Mobil versiya
Ağdam şəhəri günü
Tarix: 18-11-2025 | Saat: 12:09
Bölmə:Siyasət | çapa göndər

Ağdam şəhəri günü

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.

--



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2025