Mobil versiya
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Parlament Konfransı keçirilib -YENİLƏNİB/FOTO
Tarix: 29-10-2025 | Saat: 17:07
Bölmə:Siyasət / Parlament | çapa göndər

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Parlament Konfransı keçirilib

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr edilən beynəlxalq parlament konfransının Azərbaycanda keçirilməsinin dərin rəmzi mənası var. Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur.
Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizə qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini törətmişdi.
Belə bir şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaratdı. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur.
Milli Məclisin sədri deyib ki, Ulu Öndər Heydər Əliyevin başladığı yol Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son iyirmi iki il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Bu dövrdə həm də Konstitusiyamızın real gücü praktikada sınaqdan keçmişdir.
Bildiyiniz kimi, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi otuz ilə yaxın Ermənistanın işğalı altında olmuşdur. Bu dövrdə Konstitusiya dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin hüquqi, mənəvi və fəlsəfi əsasını təşkil edirdi. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmaq uğrunda diplomatik səylərimizin təməlində dayanmışdı.
2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa etdi. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş prinsiplər real həyatda öz təcəssümünü tapdı.
Diqqətə çatdırılıb ki, ölkəmizin Konstitusiyası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi başlıca niyyətlərdən biri kimi bəyan edib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında beynəlxalq hüquqa əsaslanan sülh və inkişafı, dövlətlərin daxili işlərinə qarışmamağı, qarşılıqlı hörmət və əməkdaşlığı Azərbaycanın baxışları kimi təqdim edib.
Azərbaycanın regional və qlobal səviyyədə bütün fəaliyyəti – həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviqi, bu gün dünyanın üzləşdiyi müxtəlif çağırışlarla mübarizədə göstərdiyi səylər bu niyyət və baxışları əks etdirir.
Spiker xüsusilə qeyd edib ki, 30 illik işğal dövrünə baxmayaraq, məhz Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib. Sülhün əsasını təşkil edən 5 təməl prinsip və sülh sazişinin layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Cari ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açıb.
Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, indiki qlobal geosiyasi dinamika şəraitində məhz Konstitusiya qaydası dövlətlərə öz dayanıqlığını qorumaqda və milli maraqları əsasında inkişaf etməkdə kömək göstərir. Azərbaycanın təcrübəsi də əyani surətdə göstərir ki, Konstitusiya xalqın iradəsindən və milli dəyərlərdən güc alanda, hakimiyyət ilə xalq arasında uzlaşmanı təmin edəndə cəmiyyəti birləşdirən və dövlətin müstəqilliyini qoruyan böyük qüvvəyə çevrilir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O, milli birliyimizi möhkəmləndirir və cəmiyyətin sabit inkişafına kömək göstərir.
Müasir dövlətlər arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələr getdikcə daha intensiv və dinamik xarakter alır. Bu baxımdan dövlətlərin suveren bərabərliyi və müstəqilliyi, daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq prinsiplərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar parlamentlərarası əməkdaşlığın rolu da güclənir.
Sahibə Qafarova çıxışında deyib ki, bu gün parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilib. Parlament təmasları vasitəsi ilə qarşılıqlı anlaşma körpüləri qurulur, ən kəskin məsələlər hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında həll edilir. Biz hesab edirik ki, ənənəvi diplomatiyanı uğurla tamamlayan parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində daha böyük rol oynaya bilər.
Qeyd olunub ki, müasir dövrdə bəşəriyyət saxta informasiyanın yayılmasından və hibrid hücumlardan başlamış xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərə qədər müxtəlif yeni təhdidlərlə qarşılaşır. Bu təhdidlərə bizim cavabımız qəti və prinsipial olmalıdır. Biz qanunun aliliyi və Konstitusiyaya hörmət əsasında suverenliyimizi möhkəmləndirməliyik. Yalnız birgə səylərlə yeni çağırışlara və təhdidlərə qarşı mübarizə aparmaq, bütün dünyada sülhü və sabitliyi möhkəmləndirmək mümkündür. Digər tərəfdən, milli maraqların müdafiəsi, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi də Konstitusiya dəyərlərinə sadiqliyimizdən çox asılıdır.
