Mobil versiya
Türkiyə–Pakistan–Səudiyyə xətti güclənir – İsrail məsələsi üçlü ittifaqı sınağa çəkir
Tarix: 12-08-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Türkiyə–Pakistan–Səudiyyə xətti güclənir – İsrail məsələsi üçlü ittifaqı sınağa çəkir



Yaxın Şərqdə təhlükəsizlik balansının sürətlə dəyişməsi fonunda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığının güclənməsi yeni geosiyasi müzakirələr yaradıb. Əsas suallardan biri formalaşmaqda olan üçtərəfli mexanizmin konkret olaraq hansı təhlükələrə qarşı yönələcəyi və gələcəkdə daha geniş İslam ölkələri blokuna çevrilib-çevrilməyəcəyidir.

Məsələnin ən diqqətçəkən tərəflərindən biri Ankara ilə İslamabaddan İsraillə bağlı verilən mesajların eyni olmamasıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan əməkdaşlığın İrana qarşı yönəlmədiyini bildirib. İsrailin mümkün hədəf olub-olmaması barədə suala isə daha ehtiyatlı yanaşaraq Türkiyəyə təhlükə yaratmayan dövlətlərin hədəf olmadığını söyləyib.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə İsraillə bağlı daha sərt mövqe ortaya qoyub. O, müsəlman dövlətlərini İsrailə qarşı ortaq mövqe nümayiş etdirməyə çağıraraq Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı müdafiə əməkdaşlığının gələcəkdə daha geniş mexanizmə çevrilə biləcəyini bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Pakistan üçtərəfli əməkdaşlığa yalnız hərbi ittifaq kimi deyil, İslam dünyasında daha geniş koordinasiyanın mümkün başlanğıcı kimi yanaşır.

Ancaq məhz İsrail məsələsi belə bir genişlənmənin qarşısındakı ən ciddi maneələrdən biri ola bilər. Çünki müsəlman ölkələrinin İsraillə münasibətləri və təhlükəsizlik maraqları eyni deyil.

Birləşmiş Ərəb Əmirlikləri İsraillə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini inkişaf etdirib. Azərbaycan da İsraillə müdafiə, enerji və digər strateji sahələrdə uzunmüddətli əməkdaşlığa malikdir. Bu səbəbdən mümkün üçlü mexanizm açıq şəkildə İsrailə qarşı yönəldilərsə, İsraillə tərəfdaşlıq münasibətləri saxlayan müsəlman dövlətlərinin həmin formata qoşulması xeyli çətinləşə bilər.

Misirin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Qahirənin mümkün əməkdaşlığa qoşulması barədə müxtəlif müzakirələr aparılsa da, Misir İsrail-Fələstin qarşıdurmasında vasitəçilik edən əsas regional aktorlardan biridir. Bu rol Qahirənin həm Vaşinqton, həm də Avropa paytaxtları ilə münasibətlərində mühüm yer tutur.

Digər tərəfdən, Türkiyənin daha ehtiyatlı ritorikası Ankaranın yeni müdafiə mexanizmini əvvəlcədən konkret bir dövlətə qarşı qurulan blok kimi təqdim etmək istəmədiyini göstərir. Belə yanaşma ittifaqın gələcəkdə başqa dövlətlərin üzünə açıq qalması baxımından da əhəmiyyətlidir.

Pakistan isə əməkdaşlığın ideoloji və İslam dünyasını əhatə edən tərəfini daha qabarıq göstərməyə çalışır. Bu fərq gələcəkdə üç ölkənin ortaq təhlükə anlayışının necə müəyyənləşdiriləcəyi məsələsini ön plana çıxaracaq.

Beləliklə, Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan müdafiə xəttinin güclənməsi regionda yeni güc mərkəzinin yaranmasına çevrilə bilər. Lakin onun “İsrailə qarşı İslam ittifaqı” formasına keçməsi daha mürəkkəb görünür. Çünki belə bir istiqamət seçilərsə, müsəlman dövlətləri arasındakı fərqli strateji maraqlar ittifaqın genişlənməsinə deyil, əksinə, onun daxilində yeni fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026