Mobil versiya
Fərhad Qocamanov: Ana dilimiz milliliyimizin əsasıdır
Tarix: 31-07-2025 | Saat: 11:51
Bölmə:Siyasət | çapa göndər

Fərhad Qocamanov: Ana dilimiz milliliyimizin əsasıdır

Analarımızın beşiyimiz başında bizlərə layla dedikləri Azərbaycan dili bizim milli sərvətimiz, keçmişimizi və gələcəyimizi bu günümüzlə əlaqələndirən, bütün dünyadakı azərbaycanlıları bir vətən, bir dövlət ətrafında birləşdirən ali, müqəddəs varlığımızdır.

Ana dilindən söhbət düşəndə ilk olaraq şair Bəxtiyar Vahabzadənıin “Ana dili” şerindəki bir bənd yadıma düşür:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.


Doğrudan da milli-mənəvi sərvətlərimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin zirvəsində dil gəlir. Bu mənada Ümummilli Liderimiz Heydər Əliyevin siyasətində ana dili həmişə başlıca yer tutmuşdur. Azərbaycan dilinin dövlət dili statusu qazanması və onun inkişafı üçün yaradılan bütün imkanlar məhz bu Böyük Şəxsiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan Ümummilli Lider Heydər Əliyev demişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bundan əlavə, cənab İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”

Bəli, milliyimiz əsası olan Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs və şərəfli borcudur.

Fərhad Qocamanov
YAP Qazax rayon təşkilatının partiya veteranı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2025