Konstitusiya prinsipləri ölkələr arasında ahəngdar qarşılıqlı əlaqə üçün təməl rolunu oynayır, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə şərait yaradır. Azərbaycan dövləti və parlamenti ardıcıl olaraq məhz bu yanaşmanı həyata keçirir.
Çıxışına yekun vuran Milli Məclisin sədri inamını ifadə edib ki, bu konfrans sülh, ədalət və dövlətlərin rifahı naminə ətraflı fikir mübadiləsi aparmağa, xalqlarımız və parlamentlərimiz arasında qarşılıqlı anlaşmanı gücləndirməyə şərait yaradacaq. Biz əminik ki, konstruktiv dialoq və birgə səylər Konstitusiya dəyərlərini daha da möhkəmləndirmək yollarını tapmağa kömək göstərə bilər.
Sahibə Qafarova Azərbaycan parlamenti adından forum iştirakçılarına səmərəli iş və maraqlı diskussiyalar arzulayıb.
Sonra konfrans iştirakçıları müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması məsələlərinə dair fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə ilə təbriklərini çatdıraraq, ölkənin suverenliyinin möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin edilməsində Konstitusiyanın rolunu qeyd edib. Son 30 il ərzində Azərbaycanda milli iradə, siyasi uzaqgörənlik sayəsində hərtərəfli inkişafın müşahidə olunduğunu söyləyib. Bildirib ki, Azərbaycan təcrübəsi Konstitusiyanın cəmiyyət və dövlət arasında münasibətləri tənzimləyən, dövlətin konstitusion quruluşunu təsbit edən, ölkənin iqtisadi, siyasi, sosial, xüsusiyyətlərini özündə əks etdirən, habelə regional və beynəlxalq münasibətlərdə mövqeyini müəyyən edən bir sənəd olduğunun bariz nümunəsidir.
Saqr Qobaş Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində təqdirəlayiq nailiyyətlərin əldə edildiyini vurğulayıb. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinə inamını ifadə edib. Hər iki ölkənin qanunverici orqanlarının Konstitusiya dəyərlərinin və prinsiplərinin həyata keçirilməsində önəmli rolundan bəhs edib. Azərbaycan dövləti və xalqına davamlı tərəqqi və rifah arzulayıb.
Sonra Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani çıxış edərək, Azərbaycan üçün əlamətdar hadisə - ölkə Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, Konstitusiyanın dövlət və xalq arasında körpü rolunu oynadığını, cəmiyyətdə ədalətin təmin edilməsi, dövlətçiliyin əsaslarının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin, insanların hüquq və azadlıqlarının təsbit edildiyi ali sənəd olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın demokratik prinsiplərə əsaslanan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində müstəsna xidmətlərini xüsusi qeyd edib. Pakistan Senatının spikeri Prezident İlham Əliyevin Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək və ölkənin beynəlxalq mövqeyini möhkəmləndirmək sahəsində atdığı mühüm əhəmiyyətli addımları təqdir edib. 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsinin ölkə başçımızın bu dəyərlərə sadiqliyinin nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin ölkəmizdə qanunun aliliyinə əsaslanan ədalətli, müasir cəmiyyətin qurulması, multikulturalizm və tolerantlığın inkişafı, regionda sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Konfransda çıxış edən Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar təbriklərini çatdıraraq, Konstitusiyanın hər bir müstəqil dövlətin hüquqi, siyasi və sosial əsasını təşkil edən, dövlətin suverenliyini təsdiqləyən ali hüquqi sənəd olduğunu qeyd edib. Tacikistanla Azərbaycan arasında dərin tarixi köklərə, ortaq mədəni dəyərlərə, adət-ənənələrə əsaslanan dostluq əlaqələrinin olduğunu söyləyib. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, mütəmadi təmaslarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolunu qeyd edərək, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında sazişin imzalandığını və bunun ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində vacibliyindən danışıb.
Fayzali İdizoda Azərbaycan Konstitusiyasının ölkənin əsas siyasi-hüquqi sənədi kimi ən dəyərli və mütərəqqi ünsürləri özündə cəmləşdirdiyini, dövlət müstəqilliyini, suverenliyini və beynəlxalq nüfuzunu möhkəmləndirdiyini bildirib. Bu sənəddə dayanıqlı inkişaf, milli birlik və daxili sabitlik üçün möhkəm təməllərin təsbit edildiyini və bunun ölkənin yeni tarixi şəraitdə davamlı tərəqqisini təmin etdiyini deyib.
