Mobil versiya
Ağbaba və Şörəyelin mənəvi sütunu, bir ocağın ləyaqət imzası: ƏLƏSGƏR HƏMZƏYEV
Tarix: 19-01-2026 | Saat: 13:58
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan / Yazar2 | çapa göndər

Ağbaba və Şörəyelin mənəvi sütunu, bir ocağın ləyaqət imzası:

"101 AĞBABALI"silsiləsindən


Ağbaba və Şörəyel mahallarını tanıyanlar bilir ki, bura sadəcə bir coğrafiya deyil, bura bir sınaq meydanıdır. Göz işlədikcə uzanan dumanlı zirvələr, qışda keçilməz olan aşırımlar və Arpaçayın sümük sızıldadan soyuğu bu yerlərin insanını da özünə bənzədir – vüqarlı, susqun və əyilməz. Amasiya rayonunun həm Ağbaba, həm də Şörəyel ruhunu özündə birləşdirən torpaqlarında bəzi insanlar var ki, onların ömrü sadəcə təqvimlərlə ölçülmür; o ömür bir mahalın tarixinə, bir xalqın yaddaşına naxış-naxış həkk olunur. Qərbi Azərbaycanın dumanlı dağları, soyuq bulaqları və vüqarlı insanları ilə tanınan bu ulu yurd yerində məhz belə bir imza var: Ələsgər Hümbət oğlu Həmzəyev. Onun ömrü sadəcə bir bioqrafiya deyil, bir mahalın dirçəliş dastanıdır.

Təqvim 1941-ci ili göstərəndə dünya bir qan çanağına bənzəyirdi. Müharibənin qara kölgəsi Şörəyel mahalının qədim kəndi Mağaracığa da düşmüşdü. Atası Hümbət kişi cəbhəyə, qayıdıb-qayıtmayacağı bəlli olmayan bir yola yollananda, evin bütün yükü on yeddi yaşlı Ələsgərin əlində cəmi bir orta məktəb attestatı, çiyinlərində isə yeddi kiçik bacı-qardaşın qisməti, anasının ümid dolu baxışları qalmışdı. O, Ağbabanın buzdan don geyinmiş bulaqları kimi təmiz, lakin o bulaqların suyu kimi kəsərli bir məsuliyyəti boynuna götürdü.

Onun qarşısında yeddi cüt məsum göz vardı. Yeddi kiçik can – hələ həyatın nə olduğunu bilməyən bacı-qardaşları... Və bir də anasının gözlərindəki o ağır sükut. O sükutda həm qorxu, həm də Ələsgərə olan sarsılmaz bir inam vardı.
Ələsgər, gəncliyini yaşamadan, hələ bığ yeri təzəcə tərliyən vaxtında yeddi kiçik bacı-qardaşın həm atası, həm anası, həm də dağı-arxası oldu.

Şörəyelin qışı amansızdır; o qışda təkcə sular donmaz, ümidlər də buz bağlar. Amma Ələsgər o buzları yarmağı bacardı. Gündüzlər kolxozun ağır, yapışqan gilli palçığına batmış çəkmələri ilə ailəsinin bir tikə çörəyi üçün vuruşur, gecələr isə çıraq işığında həm özünün, həm də yeddi yetimin gələcək taleyini yoğururdu. O, bu müqəddəs vəzifəni – atasının əmanəti olan yeddi cüt məsum gözün qarşısında verdiyi sözü ömrünün sonunadək şərəflə tutdu. On yeddi yaşlı o gənc "ata" yeddi bacı-qardaşın hər birini oxutdu, hər birinə təhsil verdi, hər birini ev-eşik sahibi etdi. O, qardaşları və bacıları ilə hər zaman fəxr elədi, onları ailə sahibi etməyi özünün mənəvi borcu bildi. Mağaracığın o dumanlı səhərlərində başlayan zəhmət bəhrəsini verdi; qardaşları Həmzə və Təhməz Amasiyanın ən adlı-sanlı, elin-obanın rəğbətini, hər kəsin hörmətini qazanmış həkimləri oldular. Ələsgər müəllim üçün ən böyük fəxr kabinetlərdəki tərifnamələr deyil, bacı və qardaşlarının cəmiyyətdə tutduğu uca mövqe, onların xalqa xidməti idi. O, bir nəslin taleyini təkbaşına dəyişən insan idi.

