Mobil versiya
Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı bütün Azərbaycan uşaqlarını əhatə edir
Tarix: 02-06-2025 | Saat: 09:20
Bölmə:Özəl | çapa göndər

Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı bütün Azərbaycan uşaqlarını əhatə edir

Uşaqların hüquqlarını təmin edən ilk Bəyannamə 1924-cü ildə qəbul edilmişdir. Birinci Dünya müharibəsinin şahidi olan, gördüklərindən dəhşətə gələrək körpələrin müdafiəyə ehtiyacı olduğunu anlayan, Avstriya, Macarıstan və Almaniyadakı qıtlığın təsirlərini aradan qaldırmaq üçün Uşaqları Xilas Təşkilatını quran ingilis islahatçı sosioloq Eglantyene Jebb Uşaq Hüquqları Bəyannaməsinə çevrilən sənəd hazırlayır. Onun təşəbbüsü və iştirakı ilə qəbul olunan sənəddə deyilirdi ki, bəşəriyyət uşaqları ən yaxşı nemətlərlə təmin etməyə məcburdur.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildən BMT Baş Assambleyasının qərarı əsasında qeyd olunur. Həmin gün keçirilən Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb və həmin tədbirdə 1 iyun tarixinin dilindən, dinindən, rəngindən , irqindən asılı olmayaraq bütün uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.
Dünyanın əksər ölkələrində olduğu kimi, həmin gün Azərbaycanda da təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2009-cu ilin «Uşaq İli» elan olunması ölkəmizdə körpələrə diqqət və qayğının ifadəsi idi. Həmin gün ölkə miqyasında maraqlı tədbirlər keçirilir, aksiyalar, şənliklər təşkil olunur. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasında da məqsəd dövlət siyasətinin prioritetlərindən olan ana və uşaqların hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, istirahətlərinin səmərəli təşkili, gələcəyimiz üçün yüksək intellektə malik nəsil yetişdirməkdir. Respublikamızda təhsilin inkişafında, uşaq bağçalarının, səhiyyə ocaqlarının sayının artırılmasında ,valideyn himayəsindən məhrum uşaqlara dövlət qayğısının artırılmasında da məqsəd sağlam nəsil formalaşdırmaqdır.
Ölkənin kiçik vətəndaşlarının fiziki sağlamlığını, təhsilini, istirahətini fəaliyyətinin əsas istiqamətləri kimi diqqətdə saxlayan, maraqlı layihələri ilə uşaqlara bir dünya sevinc bəxş edən Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirlər daha maraqlı və əhatəli olur. Əlamətdar günlərdə, bayramlarda keçirilən şənliklərdə şəhid və aztəminatlı ailələrin uşaqlarına göstərilən qayğı sevinclə qarşılanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əksəriyyəti ana və uşaqların sağlamlıqlarının qorunmasına, təhsilin inkişafına həsr olunur.
Heydər Əliyev Fondunun «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqram və layihələrinə uyğun həyata keçirilən yenidənqurma və bərpa işləri ilə maraqlanan, gənc nəslin fiziki və əqli inkişafına diqqətlə yanaşan Mehrban xanım fiziki cəhətdən qüsurlu, zəif inkişaf etmiş uşaqlar üçün nəzərdə tutulan layihələrə xüsusi əhəmiyyət verir. Uşaq evləri və internatların yenidənqurulması təşəbbüsünü irəli sürən Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində xeyli təlim-tərbiyə müəssisəsi ən müasir avadanlıqlarla təmin olunur, valideyn himayəsindən məhrum körpələrin fiziki cəhətdən sağlam, hazırlıqlı vətəndaş, zəngin biliyə malik insanlar kimi yetişməsi istiqamətində önəmli tədbirlər həyata keçirilir. «Talassemiyasız həyat naminə», «Diabetli uşaqlara ən yüksək qayğı», «Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması» kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır.
«Hər bir uşağın ailəyə ehtiyacı var» kampaniyasını başlatmaqla uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli- mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşəbbüslərinin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar tərbiyə etmək. Respublikamızdakı bütün uşaq poliklinikalarında və xəstəxanalarında körpələrə ən müasir standartlara cavab verəcək səviyyədə tibbi xidmət göstərilir, səhiyyə müəssisələri ən son texnologiyalarla, avadanlıqlarla, tibbi cihaz və aparatlarla təmin olunurlar.
Çox təəssüf ki, planetimizdə hələ də uşaqlıq illərini mənalı keçirmək istəyindən məhrum olan, aclıqdan, xəstəlikdən, terrordan əziyyət çəkən, oyuncaqları giliz olan uşaqlar da vardır. Münaqişə ocaqlarında yaşayanların uşaqları da valideynləri kimi müharibə qorxusu ilə üz-üzə dayanır, barıt qoxusu ilə nəfəs alırlar. Belə ağrı –acılı günləri Azərbaycan xalqı da 30 il yaşamışdır. 1992-ci ilin fevralın 26-da Ermənistanın faşist cəlladlarının Xocalıda törətdikləri soyqırımda qətlə yetirilənlərin 63 nəfəri uşaq idi. Həmin qətliamda 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmisdir. Xalqımıza Ermənistan üzərində tarixi Zəfər qazandıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülhsevər siyasətinin əsasında bir amil dayanır ki, müharibə olmasın, insanlar qətlə yetirilməsinlər, körpələr valideynsiz, ata-analar övladsız qalmasınlar.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025