Tədbirdə Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean çıxış edərək, Rumıniyanın Azərbaycanla əlaqələrinə önəm verdiyini bildirib. Azərbaycan Konstitusiyasının 30 illiyinin qeyd edilməsini ölkə həyatında mühüm hadisə kimi dəyərləndirib. Konstitusiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkənin siyasi sisteminin əsaslarının təmin edilməsi, ərazi bütövlüyünün, suverenliyin qorunması, qanunun aliliyi, insan hüquq və azadlıqlarına əməl edilməsi baxımından önəmli olduğunu söyləyib. Konstitusiyanın 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Parlament Konfransının keçirilməsinin qanunverici orqanlar arasında əməkdaşlığın əyani sübutu olduğunu deyib. Azərbaycan Konstitusiyasının ölkəmizin və xalqımızın gələcək inkişafı üçün möhkəm təməl rolunu oynadığını vurğulayıb.
Konfransda Belarus Milli Assambleyası Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç, Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani, Serbiya Milli Assambleyasının sədr müavini Covan Canciç, Kamboca Milli Assambleyası sədrinin ikinci müavini Sot Vonq, Türkiyə Böyük Millət Məclisinin üzvləri Hasan Turan və Şamil Ayrım, Özbəkistan Ali Məclis Senatının komitə sədri Əbdulhakim Eşmuratov, Rusiya Federal Məclis Federasiya Şurasının deputatı Natalya Kuvşinova, Pakistan Milli Assambleyanın deputatı Sofiya Said Şah, Qazaxıstan Parlament Məclisinin üzvü Aydos Sarım, İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili, Malayziya Senatının üzvü Mohd Hatta Bin Ramli və Cənubi Afrika Milli Assambleyasının üzvü Verner Horn çıxış edərək Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə səmimi təbriklərini, dəvətə və yüksək təşkilatçılığa görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu konfrans konstitusiya irsinin təntənəsinin bariz nümunəsi olmaqla yanaşı, qanunverici orqanlar arasında faydalı fikir mübadiləsi və əməkdaşlıq üçün səmərəli platforma yaradır.
Çıxışçılar öz ölkələri ilə Azərbaycanın konstitusiya tarixləri arasında paralellər aparıblar, müstəqillik və suverenlik uğrunda mübarizədə oxşar tarixi təcrübələrə diqqət çəkiblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqın arzularının və milli iradəsinin ifadəsi kimi formalaşmış, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji məqsədlərin hüquqi əsasını yaratmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin möhkəm zəminini təşkil etmişdir.
Konfrans iştirakçıları Azərbaycanın bu gün Qarabağ Zəfəri ilə taclanan yeni bir tarixi dövr yaşadığını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan bu gün yalnız ərazi bütövlüyünün deyil, həm də konstitusional quruluşunun və suverenliyinin təntənəsini yaşayır.
Sonra konfransda Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Əlcarvan, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev və Türk Dövlətləri Parlament Assambleyasının baş katibinin müavini Muhammet Alper Hayali çıxış ediblər.
Onlar bildiriblər ki, konstitusiya prinsiplərinin möhkəmləndirilməsi təkcə bir dövlətin tarixini və irsini qorumaq deyil, həm də uzunmüddətli dayanıqlı gələcəyin təminatıdır. Yalnız qarşılıqlı hörmət və suverenliyə riayət prinsipləri əsasında xalqlar arasında bərabərlik, dostluq və qarşılıqlı fayda üzərində qurulan əməkdaşlıq sülh və tərəqqinin əsasını təşkil edir.
Konfransda çıxış edənlər Azərbaycanın sülhə, tərəqqiyə və əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirərək, Azərbaycan Milli Məclisi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Onlar Azərbaycanın daha böyük uğurlar qazanacağına əminliklərini bildiriblər və parlamentlərarası əməkdaşlığın sülhə və bəşəriyyətin rifahına xidmət edəcəyinə inandıqlarını vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2025