Ələsgər Həmzəyevin əmək yolu Mağaracıq kəndində hesabdar müavinliyindən başladı, sonra klub müdiri kimi davam etdi. O, 1945-1950-ci illərdə Amasiya Rayon Partiya Komitəsində təlimatçı, 1950-1952-ci illərdə Rayon Komsomol Komitəsinin I katibi vəzifələrində çalışdı. Təsərrüfat rəhbərliyinə Şörəyel mahalının kəndləri olan Mağaracıq və Qaraçanta (Əzizbəyov) kolxozlarından başladı. Qaraçanta kimi böyük bir təsərrüfatı idarə etmək Ermənistan SSR-in rəhbərliyi ilə hər gün çarpışmaq demək idi. Planların doldurulması, texnika ayrılması, suvarma məsələləri – hər detal bir döyüş meydanı idi. Ələsgər müəllim bu döyüşlərdən həmişə alnıaçıq çıxırdı, çünki arxasında ona inanan Ağbaba və Şörəyel insanı dayanırdı. O, heç vaxt kabinet sədri olmadı; o, torpaq sədri idi. Fermalarda çobanlarla bir süfrədə oturar, taxıl biçinində kombaynçı ilə dərdləşərdi. Bu səmimiyyət və xalqla vəhdət onun rəhbərlik fəlsəfəsinin təməli idi.



Ələsgər Həmzəyevin əmək yolu sadəcə vəzifə pilləkəni deyil, həm də bir xarakterin bərkimə, bir ləyaqətin sınaq meydanı idi. Hər şey 1943-cü ildə, müharibənin ən ağır vaxtlarında başladı. 1945-ci ilədək doğma kolxozunda hesabdar müavini, sonra isə kəndin mədəni nəbzi sayılan klub müdiri işləyərkən o, hələ on yeddi yaşlı bir gənc idi, amma çiyinlərindəki yük bir elin məsuliyyəti qədər ağır idi. Bu gənc təşkilatçının istedadı tezliklə fərq edildi və 1945-1950-ci illərdə Amasiya Rayon Partiya Komitəsində təlimatçı kimi ilk siyasi təcrübəsini qazandı. 1950-1952-ci illər isə onun üçün daha dinamik bir dövr oldu; Rayon Komsomol Komitəsinin I katibi kimi gəncliyin enerjisini idarəçilik intizamı ilə birləşdirdi.


Elmə olan tükənməz həvəsi onu 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirməyə sövq etsə də, o, taleyini torpağa və idarəçiliyə bağlamışdı. 1952-ci ildən əvvəlcə azad partiya təşkilat katibi (1952-1954), ardınca isə qonşu Qukasyan Rayon Partiya Komitəsində təlimatçı (1954-1955) kimi gərgin iş rejiminə alışdı. 1955-ci ildə cəmi bir il Mağaracıq kənd kolxozuna rəhbərlik etdikdən sonra, 1956-1961-ci illərdə Amasiya Rayon Partiya Komitəsində Təbliğat və təşviqat şöbəsinin müdiri kimi ideoloji cəbhənin önündə dayandı. Amma onun ruhu torpağa, zəhmət adamına daha yaxın idi; buna görə də 1961-1962-ci illərdə Əzizbəyov (Qaraçanta) kolxozunun sədri vəzifəsini öhdəsinə götürdü.

1960-cı illərin "Xruşov islahatları" Amasiya üçün də sınaq dövrü idi. 1962-ci ildə rayonların birləşməsindən yaranmış Axuryan Ərazi kənd təsərrüfatı istehsalat idarəsində partiya təşkilatçısı kimi çalışarkən o, mürəkkəb idarəçilik mexanizmlərini dərindən mənimsədi. Rayonlar yenidən ayrıldıqda Qukasyan Rayon Partiya Komitəsi katibinin müavini oldu, lakin 1964-cü ildə Amasiya və Qukasyan rayonları birdəfəlik ayrılarkən doğma mahalına – Amasiya Rayon Partiya Komitəsinin II katibi vəzifəsinə seçildi. 1969-cu ilədək bu vəzifədə erməni birinci katiblərin qarşısında bir sipər kimi dayandı.


