Mobil versiya
Səttar Möhbalıyev: "28 May-Müstəqillik Günü Şərqin ilk demokratik respublikasından müasir qalib Azərbaycana uzanan dövlətçilik yoludur"
Tarix: 19-05-2026 | Saat: 09:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "28 May-Müstəqillik Günü Şərqin ilk demokratik respublikasından müasir qalib Azərbaycana uzanan dövlətçilik yoludur"

28 May Azərbaycan xalqının dövlətçilik tarixində sadəcə təqvim günü deyil, milli iradənin, azadlıq idealının və müstəqillik düşüncəsinin təntənəsidir. Bu tarix xalqımızın əsrlər boyu qoruyub yaşatdığı dövlətçilik ənənələrinin siyasi gerçəkliyə çevrildiyi gündür. 1918-ci il mayın 28-də Azərbaycan xalqı yalnız öz dövlət müstəqilliyini elan etmədi, eyni zamanda bütün Şərq və müsəlman dünyasına yeni bir siyasi model təqdim etdi. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və bununla da Şərqdə ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası tarix səhnəsinə çıxdı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi tarixi hadisə deyildi. XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış, maarifçilik və azadlıq ideyaları geniş vüsət almışdı. Görkəmli ziyalıların, mütəfəkkirlərin və ictimai-siyasi xadimlərin fəaliyyəti milli özünüdərk prosesini gücləndirmiş, xalqın istiqlal arzularını daha da möhkəmləndirmişdi. Ulu Öndər Heydər Əliyev bu tarixi prosesin mahiyyətini belə qiymətləndirirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır." 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul olunan İstiqlal Bəyannaməsi xalqımızın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Bu sənəd təkcə Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmədi, eyni zamanda demokratik dəyərlərin, insan hüquqlarının və hüquqi dövlət prinsiplərinin siyasi təməlinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu qısa müddət ərzində həyata keçirilən işlər müasir dövlət quruculuğunun təməl sütunlarını yaratdı. İlk parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu yaradıldı, vətəndaşlıq institutu meydana gəldi, dövlət bayrağı qəbul olundu. Xalq hakimiyyəti prinsipi əsas götürülərək ölkənin bütün vətəndaşlarına milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur." Xalq Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri milli kimlik və dövlətçilik şüurunu xalqın özünə qaytarması idi. Avropa demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən bu dövlət modeli xalqın öz müqəddəratını müəyyən etmək gücündə olduğunu sübut etdi.

Millət vəkili onu da bildirib ki, həmin dövrdə təhsil və mədəniyyət sahəsində də mühüm addımlar atıldı. Məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edildi, tədris ana dilində aparılmağa başladı, Bakı Dövlət Universiteti təsis edildi. Bu qərarlar gələcəkdə milli intellektual potensialın formalaşmasına xidmət edən strateji addımlar idi. Lakin 1920-ci ildə bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoydu. Bununla belə, istiqlal ideyası xalqın yaddaşından silinmədi. Azərbaycan xalqı öz müstəqillik amalını qoruyub saxladı və XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etdi. 1991-ci ildə qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olduğu təsbit edildi. Lakin müstəqilliyin ilk illərində ölkə ciddi siyasi böhran, iqtisadi çətinliklər və xarici təhdidlərlə üzləşmişdi. Dövlətçiliyin itirilməsi təhlükəsi yaranmışdı. Məhz belə mürəkkəb tarixi mərhələdə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti Azərbaycan dövlətçiliyini xilas etdi. Ulu Öndərin məşhur fikri bu gün də öz aktuallığını qoruyur: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət idarəetmə sistemi formalaşdırıldı, milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyən edildi. Eyni zamanda milli dövlətçilik ənənələri möhkəmləndirildi və azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas xəttinə çevrildi. Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni tarixi mərhələyə yüksəldi. Azərbaycanın iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, güclü ordu quruculuğu və milli maraqların qətiyyətlə qorunması müasir Azərbaycanın əsas prioritetlərinə çevrildi. Ən mühüm nəticə isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması oldu. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!"

Bu gün 28 May Müstəqillik Günü yalnız tarixi keçmişə ehtiram günü deyil. Bu tarix həm də müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərin, güclü dövlət modelinin və gələcək inkişaf hədəflərinin rəmzidir. Şərqdə ilk demokratik respublikanı yaradan xalq bu gün qalib, güclü və suveren dövlətin sahibidir. Azərbaycan Xalq Cümhuriyyətindən başlayan dövlətçilik yolu müasir Azərbaycanın uğurları ilə yeni məzmun qazanaraq gələcəyə doğru inamla davam edir. Bu müqəddəs yolun əsas ideyası isə dəyişməz olaraq qalır. Müstəqillik milli sərvətdir və onun qorunması hər bir vətəndaşın ən ali vəzifəsidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026