Mobil versiya
Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji xəritəsində yüksəlişidir - DEPUTAT
Tarix: 03-06-2025 | Saat: 19:24
Bölmə:Gündəm | çapa göndər

Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji xəritəsində yüksəlişidir

İyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Energetika və Yaşıl Enerji Sərgisi və 30-cu Baku Energy Forum Prezident İlham Əliyevin geniş və strateji baxışlı çıxışı ilə yadda qaldı. Ölkə başçısının çıxışı yalnız Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunun xronikasını təqdim etmədi, eyni zamanda ölkənin regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin analitik mənzərəsini ortaya qoydu.
Azərbaycan enerji diplomatiyasına 1994-cü ildə Prezident Heydər Əliyevin siyasi iradəsi ilə imzalanan və sonralar “Əsrin müqaviləsi” adlandırılan sazişlə başladı. Bu müqavilə təkcə neft hasilatını və ixracını nəzərdə tutmurdu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini formalaşdırdı. O dövrdə siyasi qeyri-sabitlik, iqtisadi çöküş, yüksək inflyasiya və işğal altında olan torpaqlar kimi reallıqlar fonunda belə bir addım uzaqgörənlik idi. Məhz bu əsas üzərində sonradan enerji siyasətinin konturları cızıldı.
Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan təkcə xam enerji resurslarının ixracçısı deyil, eyni zamanda enerji tranzitinin mərkəzi, infrastruktur yaradıcısı və yaşıl enerjiyə keçid prosesinin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın təşəbbüsü ilə inşa edilən Cənub Qaz Dəhlizi regionun enerji təhlükəsizliyinə strateji töhfədir və bu gün İtaliyanın sahilinə qədər uzanan 3500 km-lik enerji xətti ölkəmizin geosiyasi əhəmiyyətini artırır.
Ölkə rəhbəri çıxışında bir daha bəyan etdi ki, Azərbaycan enerji resurslarının istehsalı və ixracı ilə yanaşı, bu sahədə tarazlı siyasət yürüdür: istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar balansı əsas prinsipdir. Bu yanaşma Azərbaycanın “məsuliyyətli enerji aktoru” kimi reputasiyasını möhkəmləndirir.
Azərbaycan boru kəmərləri vasitəsilə müxtəlif coğrafiyalara enerji çatdırmaq imkanına sahib olan nadir ölkələrdəndir.
Təbii qaz ixracı artıq 12 ölkəyə çatıb, bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir. 2024-cü ildə təbii qaz ixracı 25 milyard kubmetr təşkil edib və bu göstəricinin 2030-cu ilə qədər 33 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Neft və qazla zəngin olan Azərbaycan bu gün eyni zamanda yaşıl enerji sektoruna böyük həcmdə sərmayə yatırır. Artıq 2030-cu ilə qədər 6,5 giqavat gücündə bərpaolunan enerji istehsalı planlaşdırılıb. Bu isə ölkənin enerji istehsalının təqribən 35 faizini təşkil edəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu yanaşma Azərbaycanın məsuliyyətli enerji siyasətinə və iqlim dəyişikliyi ilə mübarizədə fəal roluna sübutdur.
COP29-un Bakıda keçirilməsini də xüsusi vurğyluyan ölkə başçısı bunun Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olduğunu qeyd etdi. Bu tədbirdə əldə olunan nəticələr – “Bakı sıçrayışı” adı ilə yadda qalan irəliləyişlər – Azərbaycanın yalnız enerji ixracçısı deyil, həm də iqlim diplomatiyasının təşəbbüskar lideri olduğunu sübut etdi. “İtki və Zərər Fondu”nun təsis olunması, yardım məbləğinin 100 milyard dollardan 300 milyarda qədər artırılması və karbon bazarının aktivləşdirilməsi Azərbaycanın sədrliyi ilə mümkün oldu.
Eyni zamanda, Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında etimad körpüsü qurmaqla bəşəri məsuliyyət nümayiş etdirdi. Kiçik ada dövlətlərinə yardım mexanizmlərinin yaradılması Azərbaycanın prinsipial və humanist mövqeyini bir daha göstərdi.
Azərbaycanın enerji strategiyası yalnız iqtisadi uğur deyil, eyni zamanda geosiyasi iradə, milli maraqların təminatı və beynəlxalq əməkdaşlığın nümunəsidir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki əhatəli, dərin məzmunlu çıxışı bu xəttin davamlı, məqsədyönlü və çevik olduğunu bir daha təsdiqlədi

Məşhur Məmmədov,
Millət vəkili




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025