Mobil versiya
Qanlı 20 Yanvar – Azərbaycan xalqının milli kimliyinin və müstəqillik iradəsinin zirvəsi
Tarix: 19-01-2026 | Saat: 18:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qanlı 20 Yanvar – Azərbaycan xalqının milli kimliyinin və müstəqillik iradəsinin zirvəsi

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. Xalqımızın milli kimliyinin təcəssümünə çevrilən Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi olmuşdur. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur.

Bunu aia.az-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutulmaqla kütləvi şəkildə qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi misli görünməmiş qəddarlıq və vəhşiliklə həyata keçirilib. Qanlı 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

20 Yanvar hadisələri ilə bağlı ilk rəsmi etiraz Ümummilli Lider Heydər Əliyev tərəfindən səsləndirilib. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verib. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. O, cəsarətli bəyanatla əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya və humanizmə zidd, Moskvanın və respublika rəhbərliyinin günahı ucbatından baş vermiş kobud siyasi səhv kimi ifşa edib. Ümummilli Lider Heydər Əliyev bu barədə deyib: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq, eyni zamanda vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini və milli mənliyini qorumaq naminə.”

Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul edib. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm ən faciəli günlərdən biri, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 20 Yanvar Azərbaycan xalqının yaddaşında təkcə ağrı və kədər günü deyil, eyni zamanda şan və şərəf günü kimi yaşayır. Xalq həmin gün qorxunc sovet ordusuna qarşı sinəsini sipər edərək öz milli mənliyini, mətinliyini və əyilməzliyini nümayiş etdirib. Bu hadisələr bir daha sübut etdi ki, xalqımız pozulmuş hüquqlarının, suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizə əzminə malikdir.
1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi, 30 ildən sonra da tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində eyni birliyi və qətiyyəti nümayiş etdirdi. Beləliklə, Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyə qayıdış, azadlıq və müstəqillik uğrunda mübarizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə başa çatdı. Azərbaycan bir daha dünyaya sübut etdi ki, öz suverenliyini bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib dövlətdir. Eyni zamanda, əzəli-əbədi Azərbaycan torpaqlarının azad edilməsi xalqımızın milli şüurunda yeni mərhələnin əsasını qoydu. Bu gün hər bir azərbaycanlı qalib dövlətin və qalib xalqın nümayəndəsi kimi bu qüruru yaşayır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin daim uca tutulmasına, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil, əlilliyi olan şəxslərə isə 100-dək avtomobil təqdim edilib. Prezidentin aylıq təqaüdü 2023-cü ildən etibarən 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün isə orqanizmin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq 330–500 manat aralığında müəyyən edilib. Eyni zamanda, qulluğa görə və əlilliyə görə müavinətlərin məbləği də əhəmiyyətli dərəcədə artırılıb. Son illər icra olunan sosial islahat paketləri çərçivəsində bu ödənişlər bir neçə dəfə yüksəldilib.

Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında azadlıq uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxan, müstəqillik naminə canlarından keçən oğul və qızlarını heç vaxt unutmur. Onların əziz xatirəsi hər il dərin ehtiramla yad edilir. Bu barədə Prezident İlham Əliyevin sözlərini xatırladan deputat qeyd edib:
“Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman uca tutur.”
Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, dövlət bayraqları endirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026