1969-cu il Ələsgər müəllimin həyatında və mahalın tarixində bir dönüş nöqtəsi oldu. Moskvanın "milli siyasəti" ilə İrəvandan Məhərrəm Bayramov I katib təyin ediləndə, qanunauyğun olaraq II katib postu erməniyə verilməli idi. Mərkəzi Komitədə ona bu vəziyyəti izah edib, "rayonda istədiyin vəzifəni sənə verəcəyik" dedilər. Ələsgər müəllimin seçimi onun cəsarətindən xəbər verirdi; o, erməninin rəhbərlik etdiyi Rayon Xalq Nəzarəti Komitəsini seçdi və 1969-cu ildə həmin vəzifəyə təyin olunaraq dörd il boyunca ədalətin keşiyində durdu. 1973-cü ildə rayona III katib ştatı ayrılanda bu məsuliyyətli iş məhz ona etibar edildi və o, tam on il (1983-cü ilədək) bu vəzifədə Ağbaba və Şörəyelin dərdi ilə nəfəs aldı.

Ömrünün son rəsmi xidmət illərini (1983-1987) Amasiya Rayon İcraiyyə Komitəsinin sədr müavini kimi tamamlayan Ələsgər Həmzəyev, təqaüd yaşına çatdıqda göstərdiyi misilsiz xidmətlərə görə Respublika əhəmiyyətli fərdi təqaüdə layiq görüldü. 32 il fasiləsiz deputat, 31 il RPK-nın Büro üzvü olan bu böyük insan, on yeddi yaşında bir gənc hesabdar kimi başladığı o uzun yolu, Ağbabanın mənəvi atası və dövlətçiliyimizin qürur mənbəyi kimi tamamladı.

Haşiyə:


Atam ferma müdiri işləyirdi. Rayonun qocaman partiya işçilərindən idi. Təbii ki, Ələsgər müəllimlə sıx təmasları, münasibətləri vardı. Biz də Ələsgər əmi kimi tanıyırdıq onu. Səkkizinci sinfi bitirmişdim. Qonşu Kiçik Şişətəpə kəndi ilə bizim İlanlı kəndi arasında olan Daşkörpü deyilən yerdə kəndin quzularını otarırdım. O gün növbə bizim idi. Günortadan bir az ötmüşdü. Gördüm ki, iki qara “Volqa” maşını gəlir. Belə maşınlar az idi və ancaq rayon rəhbələri, vəzifəli adamlar minirdi o maşınları. Maşınlar gəlib dayandı. İçindən 7-8 nəfər düşdü. İkisini tanıdım. Bizim rayonun rəhbərlərindən Cahangir Əliyev və Ələsgər əmi. Ermənilər də vardı. Sonra bildim ki onlardan biri qonşu Qızıl qoç (Qulasyan) rayonunun birinci katibi imiş. Məni yaxına çağırdılar. Qoltuğumda kitab-dəftər vardı. Ələsgər əmi bir qab verib su gətirməyimi xahiş etdi. Cəld gedib bulaqdan su gətirdim. Qonaqlar Daşkörpü bulağından ləzzətlə içəndən sonra Ələsgər əmi soruşdu:
- Nə kitabıdır oxuduğun?
-Fizika.
Sən fizikanı yaxşı bilirsənmi?
-Bəli.
Kitabı alıb vərəqlədi. Xeyli suallar verdi. Hamısına da cavab verdikcə kişinin gözləri gülümsəyir, hər dəfə də “əhsən” deyirdi. Ermənilər maraqla baxırdılar. Mənim cavablarımı Ələsgər əmi onlara tərcümə edirdi. Cahangir Əliyev soruşdu:
- Oğlum, sən kimin oğlusan?
- Qocayev Adilxanın.
- Ələsgər əmi gülümsədi:
- Qardaş oğlu, sənə beş. İndi de görüm o dəftərlərə nə yazmısan?
- Utana-utana: -bu mənim şeir dəftərimdi-dedim.
Dəftəri alıb vərəqlədi. Bir şeirimi oxudu. Özü də bərkdən. Sonra erməni dilinə tərcümə elədi. Erməni katibin gözlərindəki nifrəti və heyrəti hiss elədim. Canımdan bir üşütmə keçdi. Ələsgər əmi bunu hiss etdi sanki. Sənin imzanı yaxşı tanıyıram. “Əmək” qəzetində şeirlərini oxumuşam, Şəmsi Qoca- deyərək başımı sinəsinə sıxdı və məni erməni baxışlarından qoruyurmuş kimi başımı sığalladı. Cahangir əmi də mütəəssir olmuşdu və bu onun baxışlarından hiss olunurdu. Lakin ermənilərin keyfinə soğan doğranmışdı. Bir Türk uişağının belə hazırcavab olması onları heç açmamışdı.
Onlar avtomobillərə minib getdilər. Amma Ələsgər əminin əllərinin sığalı, sinəsinin istiliyi mənim yaddaşıma həkk olundu.




