Mobil versiya
Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindəndir.
Tarix: 27-05-2025 | Saat: 16:43
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindəndir.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü yeni siyasi-iqtisadi çağırışlar fonunda mühüm hadisə kimi dəyərləndirilə bilər.

Zirvə görüşü türk dövlətlərinin dünya miqyasında yeni iqtisadi-siyasi münasibətlər sistemi formalaşdırdığını, Avropa və Asiya coğrafiyasında güclü platformaya çevrildiyini təsdiqləmiş oldu.

2025-ci ilin may ayında Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Bu önəmli tədbir türkdilli ölkələrin birliyi, əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biri kimi tarixə düşdü. Görüşün yekununda qəbul olunan Bəyannamə isə türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyini təsdiqlədi.

Zirvə görüşü TDT üzv dövlətləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statusunda olan Türkmənistan və Macarıstan rəhbərlərinin iştirakı ilə keçirildi. Görüşün əsas məqsədi türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığı daha da inkişaf etdirmək, regional sabitliyi və təhlükəsizliyi təmin etmək, o cümlədən ortaq tarix, dil və mədəniyyət əsasında yeni təşəbbüsləri müzakirə etmək idi.

Zirvə görüşündə Azərbaycanın aktiv rolu bir daha ön plana çıxdı. Prezident İlham Əliyevin çıxışında Türk dünyasının geosiyasi əhəmiyyətinin artdığı vurğulandı. Azərbaycan regionda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji layihələrinin icrası və mədəni inteqrasiyanın gücləndirilməsi sahəsində öz töhfəsini verməyə hazır olduğunu bəyan etdi.

Ümumiyyətlə, nəzər yetirsək görərik ki, Azərbaycanın coğrafi mövqeyi regionda tranzit ölkə kimi onun rolunu artırır. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınması bu dəhliz sayəsində daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi türk dövlətləri arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm addımlardan biridir. Bu layihə Azərbaycanın, eləcə də Türkiyə və Gürcüstanın regiondakı nəqliyyat infrastrukturuna verdiyi töhfənin bariz nümunəsidir. BTQ həm də türk dövlətləri arasında iqtisadi əməkdaşlığı dərinləşdirir, yük və sərnişin daşımalarının artmasına imkan yaradır.

Nəticə etibarilə, Azərbaycan və türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın güclənməsi yalnız bu ölkələrin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi sabitliyinə və inkişafına xidmət edir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq gələcəkdə türk dünyasının daha sıx inteqrasiyasına zəmin yaradır.

TDT-nin son Zirvə görüşü göstərdi ki, türkdilli ölkələr təkcə ortaq tarixə deyil, eyni zamanda ortaq gələcəyə də sahib olmaq istəyirlər. İmzalanan Bəyannamə bu istəyi rəsmi şəkildə sənədləşdirdi. Türk birliyi artıq yalnız mədəni-mənəvi platforma deyil, həm də güclü siyasi və iqtisadi təşkilat kimi formalaşmaqdadır.


Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025