Mobil versiya
Ulu Öndər irsinə sədaqət yolu
Tarix: 18-11-2025 | Saat: 11:12
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər irsinə sədaqət yolu

Hər bir xalqın tarixində elə zəruri anlar, elə həlledici qərarlar olur ki, onlar bir dövlətin gələcək taleyini müəyyən edir, böhran və qarışıqlıqdan xilas yolunu göstərir. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması məhz belə bir tarixi zərurətin, Azərbaycanın taleyi üzərində düşünən ziyalıların dərin məsuliyyət hissinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” 1992-ci ilin noyabrı Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günləri idi. Ölkə ciddi sınaqlara, siyasi anarxiyaya və dağıdıcı proseslərə məruz qalmışdı. Məhz bu məqamda, Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətləri – tarixin yaddaşına “91-lər”in müraciəti kimi daxil olmuş sənədlə xalqın sınanmış lideri, peşəkar siyasətçi Heydər Əliyevə müraciət etdilər. Bu, sadəcə bir siyasi çağırış deyil, bütün xalqın arzu və istəklərinin ifadəsi idi – xalq ölkəni böhrandan çıxaracaq yeganə şəxsiyyət ətrafında birləşməyi zəruri sayırdı. Ulu Öndər Heydər Əliyev bu çağırışa tarixi bir cavab verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbayca2n dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”

Bu dərin inam və məsuliyyətli mövqe ilə 21 noyabr 1992-ci il tarixində Naxçıvanda, ölkənin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə YAP-ın Təsis Konfransı keçirildi. Konfrans Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
YAP müxalifət partiyası kimi fəaliyyətə başlasa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe hər zaman konstruktiv xarakter daşıyırdı. YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevirmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan partiyanı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. YAP-ın bu uğurunun təməlində partiya üzvlərini səciyyələndirən əsas göstəricilər – vətənə sadiqlik və ümummilli maraqlara sədaqət dayanır.

YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Ulu Öndər Heydər Əliyevin siyasi mirası Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası statusunu qazandı. Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxış edərək, “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq,” – demişdir.

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində on strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı. Partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar isə peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmlilik və müasirlikdir. Partiyanın on bir strateji hədəfi isə aşağıdakılardır: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.” Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Prezident İlham Əliyev qeyd edir ki, “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.” Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Cənab Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının rifahı, dövlətçiliyimizin möhkəmləndirilməsi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qaydışın təminatı uğrunda yeni zirvələrə doğru inamla addımlayır.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2025