Mobil versiya
Qarşılıqlı maraqlara, regional sabitliyə əsaslanan tərəfdaşlıq
Tarix: 08-10-2025 | Saat: 15:11
Bölmə:Siyasət | çapa göndər

Qarşılıqlı maraqlara, regional sabitliyə əsaslanan tərəfdaşlıq

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü Qəbələdə keçirildi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması ilə yadda qaldı. Toplantı “sülh və təhlükəsizlik” mövzusu ətrafında aparılan məhsuldar müzakirələrlə seçildi. Zirvə zamanı təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı tərəfdaşlığın aktual məsələləri və gələcək perspektivləri geniş şəkildə müzakirə edildi. Azərbaycan yüksək səviyyədə ev sahibliyi edərək bir daha təşkilatın gələcək fəaliyyət istiqamətlərinə dair prinsipial mövqeyini ortaya qoydu. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, türk dövlətlərinin vahid güc mərkəzi kimi birləşməsi indiki şəraitdə xüsusi önəm daşıyır. Onun sözlərinə görə, “Dünyada mövcud geosiyasi və təhlükəsizlik problemləri fonunda, ötən il Şuşada qəbul edilən Qarabağ Bəyannaməsi və Qəbələ Zirvəsinin ‘Regional sülh və təhlükəsizlik’ mövzusuna uyğun olaraq, türk dövlətlərinin birləşmiş güc mərkəzinə çevrilməsi zəruridir.”
Azərbaycan, türk dünyasının ayrılmaz bir parçası kimi, TDT-ni təkcə əməkdaşlıq platforması deyil, həm də regional geosiyasi mərkəz kimi görür və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsini vacib sayır.
Təşkilata üzv dövlətlər əlverişli geostrateji mövqeyə, artan demoqrafik potensiala, geniş nəqliyyat-logistika imkanlarına və təbii resurslara malikdirlər. Bu amillərin düzgün dəyərləndirilməsi qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan yaradır.
Cənab Prezident İlham Əliyevin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı irəli sürdüyü təkliflər də diqqətəlayiqdir. Uzun illər işğaldan əziyyət çəkmiş və ədaləti öz gücü ilə bərpa etmiş bir dövlətin lideri kimi o, hərbi qüdrətin hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas dayağı olduğunu vurğuladı. Bu baxımdan, birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində əməkdaşlığın inkişafı, həmçinin beynəlxalq əhəmiyyətə malik Orta Dəhlizin təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Prezident, həmçinin Zəngəzur dəhlizinin strateji önəmini qeyd etdi. TDT üzv ölkələrinin fikrincə, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal–Cənub marşrutları çərçivəsində yeni nəqliyyat arteriyası kimi çıxış edərək regional əlaqələrin genişlənməsinə töhfə verir.
Mövcud geosiyasi şəraitdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da möhkəmlənir. Qəbələdə aparılan müzakirələrdə “Türk Dövlətləri Təşkilatı+” formatının yaradılması təşəbbüsü dəstəkləndi ki, bu da təşkilata artan beynəlxalq marağın göstəricisidir.
Zirvə görüşündə dövlət başçılarının səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, türk dövlətlərinin birliyi bu gün artıq tarixi zərurətə çevrilib və ölkələr bu istiqamətdə daha sıx əməkdaşlığa sadiqdirlər.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2025