Tanınmış tarixçi-alimNazim Mustafanın tədqiqatlarından görünür ki, o dövrdə azərbaycanlıların rəhbər vəzifələrdə olması erməni şovinistlərini ciddi narahat edirdi və Ələsgər müəllim hər addımda bu sinsi planlara qarşı dirəniş göstərirdi. Əməkdar jurnalist Səyyad Ağbabalının "Bir ömür yaşadım, ağlı, qaralı" kitabındakı təqdimatında da Ələsgər müəllim təkcə bir məmur deyil, həm də elin-obanın mənəvi atası kimi canlanır. Səyyad müəllim qeyd edir ki, Ələsgər müəllim çalışırdı ki, məktəblərə, xəstəxanalara, idarələrə savadlı azərbaycanlı kadrlar təyin olunsun. O, hər bir mütəxəssisin arxasında bir dağ kimi dayanırdı. Erməni birinci katiblərlə olan gərgin iclaslarda öz qətiyyəti və arqumentləri ilə çox vaxt onları geri çəkilməyə məcbur edirdi. Səyyad Ağbabalının təsvirlərində biz onu kabinetdə deyil, Güllübulağın yaylaqlarında, Qaraçantanın taxıl tarlalarında görürük. O, kəndlinin problemini İrəvana "sosial narazılıq" kimi deyil, "həll olunmalı olan mütləq haqq" kimi təqdim etməyi bacarırdı.

Həyatının 32 ilini fasiləsiz olaraq deputat, 31 ilini RPK-nın Büro üzvü kimi keçirən bu böyük insan üçün 1988-ci il sadəcə siyasi hadisə deyil, bir qiyamət günü idi. Təsəvvür edin: 60 ildən çox ömür sürdüyün, hər cığırına ayaq izin düşən, on yeddi yaşından "ata"lıq etdiyin yurdun yolları üzünə bağlanır. O qara payızda Ələsgər müəllim Mağaracıq kəndindən çıxanda, bəlkə də həyatında ilk dəfə idi ki, əlləri titrəyirdi. O, minlərlə insanın köç karvanına rəhbərlik edərkən öz daxili ağrısını ürəyinin ən dərin qatına basdırmışdı. Onu ən çox yandıran vəzifəsini itirmək deyil, qoruduğu, illərlə hər qarışı üçün vuruşduğu o torpaqların boşalması idi. O vaxt daxili duyğular fəryad edirdi: o, yola çıxanda Mağaracığın o gilli palçığından bir az da çəkmələrində gətirdi ki, o torpağın qoxusunu Bakının asfalt küçələrində itirməsin. Ömrünü xalqa xidmətə həsr etmiş bir katib üçün köçkünlük taleyi yaşamaq dağın yerindən oynaması kimi bir şey idi. Ömrün ən sərt dolanbaclarında ona sadiq arxa olan, bu ağır köçkünlük taleyini Ələsgər müəllimlə birlikdə çiyinlərində daşıyan Gülsüm xanım, həyatının mənəvi dayağına çevrildiyi o böyük insandan sonra dünyasını dəyişərək öz vəfalı ömür payını tamamladı.

