Mobil versiya
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işıq sürəti: İngilis şivəsi, Bakı şallağı
Tarix: 01-07-2026 | Saat: 14:02
Bölmə:Karusel / Manşet / Təhsil / Yazar7 | çapa göndər

Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin işıq sürəti:


Məmləkətdə "istefa mədəniyyəti" adlı bir anlayış olsaydı, yəqin ki, Yaponiya imperatorları kimi hər kiçik idarəçilik qüsurunda harakiri həddinə çatmasalar da, ən azı adamlar xəcalətdən başlarını aşağı salıb o kresloları boşaldardılar. Amma bizdə kresloya elə bir yapışqanla bağlanırlar ki, Ali Məhkəmənin qərarı belə o yapışqanın kimyəvi tərkibini poza bilmir.

Bizim məmləkətin məktəblərində elm girməyən yerə monitorinq girəndə həmişə maraqlı hekayələr ortaya çıxır. Bu dəfəki qəhrəmanımız Bakı şəhəri, Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Jalə Qədirovadır. Daha doğrusu, hələlik sabiq müavini. Çünki Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir əvəzi Nərminə xanım Hüseynovanın və onun İnsan resursları sektorunun müdiri Aygün xanım Bayramovanın idarəçilik qılıncı o qədər sürətli işləyib ki, ortaya dünya idarəçilik tarixinə düşəcək bir "eksperiment" çıxıb.

Məsələnin ən ağrılı və həm də ən tragikomik tərəfi də elə burasındadır. Təhsil sistemində rəhbər vəzifələrdə oturan bu xanımların və onların ətrafındakı kadrların xeyli hissəsi ixtisasca hüquqşünasdırlar. Özü də elə-belə yox, bizim cəmiyyətdə populyar dillə desək, "London cocuqları" kateqoriyasına aid olan, Böyük Britaniyada baha başa gələn hüquq təhsili almış, ingilis dilini "yüksək səviyyədə" bildiklərini bar-bar bağıran gənclərdir. Londonun o dumanlı küçələrində, fərdin hüquqlarını dövlətin təməli hesab edən mühazirələrlə böyüyən bu zümrə, Bakıya qayıdıb kresloya əyləşən kimi nədənsə ingilis hüququnu unudub, yerli "cəza aparatının" metodlarına keçid edib.

Hadisənin xronologiyasına baxaq: Jalə xanım bir müddət məktəb direktorunun səlahiyyətlərini icra edib, bura yeni direktor təyin olunduqdan sonra isə tədrisin təşkili və maliyyə fəaliyyətindəki qanun pozuntularından rəsmi orqanlara, şikayətlər yazmağa başlayıb. Cavab? Təbii ki, effektiv tədbir yoxdur, amma effektiv əks-hücum var: dərhal məktəbə monitorinq qrupu göndərilir.

Monitorinq qrupu gəlir və məlum olur ki, sən demə, bu direktor müavini bəzi günlərdə işdən tez qaçıb, bəzi günlər isə işə gəlməyib. Lap yaxşı, bəs bunu necə sübut edək? Keçmiş tarixlərə bir dənə akt tərtib olunur, altında da məktəbin 59 nəfərlik kollektivinin imzası! Bir adamın intizamsızlığını təsdiqləmək üçün bütöv bir alay səfərbər olunub. Amma məhkəmə soruşanda ki, "ay qardaş, bu akt pozuntu baş verən anda yazılmalıdır, siz niyə keçmişə qayıdıb akt yazmısınız?", London təhsilli hüquqşünaslar susur.

