz ki, heç bir zaman unudula bilməz.

Hələ 1988-ci ildə erməni silahlı dəstələrinin Kərkicahana hücumlarının gündən-günə artığı bir vaxtda hər yerdən ümidləri üzülən kərkicahanlılar ,
başda Ağarza Həzi oğlu olmaqla ,yerli özünümüdafiə dəstəsi yaratmağı qərarlaşdırdılar.

Kərkicahanda əli silah tutanların hamısı ayağa qalxmışdı.Təkcə Ağarza kişinin ailəsindən olan bütün kişilər- dörd nəfərin dördü də vuruşurdu düşmənə qarşı- özü və üç oğlu- Fəxrəddin ,Vahid və Şirzad .

Ağarza kişinin kənd üçün gördüyü işlərlə bağlı bir-iki məqama da toxunmaq istəyirəm.

Ağarza kişinin təşəbbüsü ilə yaradılan özünümüdafiə dəstəsinin silah-sürsatla təmin olunmasında, kərkicahanlıların bir yumruq kimi birləşməsində Ağarza kişinin zəhməti çox böyük idi.
O, döyüşlərin gündən -günə şiddətləndiyi ağır vaxtda, su sarıdan korluq çəkən Kərkicahanda bir neçə artezian quyusu qazdırdı.Kənddə yeni iş yerlərinin açılması üçün Azərbaycan hökuməti qarşısında məsələ qaldırdıqdan sonra Bakıdan 23 KAMAZ avtomaşını gətizdirdi, yeni poçt şöbəsi açdırdı, böyük çətinliklə də olsa Kərkicahan blokadada qalmasın deyə ,Şuşaya alternativ yol çəkilməsinə nail oldu, kərkicahanlı gənclərin ali məktəblərə qəbul olunmasına yardımçı oldu. Əlbəttə, bütün bunlar kərkicahanlıları ruhlandırdı, onlara güc verdi.Beləliklə, kənd düz dörd il ermənilərlə üz-üzə dayandı.


Kərkicahanın o ağır günlərində Ağarza kişi idarə etdiyi “ZİL - 131” markalı avtomaşınla qohumu Tapdıq Əliyevlə dəfələrlə döyüş bölgələrinə silah-sürsat apardılar.1992-ci il sentyabr ayının 12 -də növbəti dəfə Kəlbəcərə silah-sürsat ararıb geri qayıdanda tank əleyhinə minaya düşüb ,hər ikisi ağır yaralanmışdı.Amma buna baxmayaraq, o, döyüş meydanını tərk eləmədi.

Ağarza Həzi oğlu belə bir qəhrəman kişi idi - cəsur , mərd , qeyrətli ,vətənpərvər, qorxmaz ,vətən yolunda ölümə gedən.

Dörd il gecəsini gündüzünə qatan Kərkicahanın qəhrəman oğulları

Vaqif İsmayılov ,İzzət və Mürvət Tapdıqoğulları, Slavik Eyvaz oğlu, Aslan, Əzim və Nazim Hüseynov qardaşları, Ziyəd Səlimov; Elçin və Elxan Sərdaroğulları, İslam, Müsabi və Yunus Cəlaloğulları ,İlham Bahadıroğlu, Novruz Rəsulov ,Tapdıq və Mehman Rzayevlər, Nurəddin Şavağatoğlu, Namiq və Natiq Şahmuradovlar ,Taryel Həsənov, Sərhad və Nəsir Nəcəfov qardaşları kimi Kərkicahanın mərd və cəsur oğulları heç vaxr unudula bilməz.Və inanıram ki ,zaman gələcək , Ağarza və Tapdıq kişilər kimi qeyrətli ağsaqqallar, eləcə də Fəxrəddin ,Aslan, İlham, Mürvət, Nurəddin, Ziyəd kimi şirürəkli cəngavərlər haqqında filmlər çəkiləcək, povest və poemalar yazılacaq.

Bu gün Ağarza Abdullayevin rəhmətə getdiyi gündür. 1996-cı ilin sentyabr ayının 8-i Ağarza kişi 61 yaşında (09.05.1935-08.09.1996) əbədiyyətə qovuşdu.
Bəli, bu gün Xankəndi, Kərkicahan azaddır.Başının üstünü alan qara duman çəkilib.

Öz yurd-yuvalarının müdafiəsi zamanı və Qarabağın digər bölgələrində gedən döyüşlərdə 35 nəfər kərkicahanlı erməni vəhşiliklərinin qurbanı oldu, şəhidlik zirvəsinə ucaldı,itkin düşdü, əliyalın dinc əhali gülləbaran olundu. 7 yaşlı Eyvaz Kamran oğlu Babayev, Elyaz Bayram oğlu İsmayılov və həyat yoldaşı Şövkət İsmayılova, Qədir Əsgər oğlu Babayev və həyat yoldaşı Qəribə xanım ,kəndin digər sakini Şəkər xanım amansızcasına qətlə yetirildilər.

35 ilin həsrətindən sonra ürəyi qübarlı kərkicahanlılar yurd- yuvalarına dönürlər.

Çox təəssüflər olsun ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən Ağarza kişiylə ömür-gün yoldaşı Tərlan xanımla övladları Fəxrəddin və Vahid, Tapdıq əmi, Yusif dayı, Bahadur dayı və oğlu İlham, Namiq və Natiq Əmirxanoğulları, Nizami Əliyev və anası Gülxanım nənə, eləcə də Kərkicahanın neçə-neçə cəsur və qorxmaz insanları bu günü görə bilmədi.

Başda Ağarza Abdullayev olmaqla oğlu Fəxrəddin , eləcə də Kərkicahanın digər ərən oğulları- Mürvət, Aslan, Nurəddin və daha bir neçə igidinin adı layiqincə əbədiləşdirilmədi, onların fədakarlığına qədərincə qiymət verilmədi.

Çox təəssüflər olsun ki, kərkicahanlılar unuduldu.
Mən onların hər birini Azərbaycanın suverenliyi uğrunda çarpışmış vətən fədaisi sanıram .

İnanıram ki, gələcək nəsillər adlarını sadaladığım və sadalamadığım qəhrəman, qorxmaz ,cəsur, fədai kərkicahanlıları unutmayacaq.

Bu gün Kərkicahanı dumana bürüyən Öküzuçan zirvəsinin də, Ayı qayasının da, Uzun yalda Hacı yurdunun da, Çaxnaq yüksəkliyinin , Kələmlik meşəsinin də ,Zərbi yerinin də üzü gülür. Yağlı təpə öz ellilərini gülərüzlə qarşılayır.

Qoy həmişə üzün gülsün , Kərkicahan, evlərin, məhəllələrin toy - büsata bürünsün, süfrələrinizdən halal bərəkətiniz əskik olmasın !

Mübariz Süleymanlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,teleradio jurnalist




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-09-2026