Lakin Ələsgər ocağının odu sönmədi, övladları bu irsi şərəflə davam etdirdilər. Oğlu Firidun Həmzəyev 1958-ci ildə Mağaracıqda doğuldu, Mağaracıq kənd orta məktəbini bitirib BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil oldu. Oranı bitirdikdən sonra o da atası kimi doğma kəndindən, müəllimlikdən başladı. Amasiyada təlimatçı işlədiyi illərdə riyaziyyatın dəqiq dünyası ilə idarəçiliyin məsuliyyətini birləşdirən Firidun müəllim, Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra Yasamal Rayon Təhsil Şöbəsində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində və Elm və Təhsil Nazirliyində rəhbər vəzifələrdə çalışdı. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması, "Əməkdar müəllim" fəxri adına və "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülməsi Ələsgər müəllimin əkdiyi elm ağacının ən şirin bəhrələridir.



Qızı Əminə Həmzəyeva da eyni maarifçilik yolundadır; Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu bitirmiş, hazırda 53 nömrəli məktəbdə direktor müavinidir. Onun övladları da bu ulu nəslin adını şərəflə təmsil edirlər; biri ABŞ-da, digəri İqtisadiyyat Nazirliyində xalqa xidmət edir.

Bu şərəfli yol bu gün həm də Azərbaycan dövlətçiliyinin ən mühüm sütunlarında – hüquq-mühafizə orqanlarında və səhiyyə sistemində davam edir. Firidun müəllimin oğulları Rəşad və Mehman Həmzəyevlər bu gün xalqın asayişini, millətin və dövlətin təhlükəsizliyini qoruyaraq babaları Ələsgər Kişinin yolunu davam etdirirlər. Babaları bir vaxtlar Amasiya rayonunun, Ağbaba və Şörəyel mahallarının sosial və mənəvi təhlükəsizliyinin sipəri idisə, bu gün nəvələri bütün Azərbaycanın təhlükəsizlik keşiyində dayanıblar. Firidun müəllimin ocağında boy atan Səbinə xanım da öz fəaliyyəti ilə qardaşlarından geri qalmır; o, Tibb Kollecində müəllim kimi çalışaraq gələcəyin şəfaverici əllərinə təkcə tibbin mürəkkəb sirlərini deyil, həm də babası Ələsgər müəllimdən və atası Firidun müəllimdən miras qalan xalqa sadiqlik ideallarını, insan həyatına ehtiramın və fədakar xidmətin ali mənasını böyük bir pedaqoji ustalıqla aşılayır. Bu, bir nəslin genetik koduna həkk olunmuş dövlətə sədaqət və xalqa xidmət eşqidir. Hər bir amasiyalı onlarla fəxr edir, çünki onlar babalarından miras qalan o təmiz adı qoruyurlar. Ələsgər müəllimin ömür vəfa qılsaydı, nəvələrinin çiyinlərindəki o parlaq ulduzlara baxıb, bəlkə də həyatının ən mənalı sevincini yaşayardı. Ağbabanın general oğullarının sırasında Ələsgər nəvəsinin adının hallanması, on yeddi yaşında ailə yükü ilə başlayan o məşəqqətli yolun ən möhtəşəm və mənalı sonluğudur.

1997-ci ildə dünyasını dəyişən Ələsgər Həmzəyev əslində ölməzlik qazanıb. O, yetişdirdiyi həkimlərdə, müəllimlərdə və asayişin keşiyində duran zabit nəvələrində yaşayır. Mağaracıqdan başlanan o çətin və şərəfli yol bu gün Bakının ən ali kürsülərinə, okeanın o tayına qədər uzanıb. İnsan ömrü üçün bundan böyük ucalıq yoxdur. Ağbaba və Şörəyel dağlarının ruhu onun varisləri ilə birlikdə bu gün Azərbaycanın hər qarışında dövlətə və millətə xidmət edir. Ruhun şad olsun, Böyük İnsan! Sənin yandırdığın ocaq indi bütöv bir nəslin yolunu işıqlandırır, əkdiyin çinarın budaqları isə göylərə ucalıb.



Şəmsi Qoca




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026