10 may tarixinə aid ittiham isə tam bir şedevrdir. İdarə iddia edir ki, Jalə xanım həmin gün üzrsüz səbəbdən işdə olmayıb. Amma ortalığa rəsmi sənədlər çıxır: sən demə, iddiaçı həmin gün səhər saat 08:00-dan 12:00-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən gülqoyma mərasimində olub! Özü də məktəb direktorunun şəxsən təşkil etdiyi kollektivlə birgə. İdarənin "Londonerləri" deyir ki, "yaxşı, gül qoydun qurtardın, bəs sonra niyə məktəbə qayıtmadın?". Məhkəmə də haqlı olaraq cavab verir: "A kişi, adam günün yarısını sizin tapşırıqla rəsmi tədbirdə olubsa, buna necə 'bütün iş günü işə gəlməmək' maddəsi qoyursunuz?". Yəni, gül qoymaq üzrlü səbəbdir, amma o gülün ətri görünür Təhsil İdarəsinə çatmayıb.

Və gəlirik qanunsuzluğun pik nöqtəsinə – 4 iyul 2025-ci il tarixinə. İşçinin hüquqlarını qorumalı olan, amma çoxdan arabanın 5-ci təkərinə dönmüş BŞTİ Həmkarlar İttifaqı Komitəsi və onun həşəmətli sədri Sevinc Quliyeva saat 16:08-də Jalə xanımı idarənin binasına iclasa çağırır. Həmin gün dərhal tələsik iclas keçirilir, 13 nəfər komitə üzvü heç bir faktı araşdırmadan əl qaldırır və saat 18:00-da artıq işçinin qovulma əmri hazır olur, son haqq-hesabı ödənilir. Toplam iki saatın, cəmi 120 dəqiqənin içində bir insanın 10 illik əməyi, çörəyi hərraca çıxarılır. Jalə xanım məhkəmədə tam bir hüquqi ironiya ilə deyir: "Əgər eksperiment aparıb bir gün ərzində, saat 16:00-dan 18:00-dək bu göstərilən faktları kimsə yaza, iclas keçirə və əmr hazırlaya, əmək haqqı hesablayıb ödəyə bilsə, mən bu “qəhrəmanlığa” görə iddiadan imtina etməyə hazıram".

Bir sözlə, bu tələsiklik və idarəçilik harınlığı dumanlı London hüquqşünaslarının ayağına dolaşdı. Nəsimi Rayon Məhkəməsi baxdı ki, əmrdə yazılan ittihamların hamısı sabundur, Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladı. Təhsil İdarəsi inadından dönməyib işi Ali Məhkəməyə daşıdı. Və nəhayət, Ali Məhkəmənin Mülki kollegiyası son nöqtəni qoydu: Kassasiya şikayəti təmin edilməsin, Jalə xanım işinə bərpa olunsun, məcburi iş buraxma dövrünün pulları da son qəpiyinə qədər ödənilsin!

Bax, o Londonun dumanı Bakının adi məhkəmə zallarında necə dağıldısa, bizim bəzəkli dildə ötən "diplomlu bülbüllərin" də fəlsəfəsi eləcə puç oldu. Əcnəbi dildə sivilizasiya dərsi keçib, öz vətəndaşına gələndə cəza maşınına çevrilən bu zümrə ən böyük silləni elə Ali Məhkəmədən aldı. Hakimlər onların ingilis şivəsiylə bəzədilmiş, içi boş kassasiya şikayətlərini "əsassız mülahizə" adlandırıb hüququn zibil qutusuna atdılar.

Və burada insan istər-istəməz qürurla düşünür: Jalə xanımın pozulmuş hüquqlarını bərpa edən, ədaləti tərəziyə qoyan o hakimlərimiz axı Londonda, Temza çayının sahilində bahalı hüquq təhsili almamışdılar. Onlar dumanlı Albiyonun küçələrində fərdin hüququndan mühazirə dinləyib, Bakıya gələn kimi "cəza aparatına" çevrilənlərdən olmadılar. Bizim hakimlər elə doğma Bakımızda, öz ana dilimizdə, Azərbaycanın qanunvericiliyini və milli mənəviyyatını oxuyub boya-başa çatan insanlardır. Onlar sübut etdilər ki, ədaləti qorumaq üçün ingilis dilində bülbül kimi ötməyə yox, xalis ana dilində yazılmış Qanunun aliliyini dərk etməyə və ən əsası, vicdana sahib olmağa ehtiyac var. İngilis şivəsi ilə ədalətsizliyi pərdələyənlərin qarşısında doğma dilimizdə hüquq dərsi keçən, Temza sahilinin vizyonundan bəhs edənlərə Bakı məhkəmə zallarında əsl ədalət dərsi verən hakimlərimizin bu qətiyyəti və ədalətli qərarı hər cür alqışa layiqdir! Deməli, məmləkətdə harınlığın və tələsik qanunsuzluğun qarşısını kəsə biləcək, qanunun keşiyində dayanan həqiqi hüquqşünaslar da var, ədalətli məhkəmə də!

