Mobil versiya
Manaf Manafov: " Etibarlı tərəfdaşlığın Avropa modeli Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqdır"
Tarix: 03-07-2026 | Saat: 10:15
Bölmə:Özəl | çapa göndər

Manaf Manafov: " Etibarlı tərəfdaşlığın Avropa modeli  Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqdır"

Müasir dünyanın siyasi və iqtisadi xəritəsi yenidən formalaşdığı bir dövrdə dövlətlər arasındakı münasibətlərin xarakteri də dəyişir. Bu gün beynəlxalq sistemdə yalnız iqtisadi imkanlara malik olmaq kifayət etmir. Əsas məsələ etibarlı tərəfdaş, sözünün sahibi və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilməkdir. Azərbaycan son illərdə məhz belə bir siyasi nüfuz formalaşdırıb və cənab Prezident İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə birgə mətbuata bəyanatı da bunun növbəti təsdiqinə çevrildi.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Dövlət başçısının çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən siyasi dinamikanın xüsusi vurğulanması idi. Bu il ərzində Avropa İttifaqının ən yüksək səviyyəli rəhbər şəxslərinin Bakıya ardıcıl səfərləri təsadüfi diplomatik fəallıq deyil, Azərbaycanın Avropa üçün artan strateji əhəmiyyətinin göstəricisidir. Bu, həm də uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın və bərabərhüquqlu əməkdaşlıq modelinin nəticəsidir. Azərbaycan heç vaxt münasibətlərini birtərəfli asılılıq üzərində qurmayıb. Dövlətimizin xarici siyasət fəlsəfəsi milli maraqların qorunması, qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanır. Məhz buna görə də ölkəmiz həm Şərq, həm Qərb, həm də region dövlətləri ilə paralel şəkildə etibarlı münasibətlər quraraq nadir diplomatik model yaradıb. Bu gün Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın xüsusi yer tutması da həmin siyasətin məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqının region üzrə ticarət əlaqələrinin təxminən 70 faizinin Azərbaycanla həyata keçirilməsi ölkəmizin iqtisadi liderliyinin və regional əhəmiyyətinin ən real göstəricilərindən biridir. Əslində, Azərbaycan müstəqillik illərində təkcə enerji ixrac edən ölkə deyil, həm də iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın təşəbbüskarına çevrilib. Bu gün Avropanın enerji təhlükəsizliyindən danışarkən Azərbaycan faktorunu nəzərə almamaq artıq mümkün deyil. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, son dörd il ərzində Avropa İttifaqı ölkələrinə təbii qaz ixracının 65 faiz artması Azərbaycanın öz öhdəliklərinə sadiqliyini və tərəfdaşlarına verdiyi sözə əməl etdiyini nümayiş etdirir. Hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazından istifadə edir və bu coğrafiyanın daha da genişlənməsi üçün yeni imkanlar mövcuddur. Lakin Azərbaycanın Avropa üçün əhəmiyyəti yalnız enerji resursları ilə məhdudlaşmır. Müasir beynəlxalq münasibətlərdə nəqliyyat və logistika marşrutları strateji üstünlük amillərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan artıq qlobal ticarət zəncirinin mühüm halqasına çevrilib. Dünyada baş verən geosiyasi dəyişikliklər, yeni marşrutlara olan ehtiyac və beynəlxalq daşımaların təhlükəsizliyi məsələləri Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Azərbaycan isə vaxtında qəbul etdiyi strateji qərarlar sayəsində bu proseslərin mərkəzində yer alır. Dövlətimizin dəmir yolu xətlərinə, dəniz limanlarına və logistika infrastrukturlarına yatırdığı milyardlarla investisiya bu gün öz bəhrəsini verir.

Cənab Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan yaşıl enerji siyasəti isə Azərbaycanın gələcək inkişaf modelinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmiz artıq ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilib. Növbəti illərdə səkkiz giqavat həcmində Günəş və külək enerjisinin istehsalı ilə bağlı imzalanmış müqavilələr Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi, Xəzər dənizinin zəngin külək potensialından istifadə olunması və Avropa ilə enerji bağlantılarının genişləndirilməsi ölkəmizin qlobal yaşıl transformasiya prosesində mühüm rol oynayacağını təsdiqləyir. Bu siyasət eyni zamanda Azərbaycanın iqtisadi modelinin müasir çağırışlara uyğun şəkildə yeniləndiyini və gələcək nəsillərin maraqlarının nəzərə alındığını göstərir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı idi. Azərbaycan uzun illər davam edən işğal siyasətinə son qoyduqdan sonra regionda yeni əməkdaşlıq fəlsəfəsinin əsas müəllifinə çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün sülh artıq nəzəri anlayış deyil, real həyatın bir hissəsidir. Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması, enerji məhsullarının təchizatı və digər humanitar addımlar Azərbaycanın sülhə nə qədər səmimi yanaşdığını nümayiş etdirir. Ən mühüm məqamlardan biri isə Azərbaycanın qalib dövlət kimi revanşizm deyil, əməkdaşlıq və birgə inkişaf modelini seçməsidir. Bu yanaşma Cənubi Qafqazın gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən əsas siyasi xəttə çevrilir.

Avropa Komissiyasının bu proseslərə dəstək vermək niyyəti isə Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Artıq Cənubi Qafqazın gələcəyi münaqişələr və qarşıdurmalar üzərində deyil, qarşılıqlı fayda, iqtisadi inteqrasiya və ortaq təhlükəsizlik prinsipləri üzərində qurulur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Avropa ilə münasibətlərdə formalaşan yeni mərhələ də göstərir ki, ölkəmiz qlobal geosiyasətin passiv iştirakçısı deyil, onun istiqamətlərini müəyyənləşdirən mühüm aktorlardan biridir. Azərbaycanın yaratdığı etibarlı tərəfdaşlıq modeli artıq beynəlxalq münasibətlər sistemində ayrıca siyasi məktəb kimi qəbul olunur. Bu məktəbin əsas prinsipləri isə milli maraqlara sadiqlik, qarşılıqlı hörmət, etibarlılıq və sülhə xidmət etməkdir. Məhz bu dəyərlər ölkəmizin Avropa ilə münasibətlərini daha da möhkəmləndirir və yeni strateji mərhələnin əsasını təşkil edir-deyə Manaf Manafov fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2026