Mobil versiya
Əziz Ələkbərli: “Zirvə görüşü sarsılmaz dostluq və qardaşlığın bariz nümunəsidir”
Tarix: 29-05-2025 | Saat: 10:33
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “Zirvə görüşü sarsılmaz dostluq və qardaşlığın bariz nümunəsidir”

Mayın 28-də Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü təkcə siyasi və iqtisadi əməkdaşlığın deyil, eyni zamanda sarsılmaz dostluğun və qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan, Türkiyə və Pakistan liderlərini bir araya gətirən də məhz budur. Azərbaycanın müstəqilliyi günündə hər üç qardaş ölkə rəhbərinin birgə görüşü çox mətləblərdən, gələcəyə hesablanmış qarşılıqlı münasibətlərdən xəbər verir.
Ölkələrimizin, xalqlarımızın tarixi əlaqələrinin kökündə dayanan mənəvi, iqtisadi, siyasi yaxınlıq, doğmalıq daim ölkələrimizin siyasətində başlıca prinsip olmuşdur. Azərbaycan xalqı bunu 44 günlük Vətən müharibəsində gördü və heç vaxt unutmayacağı duyğuları yaşadı. Daim yanımızda olan, bizə siyasi və mənəvi dəstək verən Türkiyə və Pakistan dövlətləri və xalqları nümunəvi əməkdaşlıq modeli sərgilədilər.


Zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər tarixi reallığın sözlə ifadəsidir. Ölkəmizin başçısı bu münasibətləri yüksək qiymətləndiriərək demişdir: “Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.”

Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Müsahibimiz qeyd etmişdir ki, “dünya düzəninin sürətlə dəyişdiyi, qlobal toqquşmaların baş alıb getdiyi müasir dövrdə bu cür əməkdaşlıq, dostluq nümunəsi sərgiləyən nəinki üç ölkə, iki ölkə belə görmək çox çətin məsələdir. Belə bir şəraitdə hər üç ölkənin göstərdiyi nümunədə xalqların və dövlət başçılarının siyasi iradəsi alqışlanmalıdır.
Ölkəmizin başçısı cənab İlham Əliyevin əməkdaşlıq prinsipləri hamıya bəllidir. Bizə dost olan, dəstək verən elə bir ölkə yoxdur ki, o ölkə ilə əməkdaşlıq edilməsin. Lakin bu əməkdaşlıq da bərabərliyə, milli maraqlara söykənməlidir.
Türkiyə və Pakistanla münasibətlərin isə xüsusi yeri var. Həm iqtisadi, həm siyasi, hərbi, mədəni, bir sözlə, həyatın bütün sahələri üzrə əməkdaşlıq münasibətləri daim inkişaf edir, genişlənir.”
Əziz Ələkbərli qeyd edib ki, “cənab Prezidentin Türkiyə və Pakistan iqtisadiyyatına qoyulan sərmayələr haqqında səsləndirdiyi rəqəmlər çox şey deyir. Türkiyə iqtisadiyyatına yatırılan 20 milyard, Pakistan iqtisadiyyatı üçün nəzərdə tutulan 2 milyardlıq sərmayə konkret layihələrin reallaşmasından xəbər verir.
Türkiyə ilə əməkdaşlığın üfüqləri isə günü-gündən genişlənir, xalqlarımızın rifahı naminə, dostluq və qardaşlığımızın inkişafı naminə atılan addımlar rəğbətlə qarşılanır. Ölkəmizin başçısı Zirvə görüşündəki çıxışında bunu belə ifadə etmişdir: “Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.”
Millət vəkili sonda qeyd etmişdir ki, “ölkə başçısının əminliklə söylədiyi fikirlər bu gün hər üç dövlətin yol xəritəsidir. Zaman keçəcək, həyat bu görüşlərin, bu bəyanatların nəticəsini göstərəcək, tarix əbədiləşdirəcək. İstər çətin günlərimizdə, istərsə də bizim üçün əziz olan müstəqillik günümüzdə yanımızda olan qardaş Türkiyə və Pakistanla strateji əməkdaşlığımız daha da inkişaf edəcək, dostluğumuz sarsılmaz qala kimi xalqlarımızın və dövlətlərimizin inkişafına töhfə verəcəkdir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025