Mobil versiya
Ermənistanın Aİ planına Budapeşt maneəsi: İrəvanın sürətli üzvlük arzusu veto ilə üzləşə bilər
Tarix: 03-09-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Aİ planına Budapeşt maneəsi: İrəvanın sürətli üzvlük arzusu veto ilə üzləşə bilər



Macarıstanın Avropa İttifaqının genişlənməsi ilə bağlı sərt mövqeyi gələcəkdə Ermənistanın Avropaya inteqrasiya planları üçün də ciddi maneəyə çevrilə bilər. Budapeşt namizəd ölkələrin sürətləndirilmiş qaydada üzvlüyünə qarşı çıxaraq bütün meyarların mərhələli şəkildə yerinə yetirilməsini tələb edir.
Macarıstanın Baş naziri Peter Macar Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə ölkəsinin heç bir dövlətin Aİ-yə güzəştli və sürətləndirilmiş prosedurla qəbulunu dəstəkləməyəcəyini bildirib. Bu mövqe Ukrayna və Moldovanın üzvlük danışıqları ətrafında yaranmış fikir ayrılıqları fonunda xüsusilə diqqət çəkir.
Politoloq Oqtay Qasımov hesab edir ki, Budapeşt Aİ-nin genişlənməsinin özünə deyil, prosesin siyasi güzəştlərlə sürətləndirilməsinə qarşıdır. Onun fikrincə, Peter Macarın siyasəti bəzi məqamlarda Viktor Orban dövrünün yanaşmasını davam etdirsə də, yeni hökumət Brüssellə münasibətlərdə daha praqmatik xətt nümayiş etdirməyə çalışır.
Bu yanaşma Ermənistan üçün də əhəmiyyətlidir. İrəvan Aİ ilə yaxınlaşmanı sürətləndirsə və gələcəkdə üzvlük prosesi real mərhələyə keçsə, Macarıstan Ermənistanın bütün siyasi, hüquqi və iqtisadi kriteriyaları yerinə yetirməsini tələb edə bilər. Aİ-də genişlənmə ilə bağlı bir sıra əsas qərarların üzv dövlətlərin yekdil razılığını tələb etməsi isə ayrı-ayrı ölkələrə prosesi ləngitmək imkanı verir.
Ermənistan üçün başqa çətinlik onun Rusiya ilə mövcud iqtisadi və institusional bağlılığıdır. Avrasiya İqtisadi İttifaqında iştirak edən İrəvanın paralel şəkildə Aİ üzvlüyünə doğru irəliləməsi gələcəkdə ciddi hüquqi və iqtisadi seçimlər tələb edə bilər.
Buna görə Macarıstanın Ermənistanın Aİ-yə yolunu mütləq bağlayacağını indidən söyləmək tezdir. Lakin Budapeşt hazırkı prinsipial mövqeyini qoruyarsa, Ermənistanın sürətləndirilmiş inteqrasiyasına mane ola və İrəvandan bütün üzvlük şərtlərinin yerinə yetirilməsini tələb edən əsas paytaxtlardan birinə çevrilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2026