Çünki tanınmış təhsil eksperti İlham Əhmədovun da öz elmi-analitik məqaləsində haqlı olaraq vurğuladığı kimi, bu gün Azərbaycan təhsil idarəçiliyində çox acı nəticələr doğuran qorxulu bir "Heyvagülü siyasəti" formalaşıb. Xalq hikmətindəki “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi tam olaraq bu idarəçilərin xarakteridir. Kim nə deyirsə desin, qanun nə tələb edirsə etsin, ekspertlər neçə yüz məqalə yazıb hansı qüsurları göstərirsə göstərsin – "söz sahibləri" tənqidləri sistemli şəkildə görməzlikdən gəlir, tənqidi inkişaf resursu yox, şəxsi hücum sayır və yalnız öz bildiklərini oxuyurlar. Elmi əsaslara, sübutlara deyil, kor-koranə özünəinama və inzibati şallağa söykənən bu "heyvagülü idarəçiliyi" insan kapitalını məhv edir, səhvləri gizlədir və inkişafı tamamilə dayandırır. Amma Ali Məhkəmənin bu son qərarı göstərdi ki, təhsil sahəsini özlərinin qapalı, tənqid keçirməz feodal mülkünə çevirib "heyvagülü" oynayanların o eybəcər rəqsi, qanunun və ədalətin sərt divarına çırpılmağa məhkumdur. Dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə çökməyə məhkumdur.

İndi yəqin idarə otaqlarında çay içə-içə, ingilis dilində yox, xalis yerli dildə bir-birlərinə təsəlli verirlər: "Biz hər şeyi düz eləmişdik, sadəcə qanunlar bizim vizyonumuza mane olur". Çünki hüquqsuzluğun diplomu olmur, onun sadəcə ingiliscə biləyən icraçıları olur. Elm və Təhsil naziri Emin Əmrullayev cənabları da bilməlidir ki, təhsilin sükanını Londonda ingilis dili öyrənib, Bakıda adam qaralamaq texnologiyasını mənimsəyənlərə tapşıranda, Ali Məhkəmə belə adamı tarixin ortasında qanun dərsinə qaldırmağa məcbur olur.

Bəs bu xəcaləti necə yuyacaqlar? Yuyası deyillər. Böyük ehtimalla, növbəti qanunsuz monitorinq aktı idarədən gələn kimi, Sevinc xanım və onun 13 nəfərlik səsvermə robotları yenidən saatlarına baxacaqlar ki, bu dəfə rekordu təzələsinlər, işçini 2 saata yox, 45 dəqiqəyə qovmağa razılıq versinlər.
Məncə bu xəcalətdən sonra həmin 13 nəfər səsverən “həmkarlar” başda Sevinc Quliyeva olmaqla tam tərkibdə üzr istəyib istefa verməlidirlər. Amma və lakin bu baş verməyəcəkdir. Çünki bu məmləkətdə istefa vermək üçün gərək adamda siyasi və mənəvi məsuliyyət hissi olsun. Bizim bəzi həmkarlar sədrlərində isə hissiyyat yalnız rəhbərliyin otağından gələn siqnalları tutmaq üçün işləyir. Jalə xanımın məhkəmədəki haqlı ironiyası isə tarixin yaddaşında qalacaq: iki saata hüquq fədaisi kəsilənlər, Ali Məhkəmənin qəti qərarı qarşısında indi hansı "qəhrəmanlığı" uyduracaqlar?



Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2026