Mobil versiya
20 Yanvar bizim Milli Məğrurluq Günümüzdür
Tarix: 20-01-2026 | Saat: 09:00
Bölmə:Karusel / Manşet / Gündəm / Özəl / Yazar3 | çapa göndər

20 Yanvar bizim  Milli Məğrurluq Günümüzdür


Bu gün yanvarın 20-dir. Zamanın çarxı fırlandıqca bəzi acılar unudulur, bəzi tarixlər isə tozlu rəflərdə itib batır, amma 20 Yanvar bizim üçün təqvimlərin fövqündə dayanan, millətin ləyaqət dastanının qanla yazıldığı müqəddəs bir andır. Artıq otuz beş ildir ki, Bakının ən uca zirvəsi — Xəzərin göy sularına boylanan o xiyaban bir xalqın azadlıq eşqinin ziyarətgahına çevrilib. O gecə Bakı küçələrinə tökülən qan sadəcə insan qanı deyil, bir millətin əsrlərdir damarlarında sıxılıb qalan azadlıq vulkanının püskürməsi idi. Tankların tırtılları altında əzilən bədənlər deyil, əslində bir imperiyanın son qalıqları və onun amansız xəyalları idi.

1990-cı ilin o qanlı şənbə gecəsində Bakı təkcə barıt qoxusuna deyil, həm də bir xalqın yenilməzlik andına şahidlik etdi. Şəhərin üzərinə çökmüş o qatı qaranlıq millətin qəlbindəki isti vətən sevgisini boğa bilmədi. Şairlər o gecə qələmlərini qana batırıb yazdılar ki, səsi boğulmaq istənən bu xalq artıq ayaqdadır. O müdhiş gecədə açılan atəşlər xalqın səsini kəsmək üçün idi, amma əksinə, o güllə səsləri dünyaya Azərbaycanın azadlıq hayqırışını çatdırdı. O gün biz ən igid oğullarımızı, ən fədakar qızlarımızı torpağa tapşırsaq da, həm də böyük bir qələbə qazandıq. Biz köləlik zəncirini məhz o gecə Şəhidlər Xiyabanının soyuq daşlarına çırpıb qırdıq. O qanlı yanvar səhəri Azərbaycan xalqı dünyaya sübut etdi ki, azadlıq pay verilmir, o, can bahasına, qan bahasına alınır.

Bu gün Şəhidlər Xiyabanına qalxan o yoxuş hər birimiz üçün bir mənəviyyat imtahanıdır. Hər qəbir daşının arxasında yarımçıq qalmış bir ömür, yazılmamış bir dastan, böyüməmiş bir körpənin arzusu dayanıb. Toy libasını kəfənə dəyişən fədakar gənclərin, körpəsini qorumaq üçün sinəsini sipər edən ataların, vətən sağ olsun deyib göz yaşını qəlbinə axıdan anaların ruhu qarşısında sükut deyil, ancaq sonsuz bir ehtiram dayanmalıdır. Şəhidlik elə bir məqamdır ki, orada ölüm bitir, əbədiyyət başlayır. Onlar otuz beş il əvvəl o soyuq yanvar gecəsində bir məşəl yandırdılar və o məşəl bu gün bütöv Azərbaycanın səmasını işıqlandırır. İlqar və Fərizənin yarımçıq qalmış sevgisi, Ülvü Bünyadzadənin vətən eşqi, Larisa Məmmədovanın məsum qanı bizim milli kimliyimizin silinməz yaddaşına çevrildi.

İndi biz 20 Yanvarı artıq sadəcə ağlayaraq deyil, həm də dik duraraq, qalib bir xalqın qüruru ilə anırıq. Çünki o müqəddəs ruhlar bu gün Şuşanın dumanlı dağlarında, Xankəndinin küçələrində gəzir. Otuz altı il əvvəl o tankların qarşısına çıxan iradə, 44 günlük Vətən Müharibəsində düşməni diz çökdürən polad yumruğun mayası idi. Bizim şəhidlərimiz artıq rahat uyuyurlar, çünki uğrunda öldükləri torpaq artıq azaddır, bütövdür və toxunulmazdır. Qanları yerdə qalmadı, qisasları qiyamətə qalmadı.

Bizim borcumuz sadəcə bu günü anmaq deyil, o ruhu gələcək nəsillərə ötürməkdir. 20 Yanvar bizim həm matəmimiz, həm də Milli Məğrurluq Günümüzdür. Nə qədər ki bu millət var, nə qədər ki bu bayraq dalğalanır, şəhidlərimizin xatirəsi bizim qəlbimizdə ən ali məqamda yaşayacaqdır.

Deyirlər yanvarın qarı ağ olar,
Bizim yanvarımız qan rəngindədir.
Şəhidin məzarı uca dağ olar,
Vətənin vüqarı can rəngindədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhunuz qarşısında baş əyirik!


Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026